Daha.az Siena Universiteti Beynəlxalq əlaqələr fakültəsinin magistratura tələbəsi Əzizə Kazımovanın “İki İtaliya, iki baxış: Ciovanni Sartori və Sesil Kyenqe” essesini təqdim edir.
- Giriş
Uzun illər ərzində əsasən mühacirət ölkəsi kimi tanınan İtaliya XX əsrin sonlarından etibarən tədricən immiqrasiya cəmiyyətinə çevrildi. Bu demoqrafik transformasiya ölkədə milli kimlik, vətəndaşlıq və mədəni inteqrasiya məsələlərini yenidən gündəmə gətirdi. Xüsusilə, multikulturalizm anlayışı geniş ictimai debatların mərkəzinə çevrilərək sual doğurur: müxtəliflik İtaliya üçün parçalanma təhlükəsidir, yoxsa demokratik institutların daha da möhkəmlənməsi üçün bir fürsət?
Bu mübahisələrin mərkəzində iki simvolik fiqur dayanır: Ciovanni Sartori və Sesil Kyenqe. Siyasi elmin klassik fiqurlarından olan Sartori multikulturalizmi liberal demokratiya üçün potensial təhlükə kimi dəyərləndirmiş, mədəni relativizmin və vətəndaş birliyinin zəifləməsinin risklərini vurğulamışdır. Onun mövqeyi assimilasiya və ya güclü inteqrasiya tələbini ön plana çəkir. Bunun əksinə, İtaliyanın ilk qaradərili naziri və insan haqları müdafiəçisi olan Kyenqe şəxsi təcrübələrinə və siyasi fəaliyyətinə əsaslanaraq ius soli prinsipinə və inkluziv vətəndaşlıq modelinə dəstək vermişdir. Onun yanaşması İtaliyanın çoxmədəniyyətli gələcəyinə dair daha ümidli və açıq baxış təklif edir.
Bu esse İtaliyada multikulturalizmin inkişafını məhz bu iki yanaşmanın müqayisəsi fonunda təhlil edir. Sartori və Kyenqe əslində “iki İtaliya”nı təmsil edirlər: biri müxtəlifliyə qarşı şübhə və ehtiyatla yanaşan, digəri isə onu demokratik inkluzivliyin vacib dayağı kimi qəbul edən İtaliya. Onların baxışlarının toqquşması yalnız ölkədaxili siyasi və sosial gərginlikləri deyil, həm də Avropada milli mənsubiyyət, inteqrasiya və qloballaşmanın çağırışları ilə bağlı geniş müzakirələri əks etdirir.
- İtaliyada multikulturalizm konteksti
Tarixən mühacirlər ölkəsi kimi tanınan İtaliya, son onilliklərdə əsas immiqrasiya məkanına çevrilərək mədəni və sosial mövqeyini dəyişmişdir. XIX əsrin sonu və XX əsrin əvvəllərində milyonlarla italyan daha yaxşı iqtisadi imkanlar və sabit həyat axtarışı ilə Şimali və Cənubi Amerika, Avstraliya, eləcə də digər Avropa ölkələrinə köç etmişdir. Lakin 1970-ci illərdən etibarən qlobal iqtisadi dəyişikliklər, Avropa İttifaqının genişlənməsi və Aralıq dənizi regionundakı geosiyasi proseslər nəticəsində İtaliya mühüm miqrasiya qəbul edən ölkəyə çevrilmişdir.[1] Xüsusilə, Şimali Afrika, Yaxın Şərq və Şərqi Avropa ölkələrindən gələn miqrant axını, ölkənin sosial strukturlarını, əmək bazarını və mədəni dinamizmini dərin şəkildə dəyişdirmişdir. Hüquqi çərçivədə isə vətəndaşlıq məsələləri ətrafında iki əsas prinsip mübahisə mövzusu olmuşdur: ius sanquini (“qan hüququ”) – vətəndaşlığın valideynlərin milli mənsubiyyətinə görə verilməsi; və ius soli (“torpaq hüququ”) – vətəndaşlığın doğulduğun ölkəyə görə verilməsi.[2] İtaliya ənənəvi olaraq ius sanquini modelinə sadiq qalmışdır ki, bu da ikinci nəsil miqrantların, hətta burada doğulub böyüyənlərin belə, vətəndaşlıq alma prosesini çətinləşdirir, çünki yeni nəsil immiqrantların hüquqi statusu, inteqrasiya prosesi və milli kimlik məsələləri burada formalaşır. Son onilliklərdə artan immiqrasiya İtaliyada həm sosial həm də siyasi səviyyədə ciddi debatlara səbəb olmuşdur. Bir tərəfdən, immiqrantlar iqtisadiyyatın müəyyən sektorlarında işçi qüvvəsinin çatışmazlığını aradan qaldırır, mədəni zənginlik gətirir və demoqrafik yaşlanma problemini qismən yumşaldır. Digər tərəfdən, işsizlik, cinayət hallarına dair ictimai narahatlıqlar, radikal sağçı populist partiyaların yüksəlişi və milli kimlik qorxuları immiqrasiya məsələsini mübahisəli mövzuya çevirir. Xüsusilə, 2015-ci il Avropa miqrasiya böhranından sonra bu gərginliklər daha da güclənmiş, media diskursu və siyasi ritorikada immiqrantlar tez-tez “problem” və ya “təhlükə” kimi təqdim edilmişdir. Nəticədə, İtaliya cəmiyyətində multikulturalizmə münasibət ikili xarakter daşıyır — həm potensial imkan, həm də sosial parçalanma riski kimi görülür.
- Ciovanni Sartori: Multikulturalizmə Qarşı Teorik Yanaşma
Ciovanni Sartori (1924–2017) İtaliyanın ən nüfuzlu siyasi nəzəriyyəçilərindən biri olaraq, siyasi institutlar, demokratik sistemlər və müqayisəli siyasət sahəsində dünya miqyasında tanınır. Onun “Pluralismo, multiculturalismo e stranieri” (“Pluralizm, Multikulturalizm və Əcnəbilər”) (2000) əsəri, xüsusilə, immiqrasiya və mədəni müxtəliflik kontekstində Avropa ictimai-siyasi debatına ciddi təsir göstərmişdir. Sartori əsərində pluralizm və multikulturalizm anlayışlarını kəskin şəkildə fərqləndirir: “Pluralizm fərqliliklərin ortaq qaydalar daxilində yanaşı mövcudluğudur; multikulturalizm isə fərqliliklərin bir-birinə toxunmadan, hər birinin öz izolyasiyasında yaşamasıdır.”[3] Sartori bu fərqi vurğulayaraq qeyd edir ki, birinci model, yəni siyasi və ideoloji müxtəlifliyin demokratik çərçivədə təşviqi, cəmiyyət üçün zənginləşdirici ola bilər, lakin ikinci model, mədəni icmaların tam təcrid şəraitində mövcudluğu, milli birliyi və liberal prinsipləri təhdid edə bilər. Sartoriyə görə, immiqrantların uğurlu inteqrasiyası prosesi yalnız qəbul edən ölkənin hüquqi-siyasi çərçivəsinin qəbul edilməsi ilə mümkündür. O, “paralel cəmiyyətlər”in formalaşmasına qarşı çıxaraq, Avropa təcrübəsindən nümunələr gətirir: bəzi icmaların dövlətin qanunlarını nominal şəkildə qəbul etməsinə baxmayaraq, öz mədəniyyətlərini qapalı mühitdə yaşatmaları nəticəsində sosial gettolaşma yaranır. Sartori yazır: “Əgər biz paralel cəmiyyətlərə yol versək, nəticə olaraq vahid vətəndaşlıq kimliyini yox, bir-birinə yad dünyalar alacağıq.”[4] Bu baxış, xüsusilə, 1990-cı illərdən sonra İtaliyada Şimali Afrika, Yaxın Şərq və Cənubi Asiyadan gələn miqrantların artması fonunda daha da aktuallaşmışdır. Sartori mədəni relativizm anlayışını da ciddi tənqid edir. Onun fikrincə, “bütün mədəniyyətlərin bərabər dəyərə malik olması” ideyası liberal demokratiyanın özünəməxsus dəyərlərini zəiflədə bilər. O, xüsusilə, qadın hüquqları, qanunun aliliyi, ifadə azadlığı və dövlətin dünyəvi xarakteri kimi prinsiplərin universal xarakter daşıdığını müdafiə edir. Sartorinin “konstitusional vətənpərvərlik” modeli, fərdlərin öz etnik və mədəni kimliklərini qorumaq hüququnu tanıyır, lakin onların dövlətin fundamental hüquqi-siyasi prinsiplərinə sadiq qalmasını tələb edir. Bu yanaşma Habermasın liberal-demokratik dəyərlərə əsaslanan vətəndaşlıq konsepsiyasına yaxın olsa da, Sartori daha sərt inteqrasiya şərtləri irəli sürür. O xəbərdarlıq edir ki, multikulturalizmin sərhədsiz olması dövlətin sosial və siyasi əsasını zəiflədə bilər. Onun fikrincə: “Müxtəliflik ortaq dəyərlərlə məhdudlaşdırılmadıqda, zənginlik deyil, əksinə, parçalanmaya yol açır.” O, hətta bəzi hallarda multikulturalizmi “multi-etnik separatizm”lə müqayisə edərək qeyd edir ki, dövlətlər müxtəlifliyi yalnız liberal vətəndaş prinsipləri çərçivəsində idarə etdikdə demokratik sabitlik qoruna bilər. Əks halda, milli identiklik dağılma riski ilə üz-üzə qalır.[5]
- Sesil Kyenqe: Təcrübə Əsasında İnkluzivlik Müdafiəsi
Sesil Kyenqe İtaliyada daha açıq və inkluziv vətəndaşlıq anlayışını müdafiə edən ən tanınmış siyasi simalardan biridir. Ciovanni Sartorinin sərt inteqrasiya modelindən fərqli olaraq, onun daha açıq və inkluziv vətəndaşlıq anlayışını müdafiə edən yanaşması şəxsi təcrübəsinə, miqrant köklərinə və çoxmədəniyyətli bir həyat hekayəsinə söykənir. Sesil Kyenqe 1964-cü ildə Konqo Demokratik Respublikasında anadan olmuş, 1983-cü ildə İtaliyaya köçərək tibb təhsili almışdır. Oftalmoloq kimi fəaliyyət göstərdikdən sonra yerli siyasətdə fəal iştirak etmiş və Demokrat Partiyası üzvü olaraq 2013-cü ildə Enriko Letta hökumətində İnteqrasiya naziri təyin edilmişdir. Bu vəzifəyə gətirilən ilk Afrika mənşəli şəxs kimi, Kyenqe İtaliyanın multikultural simvoluna çevrilmişdir.
Onun həyat hekayəsi, yəni xaricdən gələn bir tələbədən dövlət naziri səviyyəsinə qədər yüksəlməsi Kyenqenin siyasi arqumentlərinin mərkəzində dayanır: “Mən İtaliyanın bir parçasıyam və bu ölkə yalnız fərqlilikləri qəbul etməklə güclənə bilər.”[6] O, ius soli prinsipinin əsas tərəfdarlarından biridir. Onun təklifi, İtaliyada doğulan xarici valideynlərin övladlarına avtomatik olaraq vətəndaşlıq verilməsi ilə bağlı idi. O hesab edir ki, bu, həm gənclərin sosial inteqrasiyasını gücləndirəcək, həm də uzunmüddətli sosial gərginlikləri azaldacaq: “Əgər burada doğulub böyüyən uşaqlara ‘sən buranın bir hissəsi deyilsən’ deyiriksə, onları cəmiyyətin kənarına itələyirik.”[7] O, vətəndaşlığı yalnız qan bağları ilə məhdudlaşdırmağın müasir İtaliya reallığı ilə ziddiyyət təşkil etdiyini vurğulayır və vətəndaşlıq anlayışını ortaq hüquq və vəzifələrin paylaşılması kimi təqdim edir. Lakin, nazir olduğu müddətdə Kyenqe geniş ictimai müzakirələrin mərkəzinə çevrildi. Onun ius soli islahatı xüsusilə, sağçı siyasi qüvvələr tərəfindən parlamentdə ciddi müqavimətlə qarşılandı. Bütün bunlara baxmayaraq, Kyenqe Avropa Parlamentinə üzv seçildi (2014–2019) və miqrasiya, insan hüquqları və inkişaf əməkdaşlığı sahələrində fəallığını davam etdirdi. Onun Avropa səviyyəsindəki fəaliyyəti İtaliyanın daxili debatını da beynəlxalq diqqətə gətirdi. Kyenqe-nin “Ho sognato una strada: I diritti di tutti” (“Mən bir yol xəyal etdim: Hər kəsin hüquqları”) (2014) kitabı, onun multikulturalizm, inteqrasiya və insan hüquqları sahəsindəki fikirlərini akademik deyil, daha çox hekayələr vasitəsilə ictimaiyyətə çatdırır. Kitabda o vurğulayır ki: “Haqq ədalət kimi paylanmalı olan resursdur … hüquqlar, daha geniş formada yayıldıqca, hər kəs onlardan faydalanır”. O, “asimilyasiya differensiaları silmək deyil, paylaşmaqdır” ideyasının əleyhinədir. Kyenqe üçün real inteqrasiya kimliklərin qorunması və qarşılıqlı münasibətlə mümkün olur. O, mədəniyyətlərarası zənginləşməni təbii həyat nümunələri ilə izah edir: pomidordan və qarğıdalıdan bəhs edən yumorlu metaforlarla bildirir ki, “İtaliya bu maddələri qəbul etməsəydi, bu günkü mətbəxin mövcudluğu mümkün olmazdı”. [8]
- Müqayisəli Çərçivə: Milli Kimlik və Mənsubiyyətə İki Yanaşma
Ciovanni Sartori və Sesil Kyenqe İtaliya cəmiyyətində milli kimlik, mənsubiyyət və vətəndaşlıq anlayışına dair tamamilə zidd mövqeləri təmsil edirlər. Sartori üçün milli kimlik əsasən tarixi-mədəni irsə və ortaq dəyərlərə bağlılıq üzərində qurulur. Onun nəzərində vətəndaş olmaq yalnız hüquqi status deyil, həm də müəyyən mədəni çərçivəyə uyğunlaşma öhdəliyidir. Kyenqe isə milli kimliyi dinamik və çoxtərəfli bir konstruksiya kimi qəbul edir; onun fikrincə, bir ölkənin kimliyi fərqli mədəni təcrübələrin qarşılıqlı inteqrasiyası ilə zənginləşir və dəyişir. Bu fərq onların ideoloji istiqamətlərində də özünü göstərir: Sartori daha çox mühafizəkar-liberal ənənəyə bağlı olaraq sosial nizamı qorumağı prioritet hesab edirsə, Kyenqe inkluziv-liberal mövqedən çıxış edərək bərabər hüquq və imkanların genişləndirilməsini ön plana çəkir.
Hüquqi baxımdan, bu iki yanaşma ius sanquini və ius soli prinsipləri üzərində toqquşur. Sartoriyə görə, ius sanquini prinsipi milli birliyə təbii qoruma mexanizmi təqdim edir, çünki vətəndaşlıq yalnız qanuni bağlarla deyil, mədəni irslə də ötürülür. Kyenqe isə tamamən əksini iddia edir: O hesab edir ki, ikinci nəsil miqrantların inteqrasiyası üçün hüquqi bərabərlik ilkin şərtdir və vətəndaşlıq, bir növ, həmin bərabərliyin hüquqi təsdiqidir. Beləliklə, ius sanquini milli kimliyi qoruma yönümlü “qapalı model” kimi, ius soli isə cəmiyyətin gələcəyini açıq və çoxtərəfli model üzərində qurma strategiyası kimi çıxış edir.
Üslub baxımından da onlar kəskin şəkildə fərqlənirlər. Sartori yazılarında analitik, bəzən sərt ritorikadan istifadə edərək əsasən akademik auditoriyaya xitab edirdi. Onun arqumentləri statistik məlumatlar, tarixi nümunələr və siyasi nəzəriyyələr üzərində qurulurdu. Kyenqe isə daha çox şəxsi təcrübələr, hekayələr və emosional rezonans yaradan nitqlərlə çıxış edir. O, öz həyat hekayəsini siyasi arqumentlərinə əsas kimi istifadə edir. Bu fərq onların insanlar tərəfindən qiymətləndirilməsində də açıq görünür: Sartori sağ-mərkəzçi və mühafizəkar dairələrdə nüfuzlu nəzəriyyəçi kimi tanınır, lakin sol dairələrdə ciddi tənqidlərə məruz qaldığı halda, Kyenqe sol və mərkəz-sol dairə tərəfindən geniş dəstək alır.[9]
Bu əks baxışların İtaliya cəmiyyəti üçün təsirləri çoxşaxəlidir. Sartorinin mövqeyi, immiqrasiya siyasətində məhdudlaşdırıcı yanaşmanı gücləndirərək milli identiklik anlayışını “qoruma” istiqamətində siyasi təzyiq yaradır.[10] Bu, müəyyən mənada sosial ahəngi qorusa da, inteqrasiya prosesində maneələr yarada bilər. Kyenqenin mövqeyi isə, əksinə, inkluzivlik və bərabər hüquqlar əsasında daha açıq bir cəmiyyət fikrini təqdim edir. Onun təklifləri həyata keçsə idi, ikinci nəsil miqrantların sosial və iqtisadi fəallığı arta, uzunmüddətli assimilasiya problemləri azala bilərdi. Lakin bu yanaşma da milli kimlik anlayışında dərin dəyişikliklər tələb edir ki, bu da İtaliya kimi güclü tarixi-mədəni özünüdərki olan bir ölkədə həmişə asanlıqla qəbul olunmur. Beləliklə, Sartori və Kyenqe arasındakı qarşıdurma, əslində, İtaliyanın XXI əsrdə hansı milli kimlik modelini seçəcəyi ilə bağlı daha geniş və davamlı bir debatın parlaq nümunəsidir.
- Nəticə
İtaliyada multikulturalizm məsələsi son onilliklərdə ölkənin ictimai, siyasi və hüquqi gündəminin əsas mövzularından birinə çevrilmişdir. Sartori və Kyenqe bu müzakirənin iki tərəfini təmsil edirlər. Bu baxışların toqquşması İtaliya cəmiyyətində mövcud olan həm qorxuları, həm də ümidləri əks etdirir.
Avropa İttifaqı çərçivəsində İtaliya özünəməxsus mövqeyə sahibdir. Fransa kolonial mirasdan gələn multikultural təcrübəyə, Almaniya isə uzunmüddətli immiqrasiya ənənəsinə malikdirsə, İtaliya bu proseslərlə daha gec qarşılaşmış və sürətli demoqrafik dəyişikliklərin təzyiqi altında qalmışdır.[11] Nəticədə, ölkə həm Avropa miqyasında qəbul olunmuş humanist dəyərlərə yaxınlaşmaq, həm də güclü ius sanquini ənənəsini qorumaq dilemması ilə üz-üzədir. Bu qarşıdurma göstərir ki, multikulturalizmin gələcəyi balanslı yanaşma tələb edir: bir tərəfdən liberal demokratik prinsiplərin qorunması, digər tərəfdən isə sosial ədalət və bərabər vətəndaşlıq imkanlarının təmin edilməsi vacibdir.[12]
Ümumilikdə, Sartori və Kyenqenin baxışlarının müqayisəsi İtaliyada multikulturalizmin yalnız hüquqi və siyasi qərarlardan deyil, həm də milli kimlik və vətəndaşlıq anlayışının necə yenidən formalaşdırılacağından asılı olduğunu ortaya qoyur. Bu baxımdan İtaliya Avropa ölkələri İttifaqında ehtiyatlılıq və inkluzivlik arasında tarazlıq axtaran bir ölkə kimi unikal bir laboratoriya rolunu oynayır.
İstifadə olunmuş ədəbiyyat
- “Cécile Kyenge on Racist Attacks and Obstacles to Change.” Euronews, August 9, 2013.
- “Italy’s First Black Minister Defies Racist Attacks.” The Guardian, July 15, 2013.
- Ambrosini, M. (2013). Immigrazione e cittadinanza in Italia: Il mulino delle identità. Bologna: Il Mulino.
- Colucci, M. (2018). Storia dell’immigrazione straniera in Italia. Roma: Carocci.
- Əliyeva, S. (2021). Avropada multikulturalizm: nəzəri yanaşmalar və praktiki problemlər. Bakı: Elm və Təhsil.
- European Commission (2023). Migration and Home Affairs: Italy country profile. https://home-affairs.ec.europa.eu
- Habermas, J. (1992). Staatsbürgerschaft und nationale Identität. In Faktizität und Geltung. Frankfurt am Main: Suhrkamp.
- Immigrazione e cittadinanza. https://www.interno.gov.it
- Kyenge, C. (2015). Ho sognato una nuova Italia. Un futuro da costruire insieme. Milano: Piemme.
- Kyenge, C. (2016). Ho sognato una strada. Milano: Piemme.
- Kyenge, Cécile. “Italy Must Confront Racism.” The Guardian, November 29, 2018.
- Migration Policy Institute. (2020). Immigration in Italy: Challenges and Opportunities.: https://www.migrationpolicy.org
- OECD (2021). International Migration Outlook. https://www.oecd.org/migration/
- Pasquino, G. (2005). “The Political Science of Giovanni Sartori.” European Political Science, 4(1), 33–41.
- Sartori, G. (2000). Pluralismo, multiculturalismo e estranei: Saggio sulla società multietnica. Milano: Rizzoli.
- Taylor, C. (1994). Multiculturalism: Examining the Politics of Recognition. Princeton: Princeton University Press.
- Кузнецов, С. (2019). Иммиграция и мультикультурализм в Европе: итальянский случай. Москва: Наука.
[1] Colucci, M. (2018). Storia dell’immigrazione straniera in Italia. (İtaliyada Xarici İmmiqrasiyanın Tarixi). Roma: Carocci.
[2] Ambrosini, M. (2013). Immigrazione e cittadinanza in Italia. (İtaliyada İmmiqrasiya və Vətəndaşlıq). Bologna: Il Mulino.
[3] Sartori, G. (2000). Pluralismo, multiculturalismo e estranei. Milano: Rizzoli. p. 39
[4] Sartori, G. (2000). Pluralismo, multiculturalismo e estranei. Milano: Rizzoli. p. 62
[5] Sartori, G. (2000). Pluralismo, multiculturalismo e estranei. Milano: Rizzoli. p. 76
[6] Kyenge, C. (2014). Ho sognato una strada. I diritti di tutti. Milano: Piemme. p.29-31
[7] Kyenge, C. (2014). Ho sognato una strada. I diritti di tutti. Milano: Piemme. p. 98
[8] Kyenge, C. (2014). Ho sognato una strada. I diritti di tutti. Milano: Piemme. p. 71-72
[9] Zincone, G. (2011). The case of Italy. In: Bertossi, C. (ed.) Citizenship Policies in the New Europe. Amsterdam University Press.
[10] Triandafyllidou, A. (2013). Immigration, diversity, and the nation-state in Europe. Routledge.
[11] Favell, A. (2003). Integration Nations: The Nation-State and Research on Immigrants in Western Europe. Comparative Social Research, 22(1), 13–42.
[12]Ambrosini, M. (2017). Irregular Immigration in Southern Europe: Actors, Dynamics and Governance. Springer.