Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalının ilk günündə Hüseyn Cavidin “İblis” əsərinin simfonik orkestr musiqiçilərinin və Azərbaycan Dövlət Pantomim Teatrının iştirakı ilə yeni təqdimatı olacaq.
Daha.az xəbər verir ki, sentyabrın 23-də Heydər Əliyev Mərkəzində nümayiş olunacaq yeni quruluşun baş rejissoru Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı və baş rejissoru, Azərbaycan Respublikasının Xalq Artisti Bəxtiyar Xanızadədir.
Əsərin yeni təqdimatının özəlliyi canlı orkestrin müşayiəti və orkestr musiqiçilərinin tamaşa müddətində həm də iştirakçıya çevrilməsidir. Tamaşa boyu musiqiçiləri, Pantomim Teatrının aktyorlarını və hadisələri isə dirijor idarə edəcək.
Yeni quruluşda baş rolun ifaçısı və dirijor Prezident mükafatçısı, bir sıra beynəlxalq müsabiqələrin laureatı Mustafa Mehmandarovdur. Simfonik orkestrin musiqiçiləri tamaşada dirijorun idarəçiliyi ilə Pantomim Teatrının aktyorlarının arasına qarışaraq plastik düşüncələrin iştirakçısına çevrilirlər.
Əsərdə həm bəşəri, həm də əbədi problem olan insanlıq və iblis arasında bitməyən mübarizə yer alır.
Qeyd edək ki, “İblis” səhnələşdirilən ilk Azərbaycan poetik dramıdır.




