C.R.R. Tolkinin “Hobbit” əsərinin nadir nüsxəsi hərracda rekord qiymətə (£43,000) satılıb.
Daha.az xəbər verir ki, bu, 1937-ci ildə nəşr olunmuş 1500 kitabdan biridir. Məhz bu nəşrdə Tolkinin özünə aid nadir rəsmləri də görmək olar.
Kitab Bristolda bir evin təmizliyi zamanı kitab rəfindən tapılıb. Hərracda £10-12 000 qiymətə satılacağı gözlənən kitaba tələb həddindən artıq çox olub və nəticədə onu onlayn hərrac vasitəsilə Böyük Britaniyalı bir kolleksiyaçı əldə edib.
Hərrac evinin kitab mütəxəssisi Keytlin Rayli kitabın qoruyucu kağız örtüyü olmasa da, əla vəziyyətdə qaldığını və köhnə nəşrin bu vəziyyətdə tapılmasının nadir hadisə olduğunu bildirib. Kitab 1930-cu illərin məşhur botaniki, kəşfiyyatçısı və geoloqu Ser Raymond Edvard Pristlinin qardaşı Hubert Pristlinin ailə kitabxanasından miras qalıb. Və bu ailənin çox güman Tolkinlə şəxsi tanışlığının olması, kitabı daha da dəyərli edən əsas amildir.




