Heyvanlar da ümid edə bilərmi? -Ümidin fəlsəfəsi

Daha.az Oysteyn Skar, İ Lars Fr və H. Svendsenin yazdığı “Ümidin fəlsəfəsi” kitabından bir hissəni təqdim edir.

 

Ancaq insanlar ümid edə bilir?

 

Ümid elə bir şeydir ki, bütün insanlığın düşüncə və hissləri bura daxildir. İnsan olmayan varlıqlar, misal üçün, heyvanlar da ümid edə bilərmi? Avstryalı filosof Vitqenşteyn buna şübhə ilə yanaşır və 1953-cü ilə nəşr etdirdiyi “Fəlsəfə araşdırmaları” əsərində o bu abzasda düşüncələrinə aydınlıq gətirir.

Adam bir heyvanın əsəbi, qorxmuş, məmnun, narahat, ya bədbəxt olduğunu təsəvvür edə bilər. Bəs ümid etdiyini necə? Niyə? İt sahibin qapının ağzında olmasına ümid edir. Amma o, sahibin səhəri gün də gəldiyini düşünə bilərmi? İtin edə bilmədiyi nədir? O, danışa bildiyi kimi, həm də ümid edə bilərmi? Ümid etmək yalnız nitqdən istifadə edə bilənlərə aiddir. Nəyəsə ümid etmək bu mürəkkəb həyat tərzinin bir modifikasiyası olaraq qarşımıza çıxır.

İtimin ən yaxşı tanıyıb bildiyi şey çox güman ki, sarı pendirdir (Ənənəvi sarı Norveç pendirindən gedir söhbət). Lap başqa otaqda uzansın, üstünə bir neçə dəst yorğan sərilsin, özümə sendviç düzəltmək üçün sarı pendiri soyuducudan çıxardan kimi gəlib durur yanımda və yalvarış dolu gözlərini mənə zilləyir. Bəzən ona pendir verirəm, bəzən də vermirəm. Çox vaxt verirəm. Açıq-aşkar bu it sarı pendiri sevir, amma bu halda biz deyə bilərikmi, it hər səhər sarı pendir yeyəcəyinə ümid edir? O zaman biz deməliyik ki, o, şüurlu şəkildə bilir ki, bəlkə, həmin səhər pendir yedi, bəlkə də, yeyə bilmədi. Amma onun davranışında belə şüura sahib olmasını göstərən heç bir əlamət yoxdur. Onun davranışı mənə sadəcə deyir ki, itin ürəyi sarı pendir istəyir. Biz arqument xətrinə güman etsək ki, o pendir yeyəcəyindən əmin deyil, bu zaman bəlkə də, onun ümidə oxşar nəsə hiss etdiyini iddia edə bilərik.

Ümid müəyyən bir zaman davam edir. Heyvan üçün zaman anlayışı isə insan üçün olandan fərqlidir. Vitqenşteyn yazır: “Bir insan həmin saniyədən öncə, ya sonra nə baş verməsindən asılı olmayaraq, gerçək sevgi, ya ümid hiss edə bilərmi? İndi baş verənin anlamı var – bu konteksdə yəni. Kontekst ona anlam qazandırır. Və ümid sözü insan həyatındakı bir məfhumu xarakterizə edir”.

Ağrı kimi bir məfhumun isə belə bir kontekstə ehtiyacı yoxdur. Biz bir anlıq bütün bədənimizi kəsib doğrayan ağrını təsəvvür edə bilərik. Bu ağrı özündən qabaqkı və sonrakı hisslərdən tamamən ayrılıqda baş tutur. Ağrının heç bir kontekstə ehtiyacı olmadığı halda, ümidin ehtiyacı var. Ümid bir andan daha uzaqlara boylanır. Mən, misal üçün, ümid edə bilərəm ki, sabah nə isə bir hadisə baş verəcək. İtim isə sabah sarı pendir yeyəcəyinə ümid edə bilməz. Ona görə ki, itim üçün “sabah” anlayışı yoxdur. Sarı pendirin də o soyuducudan çıxıb mətbəx masasına qoyulana kimi onun xəyal dünyasında hər hansı bir yerinin olduğunu bəlli edən bir siqnal da yoxdur. İtin ümid dünyası yalnız indi və burada olanlarla məhdudlaşır.

Vitqenşteyn ümidi dil bacarıqlarına bağlayır, amma bu ikili arasında hansı bağların olduğunu açıqlamır. Dil yalnız insana aid ictimai hadisədir. Heyvanlar da ünsiyyət qura bilir, amma onların dili yoxdur. İnsanların dillə ünsiyyət qurma bacarığı bizim dünyamızı və həyatımızı heyvanların dünyasından tamam fərqli edir. Buna görə də bizim xəyal dünyamız heyvanların xəyal dünyasından ölçü etibarı ilə çox böyükdür. Dil bizə imkan verir ki, orada olmayan, çatışmayan, darıxdığımız, istədiyimiz nəyisə təmsil edək. Bu isə ümid edə bilmək bacarığı üçün hədsiz vacib amildir.

Ümid edə bilmək bacarığı zamanla inkişaf edir. Eyni sözləri dil bacarığı haqqında da demək olar. Mən lap körpə uşaqların ümid etdiyini demirəm, sözüm daha yetkin uşaqlara və böyüklərə aiddir. İnsan ümid etmə bacarığını nə zaman inkişaf etdirir? Buna qərar vermək çətindir. Biz körpənin “ümid” sözünü dilinə gətirdiyi günü hər zaman qeyd edə bilərik. Amma kimsə öz qızı haqqında “bu gün o, ilk dəfə ümid etdi” söyləməsi çox qəribə olardı. Ümid insan həyatında başqa bir çox bacarıq və qabiliyyət təşəkkül tapandan sonra inkişaf edir. İnkişaf edəndən sonra da bizim bu və ya digər hissimizlə elə qaynayıb-qarışır, qarşılıqlı əlaqədə olur ki, bizə ümidsiz bu həyatı necə yaşaya bilməyimiz ümumiyyətlə, mümkünsüz görünür. Vitqenşteyn yazır: “Bir insan özünü necə aparmalıdır ki, adam onun haqqında deyə bilsin: o, heç zaman ümid etmir? Birinci cavab belədir: Bilmirəm. Mənə elə gəlir ki, heç vaxt özünü yaxşı apara bilməyən, heç nəyi səbirsizliklə gözləməyən, ya nədənsə qorxmayan bir insanı xarakterizə etmək mənə daha rahat olardı. Elə bu dəqiqə heç bir şeyə ümid etməyən insanı təsəvvür etmək çox çətin olmaz. Amma əksinə, ağlı başında olan, normal bir insanın ümid edə bilmədiyini təsəvvür etmək çətin olardı.

Vitqenşteyn yazır ki, adam qorxusunu dilə gətirməklə onu ifadə edə bilər, amma ümidi bu yolla ifadə etmək mümkün olmur. Ümidi ifadə etmək üçün hansı ifadələrdən istifadə etməliyəm? Vitqenşteyn iddia edir ki, ümid inamla yaxın qohumdur və inamın da sözlə ifadə vasitəsi yoxdur. Heç vaxt qorxmayan bir insanı göz önünə gətirmək asandır. Sadəcə, yanımda qorxu ilə bağlı olan heç bir sözü, ifadəni dilinə gətirməyən bir insanın adını deyərəm, vəssalam. Şübhəsiz ki, müəyyən məqamlarda qorxu gizlədilə bilər, amma bir insan əgər heç vaxt qorxusunu büruzə verməyibsə, mənim bu adamın nədənsə qorxduğunu iddia etməyə heç bir əsasım olmaz. Bədən dili və hisslərlə ifadə olunan qorxu arasında aşkar bir bağlılıq var. Ümidlə bağlı isə belə bir bağ yoxdur. Heç vaxt qorxmayan bir insanı təsəvvür etmək, heç vaxt ümid etməyən adam təsəvvür etməkdən qat-qat çətindir. Ümid etməyənlərdə nələr çatmır? Qısa cavab belə olardı ki, həmin bu insanlar gələcəyə boylanmır, ancaq bu gündə ilişib qalıb.

Mənim üçün ümidsiz bir insan təsəvvür etmək üçün hansısa hadisənin başqalarından tez baş verməsini arzulamayan bir insan düşünürəm.

Həmin insanın niyə belə düşündüyünü, niyə özünü belə apardığını anlamaqda çətinlik çəkərəm. Belə bir insan mənim üçün ümid edə bilməyən itdən daha yad biri olar. Çünki itin davranışını onun öz üstünlük verdiyi seçimlər müəyyən edir. Mən itin özünü niyə belə apardığını başa düşə bilirəm, çünki onun niyyətini başa düşürəm. Amma ümidsiz insan mənim üçün daha böyük misteriyadır. Ümid etməyən insanlar mövcuddur, yoxsa bu bacarığı inkişaf etdirmədikləri üçün belədirlər? Yoxsa beyin zədəsi, buna oxşar səbəbdən bu qabiliyyətlərini itirdikləri üçün belədirlər? Amma normal, sağlam insan əgər ümid etmək bacarığına sahib deyilsə, onu başa düşmək çox çətin, deyərdim ki, mümkünsüz olar. Bəs “ümidini itirən”, ümid etməyi tərgitən insanlar necə?

10-cu bölümdə biz yenə bu haqda danışacağıq: ümidsiz yaşamağı necə anlamalıyıq?

Ümid və zaman

Alman yazıçısı və elm adamı Yohan Volfqanq fon Hötenin “Faust” əsərinin ikinci hissəsində ümid və qorxu “ən böyük insan düşməni” olaraq xarakterizə edilir. Həm qorxu, həm ümid həyatdan yayınmağımızda gətirib çıxara bilər. Amma onlar bizi ən azı harasa aparır. Qorxusuz və ümidsiz həyat heç nəyin mənasının olmadığı bir həyat olardı. Ətalətdə olan bir həyat düşünün. Kimsə iddia edə bilər ki, ətalət həyatda kimlərəsə cəlbedici görünə bilər. Hötenin dostu, romantik şair, filoloq və filosof Fredrix Hegel yazır: “Hadisələrlə zəngin, rəngbərəng həyat ətalətli həyat ola bilməz”. Burada söhbət həsrətdə rahatlıq tapmaqdan, rahatlıqda isə həsrət tapmaqdan ibarətdir.

Hegel üçün həyatın əsas məqsədi sevgidir. Amma konkret məqsəd üçün çalışmaq yenidən ümidi səhnəyə çıxarır. Demək, adam bu məqama etiraz edə bilər: biz düşüncələrimiz gələcəyə yönəlmədən də xoşbəxtlik anını həmin yerdə, həmin dəqiqə məmnunluqla yaşaya, hiss edə bilərik. Belə anlar mövcuddur, amma həm keçmişə, həm gələcəyə uzana bilən yaşantılar burada istisna təşkil edir. Belə məqamlarda biz bu xoşbəxtliyi ya keçmişdə, ya gələcəkdə axtarırıq. Həmin an uzun müddət davam etmir və heç zaman əbədi indiki zaman olaraq qala bilməz. Hətta konsertdə bizə estetik xoşbəxtlik verən an da keçmişə və gələcəyə yönələn məmnunluq bəxş edə bilər. Əgər musiqi “xəstəsisənsə” səni heyran edən musiqiyə sonradan dönüb dəfələrlə qulaq asa bilər, eyni məmnunluğu yaşaya bilərsən. Yaşanmış bu vaxt zamanın hər üç ölçüsünü ehtiva edir.

 

Norveç dilindən tərcümə etdi: Anar Rəhimov

OXŞAR XƏBƏRLƏR