“Heca-heca yaşadım…” – Asim Qazıyev

Bu gün şair Asim Qazıyevin 100 illik yubileyidir.

Bu gün vaxtilə Səməd Vurğunun “gələcəyin böyük şairi” dediyi şair, pedaqoq Asim Qazıyevin 100 illik yubileyidir. Bu barədə Daha.az-a şairin oğlu doktor Firuq Qazıyev məlumat verib. O, həmçinin bildirib ki, şairin yubileyi münasibətilə yeni bir kitabı da nəşrə hazırlanır.

Şairin 100 illik yubileyi münasibətilə onun bir neçə şerini oxuculara təqdim edirik.

YAVAŞ-YAVAŞ

Elə ki yetişdin altmış yaşına,
Özün-öz yolunu seç yavaş-yavaş.
Gözəlləri görsən bulaq başında,
Dinməzcə böyründən keç yavaş-yavaş.

Daha kimsə sənlə olmaz aşina,
Dilinə güc vermə, bir bax yaşına.
Kişi, yüyürməsən mənzil başına,
Çata bilərsənmi heç yavaş-yavaş?

Dəyişib əhvalın, ayrı hava çal,
Nə sevgidən danış, nə yardan söz sal,
Altına döşək qoy, əlinə çay al,
Qızdırsın canını peç yavaş-yavaş.

Sözünə qız-gəlin heç məhəl qoymaz,
Qolda qüvvət kəmdir, dizdə taqət az.
Cahanın malından gözlərin doymaz,
Nə əkmisən, onu biç yavaş-yavaş.

Könül arzuludur, ürək həvəsdə,
Kəsilir ümid də, pay da, nəfəs də.
Uçdun gülüstandan, qaldın qəfəsdə,
Alırsan qiyməti “üç” yavaş-yavaş.

 

MƏNƏ BELƏ DEYİR

Mənə belə deyir hissim, düşüncəm;
Ya yaşama, ya da yaşa hörmətlə.
Öz gücünü, öz ağlını elə cəm,
Çörək yemə, su içmə sən minnətlə.

Yamanlığın arxasınca daş at sən,
El yolunda ver canını, baş at sən.
Öz əslini, öz nəslini yaşat sən,
Baban kimi, Atan kimi şöhrətlə.

Sən qulaq as saf vicdana, ürəyə,
Ələ əl ver, kürək söykə kürəyə.
Vəfalı ol məhəbbətə, çörəyə,
Öz süfrəni bəzə halal nemətlə.

Suallıdır, sorğuludur bu dövran,
Əvvəldə də axırda da var insan.
Alov saçsın, qoy yandırsın hər zaman,
Rəğbətin də, nifrətin də şiddətlə.

Köməyimdir öz əməyim, öz əlim,
İstəmişəm hər an üzü ağ gəlim.
Bir az şair, bir az oldum müəllim,
Ömrüm boyu yaşamışam sənətlə.

YAŞADIM

Mən yaxşını, yamanı,
Seçə-seçə yaşadIm.
Xoş ümidi, gümanı,
İçə-içə yaşadım.

Məhəbbətin yolunu,
Sədaqətin yolunu,
Həqiqətin yolunu,
Keçə-keçə yaşadım.

Dost seçmişəm hər yerdən,
Nur almıişam səhərdən.
Nişan qoyub şeirdən
Heca-heca yaşadım.

VALLAH

Tutduğun işləri yaxşı ölçüb-biç,
Bu ulu torpaqdan ayıbdır, Vallah!
Nə Allah bilirsən, nə də ki, bəndə,
Kişilər Allahı sayıbdır, Vallah!

Yarımçıq bir kəsə sən nə deyəsən,
Gərək paltarı da halal geyəsən,
Nə lazım dünyada qəlbə dəyəsən,
İncə qəlb həmişə mayıfdır, Vallah!

Meyvəni vaxtında tez üzməyəndə,
Həqiqət eşqinə söz düzməyəndə,
Torpağın üstündə düz gəzməyəndə
Torpağın altı da hayıfdır, Vallah!

DEMƏMİŞƏM

Yaşamışam düzlüklə mən,
Ağa qara deməmişəm.
Əlac uman hər kəsə sən
Özün ara deməmişəm.

Ocaq yanmaz yoxsa kösöv,
Bıçaq kəsməz, yoxsa bülöv.
Mən bütövü gördüm bütöv,
Ona para deməmişəm.

Az olana”çox” sözünü,
Şirin dilə “ox” sözünü,
Əl açana “yox” sözünü,
Düşüb dara, deməmişəm.

Söyləmişəm mən dostlara:
Qiymət verin hər an ara,
Qoy düzəlsin daim ara,
Dəysin ara, deməmişəm!

OXŞAR XƏBƏRLƏR