Haydeggerdə varlıq və mövcudluq fərqi – Səlahəddin Hilav

Daha.az Səlahəddin Hilavın Haydegger haqqında yazısını təqdim edir.

Haydegerin ölümü fəlsəfədə, bəlkə də, müəyyən bir düşüncə tərzinin sona çatdığını göstərir. Doğrudan da, marksizm istisna olmaqla, müasir fəlsəfədəki ən dərin və əhatəli cəhdlərdən biri olan ekzistensializmin artıq yeni bir sıçrayış edəcəyi gözlənilmir.

Haydegerin bütün bilinənlərin və düşünülənlərin altına enərək varlığın nə olduğunu tədqiq etməsi, səhih bir fəlsəfi cəhd idi; fəlsəfənin yenidən təsis edilməsi istiqamətində sərf edilmiş cəsarətli bir səy idi.

Haydeggerdə məni hər zaman maraqlandıran, onun insanın həqiqi varlığını və səhihliyini itirməsi, həqiqi varlığından qaçması üzərində israrla dayanmasıdır. Haydegger deyir ki, dünyamda saysız-hesabsız “mövcud olan” var (elm və texnika da bunlara daxildir). Lakin onların hamısı bizim həqiqi “Varlıq”dan qaçmağımıza səbəb olur, “Varlıq”ı sorğulamağımıza və Varlıq tərəfindən sorğulanmağımıza mane olur.

Xüsusilə, şəxsiyyətdən kənar, adi və fərqlənməyən (gündəlik) sosial həyat bizi biz olmaqdan saxlayır; “Varlıq”ı bizə unutdurur. İnsanların əksəriyyəti özünün kim olduğunu bilmədən və özünü dərk etmədən, sadəcə “mövcud olanların mövcud olma tərzinə” uyğun yaşamaqdan xilas ola bilmir. İnsanlar bu vəziyyətdə olduqlarını dərk etmədən yaşayıb ölürlər. Özünü açan, pozulmamışlığı içində bir həqiqət olaraq təqdim edən Varlığı birbaşa qavramaq üçün Haydeggerin göstərdiyi səy, yəni fəlsəfəsinin sonunda gəldiyi bu “səhih (autentik) olmayan insan” konsepsiyası, marksist fəlsəfədəki “yadlaşmış insan” konsepsiyasına yaxınlaşır.

Lakin Haydegger insanın öz mənəvi varlığını itirməsinin və bir “mövcud olan”a, bir “şey”ə çevrilməsinin iqtisadi və sosial səbəblərindən bəhs etmir. Daha doğrusu, bu vəziyyəti Marks kimi “məzmunlu” bir şəkildə təhlil etmir. O, sadəcə olaraq, birbaşa qavradığı bu fenomeni “təsvir etməklə” kifayətlənir.

Lakin o, insanın bu saxta varlıq tərzində qalmamasını və səhih varlığa keçməsini istəyir. Jan Lakruanın dediyi kimi, onun fəlsəfəsi “cəsarətə bir çağırışdır”. Marks səhih fərdi varlığa dönüşü, tarix və cəmiyyətə dair elmi şüurun istiqamətindəki fəaliyyətdə görürdü. Haydegger isə bu qayıdışı, narahatlıq və sıxıntı (angst) içində olan və “Ölümə doğru varlıq” (Sein-für-den-Tod) mərhələsinə çatan insanda görür.

Bu qısa yazıda Haydeggerin “varlıq tərzləri”, “qərarlı həyat”, “heç”, “dünyaya atılmaq” kimi mövzulardan danışa bilməyəcəyəm  (Bu mövzu üçün Nüsrət Hızırın “Fəlsəfə Yazıları” kitabındakı çox gözəl izahlara baxa bilərsiniz [Çağdaş Yayınlar, s. 74-83]).

Haydeggerdə diqqət çəkən başqa bir şey, bu tanrıtanımaz filosofun sonda bədbin bir nəticəyə gəlməsidir. Haydeggerə görə, varlıq, əslində, bir “uğursuzluq”dur. Bu səbəbdən onun fəlsəfəsinin humanist olmayan bir tərəfi də mövcuddur. Varlıq tərəfindən sorğulanan insan, özü də dönüb Varlığı sorğulayır, lakin nə edirsə etsin, Onu yenə də qavraya bilmir. Bu cür düşüncə tərzi, mənəvi dəyərlərin söykənə biləcəyi əsası yox edir.

Bu da Haydeggerin “ağıla zidd” (irrasionalist) bir mövqeyə düşməsinə gətirib çıxarır.

Tərcümə etdi: İbrahim Aziz

OXŞAR XƏBƏRLƏR