Türkiyənin məşhur “Mədəniyyət Yolu” festivalı bu il üçüncü dəfə Nevşəhərdə keçiriləcək. 2-10 avqust tarixlərini əhatə edən tədbir çərçivəsində şəhərin 37 fərqli məkanında, təxminən, 400 müxtəlif mədəniyyət və incəsənət tədbiri təşkil olunacaq.
Daha.az xəbər verir ki, festival çərçivəsində Pablo Picassonun 74 orijinal əsərinin sərgilənəcəyi “Pablo Picasso: Yaradılış hər şeydir” adlı sərgi olacaq. Qravür, litoqrafiya, rəsmlər və fotolardan ibarət kolleksiya nümayiş olunacaq.
Müxtəlif məkanlarda təşkil olunan sərgilərdən başqa məşhur sənətçilər musiqi proqramı ilə çıxış edəcəklər. Dövlət orkestr və ansamblları ilə yanaşı təsəvvüf musiqisi ilə ruhani atmosfer yaradılacaq.
Ənənəvi sənətlərə maraq göstərənlər üçün isə müxtəlif sahələri əhatə edən sənət atelyeləri təşkil olunacaq.
Simulyasiya texnologiyası ilə dəstəklənən bu atelyelər iştirakçılara həm mədəni irslə interaktiv tanışlıq, həm də fərdi yaradıcılıq imkanı təqdim edəcək.
Festivalın sonuna yaxın 7-10 avqust tarixlərində isə Beynəlxalq Hava Şarı Festivalı çərçivəsində 17 ölkədən gətirilən rəngarəng hava şarları Kapadokya səmasını bəzəyəcək.