Səudiyyə Ərəbistanı İslam mədəniyyətinə və ərəb dilinə uyğunlaşdırılmış yeni süni intellekt layihəsini təqdim edib. “HUMAIN Çat” adlı bu bot OpenAI kimi nəhənglərə alternativ olmağa iddialıdır.
Daha.az xəbər verir ki, HUMAIN yerli mütəxəssislər tərəfindən hazırlanmış ALLAM 34B dil modeli ilə işləyir və islami dəyərlər, ərəb tarixi, ərəb mədəni irsi ilə bağlı məlumat bazası ilə təmin edilib.
İlkin mərhələdə yalnız Səudiyyə Ərəbistanında istifadəyə veriləcək HUMAIN Çat həm veb, həm də iOS və Android sitemində də işləkdir. Şirkət platformanı yaxın zamanda Orta Şərq və qlobal bazarlara da çıxaracaq.
Qeyd edək ki, xidmətin 400 milyon ərəb dilli və 2 milyard müsəlman istifadəçi üçün nəzərdə tutulduğu bildirilir.
Texniki baxımdan HUMAIN botu bir sıra üstünlüklərlə fərqlənir. İstifadəçilər eyni söhbət içində ərəb və ingilis dilləri arasında problemsiz keçid edə bilir, müxtəlif ərəb ləhcələrində səsli giriş funksiyası mövcuddur.
Şirkət məlumatların ölkə daxilində yerləşən serverlərdə saxlandığını və bütün məlumat emal proseslərinin Səudiyyə Ərəbistanının Şəxsi Məlumatların Mühafizəsi Qanununa uyğun şəkildə aparıldığını vurğulayır.
HUMAIN süni intellekt texnologiyalarında yerli və mədəni dəyərlərə uyğunlaşdırma istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir.




