Həmişə məşğul adamlar, intellektuallar və “zzz” şarları – Yazıçı bərbərxanadan necə görünür?

Daha.az Antuan Kompanyonun “Məşğul adamlar yanılır” essesini təqdim edir. 

 

Antuan Kompanyon (1950) Belçika əsilli fransız ədəbiyyatşünas. Fransada Sorbonna, Amerikada Kolumbiya Universitetlərində mühazirələr oxuyub. Yaşayan ən böyük ədəbiyyatçılardan biri hesab edilir. 

Nə etməliyik? Nəyi seçməliyik?

“Bir az içi boş” mədəniyyəti rədd etməliyik, yoxsa “olduqca dolu” bir mədəniyyəti mənimsəməliyik? Ədəbiyyat artıq heç bir işə yaramır, yoxsa onu necə istifadə edəcəyimizi, ondan nə cür fayda götürəcəyimizi düşünməliyik? Mişel Montenin “Esselər” kitabında “dünyadan istifadə” təbirində dediyi kimi, biz də “ədəbiyyatın istifadəsi”dən bəhs edə bilərikmi?

Bu ifadəni Nikolas Buviye 1950-ci illərdə İran və Əfqanıstan səyahətlərindən bəhs edən möhtəşəm kitabına başlıq kimi seçmişdi. Buviye guya “Cenevrə Məktəb”inin Marsel Reymon və Jan Starobinski kimi say-seçmə müəllimləriylə birgə – bir az da xala-xətrin qalmasın şəklində – ədəbiyyatla bağlı tədqiqatlar aparmışdı, ancaq haqqına deyək ki, bu təcrübədən fayda götürməyi bacarmışdı.

Kitab dininin peyğəmbəri Marsel Prust ədəbiyyatın və ədəbi kültürün həyatda yararlı ola biləcəyinin fərqindəydi: çünki bu, özündən qırağa çıxmağın, başqalarını anlamağın, özünü başqası kimi tanımağın bir yolu idi. Onun məşhur romanı təhkiyəçi personaj Fauburq Sen-Jermenin salonlarında ikən, ya da Balbekdə sahil boyunca gəzişərkən ədəbiyyatla maraqlandığı üçün və “yaxşı adamlar iş qrafikinə hörmət etmir” bəhanəsiylə onu avara, həvəskar, işə yaramaz sayıb həqir görən, həmişə məşğul, hədsiz işləyən, səbirsiz işgüzarlar adamlardan bəhs edir.

Ədəbiyyat oxuyan, öyrədən və yazan biz də mütləq o “məşğul” insanların aşağılanmasına məruz qalmışıq; yəqin, o adamların müəllimlərin “uzun tətilləri və qısa iş vaxtları”na bəslədikləri heyranlıqla qarışıq təəccübüylə qarşılaşmısınız.
Bu mənə illərdir mütəmadi şəkildə getdiyim bir bərbərlə söhbətimi xatırladır. İstədiyim vaxta görüş verməyim və öz vaxtımı istədiyim kimi idarə edə bilməyim onu təəccübləndirirdi (bəlkə də, bərbərlik və mədəniyyəti qarşılaşdırmaq fikrini onunla olan söhbətlər əsnasında tapmışam.)

Bir gün Fiqaro kimi hər şeyə marağı olan bərbərim məndən soruşdu ki, nəylə məşğulam, ona “Kollec de Frans”dakı iş yükümün ildə, sadəcə, on üç saat mühazirə və on üç saat seminar olduğunu dedim. Bərbər şoka düşdü; maraqlanıb soruşdu ki, qalan vaxtlarda nə edirəm. Halbuki daim işləyirdim. Başdan ayağacan qaralmış bərbərim yenicə İndoneziyadan – bir həftəlik çimərlik tətilindən qayıtmışdı; aspirin kimi ağappaq olan mən isə heç tətilə çıxmıram və həftəlik 35 saat işləmək məcburiyyəti nə deməkdir, bilmirəm. Fürsət tapıb bərbərimə Fransada bir fabriki ziyarət edən çinli turistlərin hekayəsini danışdım. “Made in France” məhsullarının iftixarla təqdim edildiyi yüksək səviyyəli bir fabrikdə çinli turistlərə deyiblər ki, ölkəmizdə 35 saat işləyirlər. Bütün gün işləməyə alışmış turistlər bir müddət çaşıb qalıblar. Sonra içlərindən biri özündə cürət taparaq dilinin ucundakı sualı verib: “Bunu necə bacarırsınız? Axı gün 24 saatdır!”

Özümü həftədə 35 saat işləməyi təsəvvür belə etməyən o zəhmətkeş çinlilərlə eyniləşdirirəm. “Mən və az qala, bütün müəllimlər üçün vəziyyət belədir,” – deyirəm bərbərimə, – məqsədim mənim üçün pis olması deyil, ondan daha az işləmədiyimi başa salmaqdır, çağdaş cəmiyyətin ədəbiyyatçıların hobbilərinə bəslədiyi şübhənin nə qədər haqsız olduğunu anlatmaqdır, beləcə, artıq “otium studiosum”[1] halını “Club Med”[2] mənasında avaralıqla qarışdırmamasına nail olmaq, ticarətin insan ölçüsünün qızıl standartı hesab ediləndən bəri təmbəlliklə sinonim olduğunu göstərməkdir.

Bərbərdən, təbir caizsə, hazır əlimin altında ikən, üstəlik, təraş maşını onda olduğu üçün Baumol Qanunu[3] haqqında nəsə eşidib-eşitmədiyini soruşdum.

Bərbər rəqəmsallaşmanın işinə elə də təsir etmədiyini, süni zəkadan elə də böyük gözləntisi olmadığını dedi. Vədəni həmişə yarım saatda birə verir; amma kirayə xərcləri, cari xərclər və sığorta artdığı üçün qiymətlərini çətinliklə inflyasiya uyğunlaşdırırdı. Axırda ona iqtisadi məhsuldarlıq prinsipini ifadə edən “There is no free lunch!” (Havayı nahar yoxdur!) sözünü şəxsi tərcüməmdə –  tamamilə əks məna verən “Demain on rase gratis” (Sabah havayı təraş var!) şəklində şərh etdiyimi dedim. O vaxtdan bəri özlərini bərbərlərin “Doctolib”i[4] kimi tanıdan bir-iki sayta göz atdım. Hələlik bunlar “unicorn”[5] olmayıb.

Prust böyük məsuliyyətləri və məhsuldarlıqları ucbatından ona yuxarıdan aşağı baxan tərəf-müqabillərinin özündən razılıqlarının fərqindəydi. Onların bu hallarını, yəni təkəbbürlü olmaqlarını  “məşğul insanların, sizin yaratdıqlarınızla maraqlanacaq vaxtlarının olmadıqlarını göstərmək həzzi” kimi açıqlayırdı. Nə oxumağa, nə muzey gəzməyə, nə konsertə getməyə, nə də düşünməyə vaxtları var. Daim vaxt qazanmaq, daha tez hərəkət etmək dərdindədirlər. “Məşğul adamlar” özlərini bütün gününü iş otağında keçirən, köhnə düşüncəli, qarımış qız qədər asudə olan sizdən üstün görürlər. Rolan Bart isə öz həyat tərzini “bir az kitab oxuyan, bir az piano çalan, bir az rəsm çəkən, bir az yazan, bir az da çay içən burjua gənc qıza” oxşatmağı sevərdi.

Vaxtilə “Kollec de Frans”dakı dərslərimdən birində diqqətəlayiq şəxsiyyət olan Ximenes Dudandan bəhs edirdim. Dudan 1825-ci ildə, 25 yaşı olanda Broqli Qrafının uşaqlarının müəllimi kimi işləməyə başlamışdı. Uşaqlar böyüsə də, evi tərk etməmişdi; həyatının qalanını bu evdə oxuyaraq, məktublaşaraq və təbiəti analiz edərək keçirdi. Yazıçılıqla bağlı hər hansı iddiası olmadığı üçün əsər çap etdirməkdən uzaq durdu. Olduqca hazırcavab həmsöhbət olub. Dostları deyirmişlər ki, əgər bir kitab yazsaydı, ata və oğul Broqli kimi dərhal Akademiyaya seçilərdi. Bu iki “məşğul” adam, – əgər belə bir təyin varsa, – İyul Monarxiyası dövründə və Üçüncü Cumhuriyyətin elə də cumhuriyyətçi olmayan ilk illərində Məclis Sədrliyi ediblər. Ximenes Dudan isə belə şeylər gözləmirdi.

Məşğul adamlar üçün hamımız Ximenes Dudanıq. Dudanın ölümündən sonra dostları tərəfindən çap olunan, anasının təqdirlə qarşıladığı məktublara diqqət kəsilən Prust (sitatlar kitabından ondan hissələr bölüşür) tənqidinə belə davam edir:

“Əlbəttə, raport yazan, rəqəmlərlə əlləşən, iş məktublarına cavab yazan, birjanı izləyən bir adamın sizə lağlağı ilə “Sizin üçün yaxşı olar da, işsiz adamsınız” deyərək xoş bir üstünlük duyğusu hiss etməsi normaldır. Amma əgər əyləncəniz “Hamlet”i yazmaq, ya da sadəcə, oxumaq olsaydı, üstünlüyünüz eyni dərəcədə, hətta daha çox aşağılayıcı olardı (çünki məşğul insanlar da çöldə yemək yeyirlər.)”

İntellektual işin anlaşılmaması dünyada ən yayğın hallardan biridir. Onsuz da bu işi yazıçılardan daha yaxşı gizlədən də yoxdur; belə ki, yazıçılar, adətən, emalatxanalarının qapısını aralamağı, əlyazmalarını sərgiləməyi, yaradıcılıq sirlərini ifşa etməyi çox da sevmirlər. Əsrlər boyunca ilham qaynağı haqqında müxtəlif doktrinalar, yazı yazmaq üçün elə də böyük zəhmətə ehtiyac olmadığı fikrini yaradıblar. Məsələn, Karavaccionun bir sərsəm kimi təsvir etdiyi Mattanın əlini bir mələyin yönləndirdiyi düşünülür. Şair isə çox vaxt, bir növ, mələk kimi təsəvvür edilib.

Yazıçılar öz işlərini gizlicə davam etdirməyi seçirlər, elə bil qanunsuz işlə məşğuldurlar. “Writer at Work” (Yazıçı iş başında) adlı məşhur karikaturada, uzanmış, gözləri qapalı bir yazıçı təsvir edilib; havada yüksələn “zzz” şarları ilə sanki yatmış kimi görünür. Bir neçə ay qabaq Akademiyada, bu “zzz”-nın lüğətə axırıncı bənd kimi əlavə edilib-edilməyəcəyini ilə bağlı mübahisə edirdik. Bəziləri bunun həqiqi kəlmə olmadığını, hətta bir onomatop belə olmadığını, sadəcə, komikslərdə yuxu, ya da mürgüləməyin tələffüzolunmaz qısaltması (və müəyyən mənada məşğul insanlar tərəfindən görülən yazıçının şüarı) olduğunu deyərək qarşı çıxdılar. Aramızda razılıq alınmadığı üçün səsvermə keçirdik: “zzz” siesta vaxtında işləyən bir şirkətin gözəl rəmzi seçildi. Nə də olsa, bu, lüğəti ondan əvvəl gələn “zyklon b”[6] bəndi ilə bitirməkdən daha yaxşı idi. Ximenes Dudanı Şato de Broglinin zəngin kitabxanasında bir divana uzanıb “Yazıçı iş başında”nın rahat vəziyyətində təsəvvür edir və ona qibtə edirəm.

Selin yazıçılar arasında nə qədər zəhmət çəkdiyini sərgiləyən nadir müəlliflərdən biriydi. Bəzən kitablarındakı bircə cümləni formalaşdırmaq üçün on min səhifə qaralayardı. Halbuki məşğul insanların yazıçının göbələk bağlamış otağında qəti boş durmadığına inanması üçün vərəqlərin boş yerinə edilmiş əlavələrə, ora-bura səpələnmiş qaralama kağızlarına və dəftər-dəftər yazılmış versiyalara nəzər etmələri yetərli olacaq.

Prust həyatda daim məşğul olan, pozitiv, praktik, amma dar düşüncəli; ədəbiyyatın və mədəniyyətin həyatda oynadığı rol qarşısında korşalmış, oxumağı təkcə boş vaxtı dəyərləndirmək, yaxud təmbəl  məşğələ kimi görən və nə Şekspir oxucusuna, nə də Şekspirin özünə hörmət edən bir insan tipini tənqid edir. Bunun müqabilində Prustun təhkiyəçisi bu dar düşüncəli, kəskin hökmlü baxış bucağını incə şəkildə təhlil edir:

“Məşğul insanlar hansı baxımdan dərin düşüncədən məhrumdur?

Çünki onların gözündə mədəniyyət təkcə boş vaxt keçirənlərin gülünc məşğuliyyəti kimi görünür. Halbuki düşünməlidirlər ki, həmin mədəniyyət elə onların öz sahəsində də, özlərindən daha yaxşı hakim, ya da idarəçi saymadıqları, ancaq sürətli yüksəlişi qarşısında hörmətlə baş əydikləri və “Görünür, böyük bir intellektual, olduqca nadir şəxsiyyətdir” dedikləri həmkarlarını digərlərindən ayıran elementdir.

 

Tərcümə etdi: Qismət       

__________

[1] Dincəlmək studiyası
[2] (“hər şey daxil” paketlər təklif edən fransız turizm şirkəti – tərcüməçidən
[3] Baumol Qanunu və ya “xərc xəstəliyi” kimi adlanan bu nəzəriyyə müəyəyn sektorlardakı məhsuldarlığın artmadığı hallarda belə maaşların və xərclərin arta biləcəyini izah edir. Xüsusilə məhsuldarlığı az olan sektorlardakı xərclərin artışı, daha məhsuldar sektorlardakı artışlara paralel şəkildə ciddi xərc yükü yarada bilər. – Tərcüməçidən.
[4] Doctolib – sağlamlığınızla bağlı əməliyyatları asanlaşdıran bir platformadır. Həkimdən görüş almaq, sağlamlıq mütəxəssisləri tapmaq və tibbi xidmətlərdən xəbərdar olmaq üçün istifadə etmək olar. 80 milyondan çox istifadəçisi olan populyar bir platformadır.
[5] Unicorn – milyard dollarlıq təşəbbüslər üçün istifadə edilən təbirdir.
[6] Nasistlərin yəhudi əsirləri öldürmək üçün istifadə etdikləri zəhərli qaz.

OXŞAR XƏBƏRLƏR