NASA və İBM birgə innovativ layihə çərçivəsində Günəşin “rəqəmsal əkiz” adlanan süni intellekt əsaslı virtual modelini yaradır. Bu layihə Günəşin mürəkkəb və dinamik fəaliyyətini təqlid edərək onun davranışlarını qabaqcadan proqnozlaşdırmağa imkan verəcək.
Daha.az xəbər verir ki, rəqəmsal əkiz NASA-nın peyklərindən və günəş müşahidə missiyalarından toplanan böyük həcmdə məlumatlardan istifadə edir. Bu model Günəşin tam surəti deyil, süni intellektlə idarə olunan bir nüsxədir.
Layihənin əsas məqsədi günəş fırtınaları kimi kosmik hava hadisələrini qabaqcadan xəbər verməkdir. Rəqəmsal əkiz vasitəsilə alimlər günəşdə baş verən bu fırtınaların səbəblərini daha yaxşı anlamaq və onların nə zaman baş verəcəyini qabaqcadan təxmin etmək imkanı əldə edəcəklər. Bu da hava nəqliyyatı, telekommunikasiya və digər sahələrdə təxirəsalınmaz tədbirlər görmək üçün vaxt qazandıracaq.
Qeyd edək ki, NASA və İBM-in bu əməkdaşlığı kosmik hava sahəsində böyük addım sayılır və dünyamızı bu cür fövqəladə kosmik hadisələrin təsirlərindən qorumaq üçün yeni imkanlar açır.