Daha.az “Ədəbiyyatımızın kədərli dəqiqələri” rubrikasından Fərid Hüseynin növbəti yazısını təqdim edir.
Əlvida deyərlər görüşənədək!
Görüşməyənədək sizə əlvida!
Yuxarıdakı misralara fikir verin, o sətirlərdəki etiraza, iyrənməyə, usanmaya, boğaza yığılmaya diqqət kəsilin! İnsanlardan, yan-yörəndəki adamlardan nə qədər əlini üzəsən, bəşər oğlundan nə qədər sifətin dönə ki, bu misraları yazmağa əlin gələ, ürəyin razı ola!
Bəlkə də, bu misraların sahibi həyatda olsaydı, bu boz-bulanıq güzəranımıza qarışıb, zindəganlığımıza uyğunlaşsaydı, yəqin, onun bu fikirləri də dönüb olacaqdı gündəlik gileylərdən, həyatın axarında yaranmış adi sözlərdən, saya düşüncələrdən biri. Fəqət bu misraların sahibi göynəkli, ağrılarla ləbaləb bir həyat yaşamışdı, zaman onun üzünə heç vəchlə gülməmişdi, nə ata-anadan yarımışdı, nə dost-qardaşdan, nə üzü dönmüş zəmanədən, nə də kəcrəftar dövrandan.
Sağlığında o qədər adamı cürbəcür üsullarla bezdirib, canını boğazına yığıb, sonradan əsl qiymətini bilmişik, həqiqi dəyərini anlamışıq ki, daha şairlərimiz bu sayaq qədirbilməzliyimizdən bəs qədər acı təcrübə toplayıblar, ona görə də naəlac qalıb öz dövrlərinə yox, məchul gələcəyə, sonubilinməz sabahlara bel bağlayıblar.
Sərdar Əsəd də dövründən usanan, canını dişinə tutub yaşayan dəyərli şairlərimizdən biri imiş və yaxşı bilirmiş ki, onun bu dünyadan qopması cahanın özü üçün bir boğmaya, bir boğazdankeçməz tikəyə çevriləcək:
Yox olanda dərd olaram dünyaya
Körpələrlə doğularam dünyaya.
***
Sərdar Əsədin şairlər – həmkarları, sənət yoldaşları sarıdan bəxti heç zaman düz-əməlli gətirməyib. Arxivindəki “Gənclər müşavirəsindəki çıxışımın mətni” başlıqlı əlyazmada haqlı olaraq gileylənir ki, min misradan yuxarı iki poemamı “Azərbaycan” jurnalına vermişdim, sonra düzəliş üçün nüsxələri özümə qaytardılar.
O poemalardan biri “Şimşək” adlanırmış və jurnalın redaktorunun tövsiyəsi ilə həmin mətn mötəbər şairlər arasında müzakirəyə çıxarılıbmış. Əgər müzakirələrdə həmin əsərə müsbət rəy verilsəymiş, poemanın çapına yaşıl işıq yanacaqmış. Ancaq necə deyərlər, sən saydığını say, gör çövkanbaz fələk nə sayır!
Şeir müzakirəsində Rəsul Rza, Mirvarid Dilbazi, Hüseyn Hüseynzadə (Hüseyn Arif), Əhməd Cəmil, Məmməd Rahim, Ələkbər Ziyatay və başqaları da iştirak edirmiş. Sərdar Əsəd həmin müzakirələrə qatılan həmkarı Hüseyn Arif barədə belə yazır: “…Hüseyn Hüseynzadə qətiyyətlə deyə bilərəm ki, həmin oxunuşda axıra kimi mürgülədi (bəlkə də, yoldan gəlmişdi, yorğun və yuxusuzdu). O əsəri tam şəkildə dinləməsə də, bir neçə ilin zəhmətini tam şəkildə yerə vurdu…” (Qəzənfər Kazımov, Əli Rza Xələfli, “Yaşayan Sərdar Əsəd”, Bakı, “Gənclik”, 2023, səh 30-31).
Bəlkə də, o poemalar yayımlansaydı, yuxulu şair onu dinləsəydi, Sərdar Əsədin ömrü intihara sarı yönəlməzdi, acı aqibət ondan kənar olardı. Çünki o dövrdə çap olunmayan hər əsər neçə-neçə başqa yaradıcılıq nümunələrinin də yolunu bağlayırdı, müəllifin gözdən-nəzərdən salınmasına səbəb olurdu. Bundan başqa, Sovet dövründə poemalarının nəşri şairin daha masştablı şəkildə qəbul edilməsinin, sadəcə, xırda şeirlərlə deyil, həcmli poetik nümunələrlə oxucularına üz tutmaq imkanının göstəricisi idi ki, bu imkan Sərdar Əsəddən nədənsə əsirgənirdi.
***
1959-cu ildəsə Bakıda, olduğu mühit içərisində işləri düz gətirməyən, özünə yer tapa bilməyən Sərdar Əsəd Moskvaya Ali Ədəbiyyat İnsitutuna məktub göndərir ki, bəlkə, ora qəbul edilə, canı bu keçməkeşli həyatdan, işsizlikdən xilas ola, onda da məlum olur ki, həmin il Azərbaycan üzrə göndəriş yeri artıq dolub. Həmin yerə Yazıçılar Birliyindən Məmməd İbrahimin (Araz) namizədliyi irəli sürülübmüş. Əlbəttə, burda qərəz axtarmağa dəyməz, çünki Sərdar Əsəd Məmməd Arazla yaxın dost idilər, ümumən isə Məmməd Araz xaraktercə mərdimazar biri olmayıb, heç kəsə “pislik əlini uzatmayıb”.
Sadəcə, burada söhbət Sərdar Əsədin bəxtsizliyindən gedir. Olsun ki, həmin il Moskvada təhsil almağa yollansaydı, həyatı tamam başqa yönə istiqamətlənər, o mühitin içərisində sıxma-boğmalarsız, daha yaxşı özünüifadə imkanı tapar və onu girələyən intihardan canını qurtarardı…
***
Min adama yaxşılıq edirsən, minbir kəsin taleyinə müsbət toxunuşların olur, saysız-hesabsız insanlardan xeyirxahlıqlarını əsirgəmirsən, lakin çox zaman elə o müsbət, nəcib addımların biri də tarixə çevrilmir, sanki heçdən gəlib, heçə də adlayır. Amma bir də görürsən ki, elə bir məqam gəlib yetişir ki, pislik etməsən də, yaxşılığını əsirgəməyin dönüb olur qaçılmaz tarix, pozulmaz yaddaş. Özü də necə, acıdan acıya çevrilmiş, zillətdən zillətə dönmüş…
Sərdar Əsədlə bağlı şair Çingiz Əlioğlunun xiffət dolu bir xatirəsi var: Həmin xatirə belədir ki, bir dəfə Çingiz Əlioğlu “Ulduz” jurnalına yazı aparıbmış, Sərdar Əsəd də həmin redaksiyada imiş. Nədəndə Sərdar Əsəd getmək istəyirmiş, ancaq tək getmək istəmirmiş, bu halda üz tutur mərhum şair Səyavuş Sərxanlıya ki, məni Azərbaycan Yazıçılar Birliyinin binasının tininə – Azərbaycan Rəssamlar İttifaqına qədər ötür.
Səyavuş Sərxanlının əlində nəsə işi var imiş deyə, o, şair həmkarı ilə aşağı düşməkdən imtina edir. Sonra Sərdar Əsəd Çingiz Əlioğlundan xahiş edir ki, onunla bərabər binanın tininə qədər getsin. Çingiz Əlioğlu da həmin anda şair İsa İsmayılzadə ilə söhbət edirmiş. Çingiz müəllim də onu ötürməkdən imtina edir, düşünür ki, günün günorta çağı, özü də, yaxın məsafəyə adam ötürmək harda görünüb, bunun nə mənası var. Heç Sərdar Əsədin iki həmkarından xahiş etdiyini görən İsa İsmayılzadə də kömək əlini uzatmır. Beləcə, üç şairdən heç biri – nə Səyavuş Sərxanlı, nə Çingiz Əlioğlu, nə də İsa İsmayılzadə Sərdar Əsədi ötürür. Şair Sərdar Əsəd sakitcə çıxıb təkbaşına oradan gedir, o hadisənin səhəri günü isə intihar edir.
Yəqin ki, Sərdar Əsədin onlardan birinə deməyə nəsə sözü varmış, ürəyini boşaltmaq, yaxud içini didən dərdləri danışmaq istəyirmiş. Yoxsa 45 yaşlı Sərdar Əsəd fiziki baxımdan köməyə ehtiyacı olan biri deyildi ki, kiminsə onun qoluna girib aparması zərurəti yaranaydı.
Sonralar Çingiz müəllim bütün ömrü boyu Sərdar Əsədi binanın tininə qədər ötürmədiyinin peşmanlığını çəkib. Çingiz müəllim “Gənclik” nəşriyyatında redaktor işlədiyi vaxtda onun “Dağları aşdı sellər” adlı kitabını çap etdirib. Sərdar Əsədin yubileylərində iştirak edib. Çingiz müəllim hətta Sərdar Əsədə “Gündoğandan günbatana” adlı bir şeir həsr edib:
Qərib durnalar uçur
Gündoğandan günbatana.
Ömürdən illər köçür
Gündoğandan günbatana.
Əsir, küləklər, əsir
Gündoğandan günbatana.
Ürək getmir, tələsmir.
Gündoğandan günbatana.
Yolçu qaçır, yol axır
Gündoğandan günbatana.
Anan ardımca baxır
Gündoğandan günbatana.
Ağ yollara qar yağır,
Gündoğandan günbatana.
Çağır anan, hey çağır,
Gündoğandan günbatana.
Bu şeirdə məni ən göynədən yer “anan arxamca baxır” misralarıdır. Yəni Sərdar Əsədin anası öz övladının deyil, onunla bir neçə mərtəbə aşağıya qədər yol getməyən, ötürməyən şairin – şeirin müəllifi arxasınca baxır. O ananın baxışları sanki Çingiz Əlioğludan övladını ötürməsini “dilənir”.
Söhbət kimlərisə ittiham etməkdən, günahlandırmaqdan getmir, heç şübhəsiz ki, heç kəs belə bir ağrılı sonluğu Sərdar Əsədə arzulamazdı və bundan başqa onsuz da yazıya pozu yoxdur. Ancaq Sərdar Əsədin özünə yoldaş aradığı, ətrafdakı adamlarla danışmaq istədiyi, ancaq heç kəsin ona ayırmağa vaxtı olmadığı an mənimçün ədəbiyyatımızın ən kədərli dəqiqələrindən biridir.
Bu hadisə Mayakovskinin öldüyü gecəni xatırladır: Mayakovskinin inqilabi şeirləri həmin dövrlərdə o qədər önə çıxıb ona nəhayətsiz şöhrət gətiribmiş ki, hətta Boris Pasternak bu barədə belə deyirmiş: “Onun şeirlərinin sonundakı “Vladimir Mayakovski” imzası müəllifin deyil, mövzunun adıdır”.
Əfsus ki, belə bir nüfuz sahibi mənəvən tənha imiş və psixoloji böhran keçirdiyi bir vaxtda yanında bir ruh yoldaşına ehtiyacı varmış. O ölən gün aktrisa sevgilisi Veronika Polonskayaya yalvarıb ki, teatra məşqə getmə, məni tək buraxma. Gənc aktrisa isə məşqə tələsdiyini deyir və otaqdan çıxır, bir neçə saniyə sonra Mayakovski özünü ürəyindən güllələyir. O hadisədən bir neçə gün öncə haqqında xatirələrini bölüşən dostları da xatırlayırlar ki, Mayakovski onlardan ayrılmaq istəmirmiş.
Görünür, bu dünyada dost-yoldaş, yar da bir yerə qədər insanın ardıyca gələ bilir, ümumən həyatın özü belə adamla bir yerə qədər gəlir. Sona qədər insanla yol yoldaşlığı edənsə, deyəsən, elə ancaq ölümün özüdür…