Fəlsəfənin qısa tarixi – Simran Qədim

Daha.az Simran Qədimin “Fəlsəfənin qısa tarixi” yazısını təqdim edir. 

Gəlin fəlsəfələyək. Bəs fəlsəfə nədir? Əslində, bu sualın özü artıq fəlsəfədir. Sual bir olsa da, cavablar çoxdur, müxtəlifdir. Konkret suallara konkret cavablar tapmaq həmişə alınmır. Dəqiq cavabın olmadığı vəziyyətlərdə isə filosoflar fərziyyələr irəli sürməyə, mülahizələr aparmağa başlayıblar. Beləliklə, insanın özünə, həyata və varlığa dair suallar verdiyi ilk andan fəlsəfə yaranıb.

Fəlsəfənin kökləri qədim sivilizasiyalara – Şumerlərə, Misirə, Hindistana, Çinə gedib çıxır. Şumer mətnlərində insan taleyi, varlığın mənşəyi haqda yazılır, Misirin “Ölülər kitabı”nda ölümdən sonrakı həyat, əxlaqi-mənəvi məsələlər araşdırılırdı. Hindistanın Vedaları, Upanişadları ruh, kainat və insanın mahiyyəti üzərində dayanır, Çinin Tian anlayışı isə kosmik nizama, onun arxasındakı mənəvi-əxlaqi prinsiplərə toxunurdu.

Fəlsəfi düşüncədə Şərq sivilizasiyalarının rolu təkcə mifik-metafizik təsəvvürlərlə məhdudlaşmadı. Eramızdan əvvəl VI–V əsrlərdə Hindistanda Budda varlığın mahiyyətini insan təcrübəsində axtardı, əzabdan xilası zehinin tərbiyəsində gördü. Çində Konfutsi insanın sosial varlıq kimi formalaşmasına diqqət çəkdi, harmoniyanı kainatdakı yox, insan davranışlarındakı nizamda tapdı.

Təxminən, 2500 il əvvəl fəlsəfə antik Yunanıstanda sistemli şəkildə formalaşdı. Mifoloji yozumlardan uzaq, rasional və məntiqə əsaslanan düşüncə ortaya çıxdı. Fales, Anaksimandr, Anaksimen, Heraklit və Demokrit kimi presokratik (Sokratdan əvvəlki) filosoflar əsasən təbiət hadisələrini və varlığın mənşəyini anlamağa çalışdılar. Sokratın, Platonun, Aristotelin dövründə isə insan və cəmiyyət, əxlaq və siyasət daha geniş araşdırıldı. Mifoloji təfəkkür tədricən yerini arqumentlərə verdi, düşüncə rasionallaşdı.

RAFAEL "AFİNA MƏKTƏBİ"
RAFAEL “AFİNA MƏKTƏBİ”

Fəlsəfə məlumat toplamaq yox, məlumatla davranmaq, biliyi və müdrikliyi sevmək sənətidir. Məqsəd test tapşırığı yerinə yetirən şagird kimi, cavablar əzbərləmək, düşüncə qəlibləri formalaşdırmaq deyil. Əksinə, şüurumuzda yeni və fərqli suallar yaratmaqdır. Bilmədiklərimizdən xəbərdar olmaq, təfəkkür qandallarından qurtulub düşüncə təcrübələri yaşamaq…

Fəlsəfi düşüncə insanın özünü və həyatı məna dərinliyində anlama, cavabların arxasındakı dəyərləri araşdırma cəhdidir. Fəlsəfə müxtəlif sahələri bütöv mənzərədə anlamağa çalışır, bilinənin bilinməyən, görünənin görünməyən tərəflərini işıqlandırır. Bizi tənqidi təhlilə, şübhəyə çağırır, daha şüurlu varlığa çevirib düşünmək cəsarəti, müzakirə mədəniyyəti qazandırır.

Dünyanı, yoxsa özümüzü anlamağa çalışmalıyıq? Cavab bəzən bu ikisinin vəhdətindədir. Dünya da, insan da həddən artıq mürəkkəb olduğundan heç kəs onları tam anlaya bilmir. Tam anlamaq üçün sonsuz bilikləri tam qavramalı, yadda saxlamalı, təhlil etməliyik. Bu isə mümkün deyil. Ona görə də hər kəs öz dünyagörüşünün sərhədlərini dünyanın sərhədləri kimi qəbul edir.

Orta əsrlərdə fəlsəfə əsasən dini çərçivəyə düşdü. Avreli Avqustin, Foma Akvinalı, Əl-Fərabi, İbn Sina, İbn Rüşd kimi mütəfəkkirlər ağılla inanc arasında körpü qurmağa, Tanrının varlığını və ruhun mahiyyətini rasional əsaslarla izah etməyə çalışdılar.

XVI–XVII əsrlərdə elmi inqilablarla birlikdə fəlsəfə yenidən dünyəvi istiqamət aldı. Nikolay Kopernik, Qalileo Qaliley, İsaak Nyuton kimi alimlərin kəşfləri həyata baxışı dəyişdirdi, təbiət qanunlarının təcrübi metodlarla öyrənilməsinə rəvac verdi. Rene Dekart, Barux Spinoza, Qotfrid Leybnits kimi rasionalist filosoflar biliyin əsasən düşüncə yolu ilə, Con Lok, Corc Berkli, Devid Hyum kimi empiristlər isə təcrübə vasitəsilə əldə olunduğunu müdafiə etdilər.

XVIII–XIX əsrlərdə İmmanuel Kantın tənqidi fəlsəfəsi idrakın sərhədlərini müəyyənləşdirməyə çalışdı. Vilhelm Hegelin dialektik sistemi tarixi prosesləri məntiqi inkişaf kimi təqdim etdi, Artur Şopenhauer isə insanın qaranlıq və irrasional tərəflərini göstərdi.

Sören Kerkeqor ağılla iman arasındakı gərginliyi önə çəkdi, Karl Marks tarix və cəmiyyəti materialist çərçivəyə saldı, Fridrix Nitsşe isə “güc iradəsi” anlayışı ilə insana və dəyər sistemlərinə yeni baxış gətirdi. Fəlsəfədə insanın dəyəri, azadlıq və məsuliyyət kimi anlayışların rolu artmağa başladı.

İMMANUEL KANT, KARL MARKS, ARTUR ŞOPENHAUER
İMMANUEL KANT, KARL MARKS, ARTUR ŞOPENHAUER

XX əsrdə müxtəlif istiqamətlər yarandı. Edmund Husserllə fenomenologiyada subyektiv təcrübənin mahiyyəti, Bertran Rassel, Lüdviq Vitqenşteynlə analitik fəlsəfədə dilin və məntiqin strukturu, Jan-Pol Sartr, Alber Kamü ilə isə ekzistensializmdə insanın mövcudluq narahatlığı və mənasızlıq hissi araşdırıldı.

Hanna Arendt totalitarizmi təhlil etdi, Mişel Fuko hakimiyyət, bilik və nəzarətin qarşılıqlı əlaqəsinə kökləndi. Karl Popper elmi biliklərin etibarlılığını müəyyənləşdirən əsas meyarları irəli sürdü, Jak Derrida dekonstruksiya anlayışı ilə mətn və məna sabitliyini şübhə altına aldı.

Dünya dəyişdikcə fəlsəfə də inkişaf edir. Fəlsəfə yerində saymır, çünki insan, cəmiyyət və texnologiya daim yenilənir.

Digər tərəfdən, əgər hansısa suala dəqiq cavab tapılırsa, bu artıq fəlsəfə olmaqdan çıxır, elmə çevrilir. Tarix boyu “Ulduzlar niyə hərəkət edir?”, “Həyat necə əmələ gəlib?”, “İnsan bədəni necə işləyir?” kimi sualların cavabı əvvəlcə fəlsəfədə axtarılıb, onun sınaq meydanında olub. Amma zamanla bu suallar fəlsəfədən ayrılıb, konkret elmi sahələrə yönəlib.

Fizika maddənin, astronomiya kainatın, biologiya həyatın, psixologiya isə düşüncənin qanunlarını izah edir. Fəlsəfə fundamental məsələlərlə bağlı suallar qoymaq və onlara arqumentləşdirilmiş cavablar axtarmaqdan ibarət zehni fəaliyyət sahəsidir.

Fəlsəfə ilə elm arasındakı münasibətdə vacib bir məqam var. Belə ki, elmin hələ formalaşmadığı zamanlarda yaranmış fikirlərin bir çoxu tam yanlışdır. Axı yanlış dünyagörüşü üzərində qurulan fəlsəfi sistem bütünlüklə doğru ola bilərmi? Məsələn, qədim insanlara görə, ildırım Tanrının qəzəbi, xəstəlik ruhların oyunu idi. Halbuki ildırım sadəcə elektrik boşalmasıdır, xəstəliyi isə mikroorqanizmlər və genetik mutasiyalar yaradır.

Əgər fəlsəfi fikirləri, hekayələri yozumlarla mənalandırmaq istəyiriksə, yenə də problem davam edəcək. Çünki yozumlar subyektiv olur, baxış bucağından, savad səviyyəsindən, maraqların qorunmasından asılı olaraq dəyişir. Dəyişkən mülahizələr isə həmişə spekulyasiyaya açıqdır, mütləq həqiqət kimi qəbul edilə bilməz.

Bu baxımdan elmi əsasdan məhrum bir çox qədim düşüncələr bu gün aktuallığını itirib. Anlaşılmaz və çoxyozumlu, bər-bəzəkli cümlələr əksərən yanıldıcı olur, sadəcə dərinlik illüziyası yaradır. Belə mətnləri ali bilik mənbəyi kimi qəbul edib onlara inana, bütün suallarımıza həmin mətnlərdə cavab tapa bilmərik.

Ancaq bu o demək deyil ki, elmi inkişafa görə fəlsəfə artıq lazım deyil. Fəlsəfənin yaratdığı ideyalar elmi inkişafa həmişə təkan verib. Fəlsəfə düşüncənin istiqamətini göstərir, elm isə həmin istiqamətdə nəticə əldə edir, ölçülə və sınanıla bilən cavablar tapır.

Elm kainatın, təbiətin necə işlədiyini anlamağa çalışırsa, fəlsəfə “niyə?”, “nə üçün?” suallarına cavab axtarır. Biri “bu necə baş verir”ə fokuslanır, digəri “bu niyə belədir”ə. Fəlsəfi düşüncə olmasaydı, elmi metodlar formalaşmaz, məntiq, sübut kimi anlayışlar, eyni zamanda, etik prinsiplər, hüquq sistemləri, ideologiyalar, demokratiya meydana çıxmazdı.

Bundan əlavə, elm əxlaqi-mənəvi məsələlərdə aciz qalır, fikir bildirməkdə çətinlik çəkir. Tutalım, vicdanın harada başlayıb harada bitdiyini hesablayan cihaz yoxdur, ədalətin metrlə, mərhəmətin termometrlə ölçüldüyünü görən olmayıb. Ona görə də vicdan, ədalət, mərhəmət kimi əxlaqi-mənəvi anlayışlarla bağlı əsasən fəlsəfi düşüncə danışır.

Əlbəttə, elm belə mövzularda müəyyən fikir söyləyə bilər – məsələn, beyin dalğalarının empatiya zamanı necə dəyişdiyini göstərər. Amma “bu, ədalətlidir!” və ya “bu, vicdansızlıqdır!” hökmünü verə bilməz.

Bəsit situasiyalarda hər kəs “bu, ədalətsizlikdir!” deyə ortaq fikir bildirsə də, situasiyalar həmişə bəsit olmur. Odur ki fəlsəfi düşüncədən yoxsul birinin mürəkkəb mətləblər barədə iddialı mübahisələr etməsi insanın bilmədiyi dildə danışmağa çalışmasına bənzəyir.

***

Bu gün fəlsəfə insanın dünyadakı mövqeyini yalnız əxlaqi-mənəvi deyil, həm də sosial-siyasi, texnoloji-bioloji kontekstlərdə araşdırır. Qloballaşma və rəqəmsallaşma düşüncənin miqyasını genişləndirib, süni zəka və neyroelm kimi sahələr idrakın mexanizmlərinə aid təsəvvürləri yenidən formalaşdırıb.

Corco Aqamben müasir dövləti, biosiyasəti, insanın hüquqi statusunu, Cudit Batler kimlik, gender, sosial konstruksiya problemlərini təhlil edir. Slavoy Jijek kapitalizmin gizli siyasətini, Byon-Çul Han isə rəqəmsal dünyada performans cəmiyyətini araşdırır.

Zehin fəlsəfəsində Daniel Dennett, Devid Çalmers şüurun fiziki və fenomenal təbiətinə, Patrisiya Çörçlend isə davranış və əxlaqın neyrobioloji əsaslarına köklənir. Piter Singer qlobal əxlaq, Nik Bostrum isə süni superintellektin yaratdığı ekzistensial risklər barədə fikirlər irəli sürür.

   SLAVOY JİJEK                                          BYON-ÇUL HAN                               PİTER SİNGER
SLAVOY JİJEK, BYON-ÇUL HAN, PİTER SİNGER

Müasir fəlsəfə həm insanın dəyərinə, həm də texnodünyanın etik sərhədlərinə diqqət çəkir, müxtəlif suallarla dəyişən reallığı anlamağa çalışır:

“Robotlar düşünə bilərlərmi?”, “virtual şəxsiyyət nədir?”, “süni zəka etikası necə olmalıdır?”, “Yaradıcılıq yalnız insana xas qabiliyyətdirmi?”, “Şüur nədir?”, “Əgər şüur sadəcə kompleks neyron şəbəkəsidirsə, alqoritmik mexanizmləri şüurlu saya bilərikmi?”, “İnsanın dünyadakı yeri nədir?”, “Varlığımızın tam rəqəmsallaşması mümkündürmü?”…

Yeni çağırışlar yeni suallar və anlayışlar yaradır. Məsələn, son illərdə “posthumanizm”, “rəqəmsal ontologiya”, “yeni materializm” kimi konsepsiyalar fəlsəfi-texnoloji düşüncənin istiqamətini dəyişib.

Posthumanizmə görə, texnologiya ilə inteqrasiya dərinləşdikcə “insan” anlayışı sabit kateqoriya olmaqdan çıxır. Burada antroposentrik, yəni insanı kainatın mərkəzinə qoyan baxışlar tənqid edilir, insan və maşın, təbiət və texnologiya arasındakı sərhədlərə yenidən nəzər salınır.

Rəqəmsal ontologiya rəqəmsal obyektlərin, alqoritmlərin, məlumatların, virtual kimliklərin ontoloji (varlıq) statusunu araşdırır. Burada virtual aləm sadəcə reallığın surəti deyil, varlığın, həyatın xüsusi təzahürüdür. Sual yaranır: “Mən bədənimdəyəm, yaddaşımdayam, yoxsa bulud serverlərində?”

Yeni materializm isə materiyanı statik, passiv deyil, dinamik, aktiv qüvvə kimi görür. Daş, su, bitki, insan, texnologiya… – hamısı qarşılıqlı təsirdə olan sistemlərdir. Bu baxımdan insanın texnologiya ilə əlaqəsi təbiətdən uzaqlaşma deyil, materiyanın dinamik inkişafının növbəti formasıdır.

Bu gün fəlsəfi mövzularla bağlı sonsuz resurs – kitab, jurnal, məqalə olsa da, hikmət və müdriklik aclığı hökm sürür. Əlimizdə smartfon günbəgün daha çox mexanikləşir, həyata yadlaşırıq. Bəlkə də, tarixdə ilk dəfə bu qədər çox “bildiyimiz” halda, bu qədər az biliyə sahibik.

Gələcəkdə fəlsəfə texnologiyanın ritminə daha çox uyğunlaşacaq. Süni zəkanın və robotların etik-hüquqi statusu, informasiya xaosunun həqiqətlə münasibəti, ekoloji məsuliyyət… – bütün bunlar, çox güman ki, fəlsəfənin əsas mövzularından olacaq.

Süni zəkanın qərarvermə gücü artdıqca azad iradə anlayışı yenidən şərh ediləcək. Simulyativ reallıqlar “reallıq nədir?” sualını daha kəskin şəkildə gündəmə gətirəcək. Gen mühəndisliyi ilə “dizayn edilmiş körpələr” və postinsan ssenariləri əxlaqi-hüquqi çərçivələri yenidən formalaşdıracaq.

Eyni zamanda, kosmosda hüquq və etika, çoxplanetli insan kimliyi, kosmik resursların bölüşdürülməsi kimi mövzular aktuallaşa, ekoloji böhran fonunda fəlsəfə “insan mərkəzli etika”dan “ekosistem mərkəzli etika”ya keçə bilər.

Bununla belə, fəlsəfə hər dövrdə eyni missiyanı yerinə yetirir: dəyişən dünyada dəyişməyən suallara cavab axtarmaq! Kainatdakı yerimiz, həyatın mənası, varlığımızın səbəbi kimi təməl suallar hələ də açıq qalır.

Əgər Sokrat bu gün yaşasaydı, yəqin ki, sosial şəbəkələrdə fəal olar, amma heç kəsin ondan xoşu gəlməzdi. Çünki düşündürücü suallar verər, atmilçəyi kimi insanları bezdirərdi. Kim bilir, bəlkə də, gələcəkdə alqoritmlər filosofluq edəcək, Sokratın təbii ağlı, robotların süni zəkası ilə əvəzlənəcək.

CHATGPT “RƏQƏMSAL SOKRAT VƏ YA ALQORİTMİK FİLOSOF”
CHATGPT “RƏQƏMSAL SOKRAT VƏ YA ALQORİTMİK FİLOSOF”
OXŞAR XƏBƏRLƏR