Film layihəmiz Beynəlxalq inkişaf proqramında

Ssenarist və rejissor Nurlan Həsənlinin inkişaf mərhələsində olan “Yaşıl çəmən” adlı yeni qısa film layihəsi Avstriyada keçirilən Linz Film Talant Akademiyasının inkişaf proqramına seçilib.

Daha.az xəbər verir ki, “Linz Film Talent Academy” gənc kino mütəxəssislərini dəstəkləmək məqsədilə yaradılıb. Qurumun əsas məqsədi güclü bədii baxışa malik qısa və debüt tammetrajlı film layihələrinin inkişafına töhfə vermək, onları beynəlxalq kino industriyasına təqdim etməkdir. Proqrama seçilən iştirakçılar üçün xüsusi ustad dərsləri, mentorluq, beynəlxalq peşəkarlarla görüşlər təşkil olunur. Daha sonra layihələr Linz Film Festivalı çərçivəsində pitçinq müsabiqəsində iştirak edir. Proqramın ən mühüm mərhələlərindən biri də Kann Film Festivalında 4 günlük rezidensiyada iştirak etmək imkanıdır.

Filmin ssenari müəllifi və rejissoru Nurlan Həsənli, prodüserləri Emil Nəcəfov, Türkan Hüseyn, Əli İsa Cabbarovdur.

Qeyd edək ki, müəllifin proqramda iştirak xərcləri Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən qarşılanıb.

OXŞAR XƏBƏRLƏR