Eynilərin cəhənnəmində həqiqət yoxdur – Yaralanmanın estetikası

Daha.az Bön Çul Xanın “Gözəli xilas etmək” kitabından növbəti hissəni təqdim edir.

əvvəli BURADA

Roland Bart yaralanmanın erotizmini belə dəyərləndirir: “Mənim dərim yoxdur (nəvazişin xaricində). İnsan sevgidən danışırsa, Sokratın Fedri parodiya etdiyi kimi, tüklülərdən deyil, dərisi soyulmuşlardan danışmalıdır”. Dərisi olmayanın erotizmi radikal bir passivliyə əsaslanır. Dərisi soyulmuşun nümayişi, sadəcə, bədənin bir hissəsinin açılmasından kənara çıxır.
Bu, ağrı və yaranı ifadə edir:

“Dərisi soyulmaq. Sevgilinin özünü yaralana bilən, hətta ən kiçik yaralara belə hazır olan xüsusi həssaslığıdır”.

Bugünkü pozitiv cəmiyyət həmişə yaralanmanın neqativliyini azaldır. Bu, sevgiyə də aiddir. Yaralanmağa səbəb ola biləcək hər hansı ülvi bağlılıqdan uzaq durulur. Libidinal enerjilər, eynilə kapital qoyuluşları kimi müxtəlif obyektlərə yayılır və beləliklə, tamamilə itkinin qarşısı alınır. Qavrayış da getdikcə neqativlikdən  qaçınır. Layk(bəyənmə) qavrayışa hökm edir. Lakin empatik baxımdan, görmək həmişə başqasını görməkdir, buna təcrübə deyilir. İnsan özünü yaraya məruz qoymadan başqasını görə bilməz. Görmək incidilə bilənlik tələb edir. Əks halda, eyni şeylər təkrarlanar. Sentimentallıq incidilə bilənlikdir. Yaralanmağa görmənin həqiqət anı deyə bilərik. Yaralanma olmadan həqiqət (Wahrheit) yoxdur; həqiqəti qəbul etmək, yəni qavrayış (Wahrnehmen) da yoxdur. “Eyniliyin cəhənnəmdə həqiqət yoxdur”.

“Malte Lauridsa Briqqenin Qeydləri”ndə Rilke görməni yaralanma  kimi təsvir edir. Görmə özünü “Mən”in naməlum aləminə daxil olan şeylərə bütünlüklə tabe edir. Beləliklə, görməyi öyrənmək aktiv, şüurlu bir prosesdən başqa bir şey deyildir. Hətta baş verməsinə icazə vermək və ya baş verməsinə  məruz qalmaqdır: “Görməyi öyrənirəm. Səbəbini bilmirəm. Amma hər şey mənə daha dərindən nüfuz edir və həmişə vardığı nöqtədə çox dayanmır. Haqqında heç nə bilmədiyim daxili bir tərəfim var. Hər şey oraya doğru gedir. Orada nə baş verdiyini bilmirəm”.

Sarsılmağın və təsirlənmənin neqativliyi, yəni yaralanmanın neqativliyi mütləq təcrübəyə aiddir. Təcrübə, insanın özünü təhlükəyə məruz qoymalı olduğu küçəni keçməsi kimidir: “Kirpi özünü kor edir… magistral yolda təhlükə hiss etdikdə özünü qəzanın ixtiyarına buraxır… Qəzasız heç bir şeir, özünü yara kimi gerçəkləşdirməyən heç bir şeir (yoxdur), fəqət heç biri də yaralamadan mümkün deyil”. Yaralanma olmadan nə poeziya, nə də sənət vardır. Düşünmə də yaralanmanın neqativliyi ilə alovlanır. Ağrı və ya yaralanma yoxdursa, eyni, tanış, adət edilmiş olan davam edir: “Təcrübə… mahiyyət etibarilə ağrıdır və bu ağrıda varlıqların adət olunmamış fundamental fərqliliyi ortaya çıxır”.

Bartın fotoqrafiya nəzəriyyəsi həmçinin yaralanma estetikasını inkişaf etdirir. Bart fotoqrafiyanın iki elementini fərqləndirir. O, birincisini “studium” adlandırır. “Bu anlayış işlənilməli olan geniş məlumat sahəsinə aid edilə bilər, bura “qayğısız istəklər, məqsədsiz maraqlar və uyğunsuz zövqlər aləmidir: Bəyəndim-bəyənmədim, (İ like – İ dont) etmirəm”. İzləyici “studium”un  məkanına baxar və xoş bir səyahətə çıxar. Bir göz ziyafətindəymiş kimi fotoşəkildən qidalanar. “Studium”a “to love”ın (sevmək) deyil, “to like”ın (bəyənmək), “məni bəyən”in janrına aiddir. “To like” “Bəyənmək” hər hansı bir sərtlikdən və ya sarsıntıdan məhrumdur. Fotoşəkil mədəni olaraq kodlaşdırılıb”.

“Studium” bu koda az və ya çox həvəslə əməl edir. Amma o, heç vaxt “mənim zövqüm və ya ağrım” olmur”. O, heç bir həvəs, ehtiras, sevgi alovlandırmır. “Studium” “yarı istək, yarı arzu” yaradır. “Qəti olmayan, səthi, məsuliyyətsiz” maraqla idarə olunur.

Fotoqrafın ikinci elementi “punctum”dur (lat. çapıq, dəlmək, iz). O, izləyicini yaralayır, incidir və sarsıdır: “Bu dəfə (“studium”un məkanını təchiz edən öz suveren şüurumun əksinə) ziyarət edən mən deyiləm, amma bu element öz münasibətlərindən irəli gələrək məni ox kimi vurur, deşir”. “Punctum” qəfildən bütün diqqətimi cəlb edir. “Punctum”un oxunması “eyni zamanda qısa və aktivdir, ovunun üstünə tullanmadan əvvəl pusquya yatan yırtıcı kimidir”. “Punctum” bir baxış olaraq, özünü yırtıcı heyvanın mənə yönəlmiş baxışı kimi elan edir, gözlərimin suverenliyini sorğulayır. O, bir göz ziyafəti olaraq fotoşəkili dəlik-deşik edir.

“Puctum”, görmə boşluğunu, “kor sahəni” işarə edir. “Punctum”a sahib fotoşəkil gizlənmə yeridir. Fotoşəkillərin erotik təbiəti və cazibədarlığı da o yerdədir: “Mənim fikrimcə, bu kor sahənin mövcudluğu (dinamikası) erotik fotoqrafiyanı pornoqrafik fotoqrafiyadan fərqləndirir… Pornoqrafik fotoşəkildə “punctum” tapa bilmirəm; ən yaxşı halda, məni əyləndirər (amma sonra dərhal narahatlıq hissi yaranar)”. Erotik fotoşəkil “zədələnmiş, çatlamış” bir görüntüdür. Bunun əksinə olaraq, pornoqrafik fotoşəkildə nə sınıq, nə də çat görünür. o hamardır. Bu gün bütün şəkillər az və ya çox pornoqrafikdir. Onlar şəffafdır. Görmə boşluqları yoxdur. Onların gizli yerləri yoxdur.

“Punctum”un digər bir aspekti də əsasən qeyri-şəffaflığıdır. Hər adlandırılma və göstərilmədən geri çəkilir. İnformasiyaya və bilgiyə  çevrilə bilməz: “Adlandıra bildiyim şey məni həqiqətən ələ keçirə bilməz. Bir şeyi adlandırmağa qadır olmamaq narahatlığın açıq bir əlamətidir”.

“Punctum” məni özümə məlum olmadığım yerdə axtarır. “Punctum”un  müəmmalı təbiəti məhz oradadır: “Təsiri oradadır, ona görə də onu tapmaq mümkün deyil; nə işarəsini, nə də adını tapaq mümkündür; orada kök salıb və yenə də öz “mən”imin qeyri-müəyyən zonasına enir”.

Monoxrom fotoşəkillərdə “punctum” yoxdur. Onlar, sadəcə, “studium”un  obyektləridir. Yaralamasının neqativliyi sayəsində “punctum” şokdan  fərqlənir: “Reportaj fotoşəkilləri əsasən monoxrom fotoşəkillərdir (monoxrom fotoşəkillər rəvan olmaya da bilər). Bu şəkillərdə “punctum” yoxdur: müəyyən bir şok var – hərfi mənada travmatikdir – amma qıcolma yoxdur; Fotoşəkil sizi “qışqırmağa” məcbur edə bilər, amma yaralamaz”. Şokdan fərqli olaraq, “punctum” sizi qışqırmağa məcbur etmir. O, sükutu sevir, sirri saxlayır. Sükutuna baxmayaraq, özünü yaralanma kimi göstərir. Bütün mənalar, məqsədlər, fikirlər, qiymətləndirmələr, mühakimələr, səhnələr, pozalar, jestlər, kodlaşdırmalar və məlumatlar yox olduqda, “punctum” səssizcə özünü göstərir, geridə qalanın mahnısını oxuyaraq bizə hiss bəxş edir. (betroffen). Təmsilçilik, məna (Sinn) və mənalılıq (bedeutsamkeit) ilə vasitəçilikdən imtina edən təcililiyin, bədənli, maddi, affektiv, şüuraltı, hətta real olanın arxasında, müqavimət göstərərək geriyə qalandır “punctum”. Simvolik olanın əksidir.

Kinematoqrafik görüntülər, müvəqqətiliklərinə görə “punctum”dan məhrumdur: “Gözlərimi ekranın qarşısında yummaq azadlığını qəbul edə bilmirəm, çünki gözümü açanda eyni mənzərə orada olmur artıq. Daim doymamağa məcburam. (Ekranın) bir çox digər fərqli xüsusiyyətləri diqqət çəkir, amma düşüncəlilik yoxdur, buna görə də fotoqrama olan marağım da tam bu zaman yaranır”. Şəkillərin acgözlüklə istehlakı gözləri yummağı qeyri-mümkün edir. “Punctum” görməni əzablı (Askes) bir iş sayır. Onda özünəməxsus musiqili bir şey var. Bu musiqi yalnız gözlər yumulduqda, “səssizlik səyi vasitəsilə eşidilir”. Sükut ünsiyyətin “bayağı filan bəsməkanın” şəklini uzaqlaşdırır. Gözləri yummaq “şəkli səssizcə danışdırmaq” deməkdir. Buna görə də Bart Kafkadan sitat gətirir: “Biz şeyləri ağlımızdan çıxarmaq üçün fotoşəkil çəkirik. Hekayələrim, bir növ, gözlərin yumulmasıdır”. Ani qavrayış “punctum”u yox edir. Gözlərimizi yumduğumuz zaman önümüzdə açılan təxəyyül məkanı yavaş-yavaş yetkinləşir. Orada əşyaların sirli ünsiyyəti mümkün olur. “Punctum”un dili təxəyyülün yuxu protokoludur.

Tələskənlik əsnasında vasitəsiz varlıq bütövləşir. Hər cür aşkarlanmamaq (Latenz) basdırılır. Hər şeyin dərhal əlçatan olması lazımdır. “Puktum” özünü dərhal deyil, yalnız sonradan xatırlama zamanı aşkar edir: “Bütün aydınlığına baxmayaraq, “punctum”un  bəzən yalnız sonradan, yəni fotoşəkil artıq qarşımda olmadığı və mən onun haqqında düşündüyüm zaman özünü göstərməsi təəccüblü deyil. Xatırladığım bir fotoşəkli baxdığım bir fotoşəkildən daha yaxşı tanıya bilərəm… Nə qədər ani və kəskin olsa da, bunu yeni anladım: “punctum”u müəyyən bir potensiallıq vəziyyətini (latenz) izləməklə yaxalamaq olar. (Amma onu heç vaxt diqqətli baxmağın köməyi ilə əldə etmək olmaz).

Rəqəmsal rəsmin qavranılması yoluxma, hiss, rəsm ilə göz arasında birbaşa təmas kimi baş verir. Onların cinsi bir keyfiyyəti var. Onlarda estetik məsafə yoxdur. Yoluxma kimi qavranılma gözləri yummağa izin vermir. Bartın “studium”, “punctum” konseptual cütlüyü “affectum”a qədər genişləndirilə bilər. Gözlə rəsm arasında birbaşa təmas yalnız “affectum”a imkan verir. Rəqəmsal vasitəçilər affektin vasitəçiləridir. Affektlər hisslərdən və ya diskurslardan daha sürətlidir. “Affectum”un nə “studium”a səbri, nə də “punctum”a həssaslığı var. Estetik sükutdan məhrumdur, linqvistik sükut “punctum”a kifayətdir. “Affectum” təhrik edir və əyləndirir. Yalnız sözsüz əyləncəyə və vasitəsiz zövqə xidmət edən bir stimul yaradır.

OXŞAR XƏBƏRLƏR