İspandilli Argentina yazıçısı Samanta Şveblin (1978) qısa hekayələri və romanları ilə məşhurlaşıb. Onun əsərləri 20-dən çox dilə tərcümə edilib. O, “Ağız dolusu quş” qısa hekayələr toplusu ilə “Casa de Las Americas” mükafatına layiq görülüb. Yazıçı 2017-ci ildə “Xilasetmə məsafəsi” romanı və 2019-cu ildə “Ağız dolusu quş” kitablarının ingiliscəyə tərcüməsi ilə “Beynəlxalq Buker mükafatı”na namizəd olub. Gənc ispandilli yazıçılar arasında ən yaxşılarından biri hesab edilir.
Enrike Duvelin haqqında vur-tut bunları bilirdim: mirasdan pay aldığı üçün varlanıb, arabir hansısa qadınla gəzsə də, hələ də anası ilə yaşayır. Bazar günləri kabrioleti ilə meydanda dövrə vurar, heç bir qonşuyla göz-gözə gəlməz, heç kimlə salamlaşmazdı, fikri yalnız özündə olardı, sonra isə növbəti həftəsonunadək gözdən itərdi. Mənə də atamdan oyuncaq dükanı miras qalmışdı. Bir gün Enrikenin şübhə ilə dükanımın vitrinini süzdüyünü görüb təəccübləndim. Bunu arvadım Mirtaya deyəndə onu başqası ilə səhv saldığımı deyib əvvəl mənə inanmadı, sonra özü də gördü. Enrike bəzən gündüzlər oyuncaq dükanının qabağında dayanıb bir müddət vitrinə baxardı. Nəhayət ilk dəfə dükanın qapısından içəri girəndə elə inamsız görünürdü ki, elə bil, həm utanırdı, həm də nə axtardığından əmin deyildi. O, piştaxtaya yaxınlaşıb rəflərə göz gəzdirdi. Gözlədim ki, özü danışsın. Bir az maşınının açarlığı ilə oynadıqdan sonra təyyarə maketi istədi. Hədiyyə bağlaması istəyib-istəmədiyini soruşdum, istəmədiyini dedi.
Bir neçə gün sonra yenə gəldi. Yenə vitrini süzdükdən sonra növbəti maketi istədi. Kolleksiya yığıb-yığmadığını soruşdum, yığmadığını dedi.
Bu ardıcıl ziyarətlər ərzində maşın, gəmi və qatar maketləri aldı. O, az qala, hər həftə gəlir və həmişə nəsə alırdı. Bir gecə dükanın jalüzlərini bağlayanda onun çöldə, vitrinin qabağında dayandığını gördüm. Saat doqquz olardı, küçədə heç kim qalmamışdı. Onu güclə tanıdım, bu əl-ayağı əsən, sifəti pörtmüş, gözləri yaşlı kişinin Enrike Duvel olduğunu anlamaq bir az çətin oldu. Qorxmuş görünürdü. Avtomobilini də görmədiyim üçün qarət olunduğunu düşündüm.
– Duvel? Yaxşısınız?
O, çaşqın bir hərəkət elədi.
– Burada qalsam, yaxşı olar, – dedi.
– Burada? Bəs ananız? – Xətrinə dəyə biləcəyimi düşünüb soruşduğuma peşman oldum.
– Evin qapısını içəridən bağlayıb, açarları da özündə saxlayıb. Bir də məni görmək istəmir.
İkimiz də nə edəcəyimizi bilmədiyimiz üçün bir neçə saniyə baxışdıq.
– Burada qala bilsəm, yaxşı olar, – təkrarladı.
Mirtanın razılaşmayacağını düşündüm, amma həmin dövrlərdə aylıq qazancımın təxminən iyirmi faizinin Enrike Duveldən gəldiyini nəzərə alaraq, onu çöldə qoya bilməzdim.
– Duvel, axı burada… Burada yatmağa yer yoxdur.
– Gecə üçün pul verə bilərəm, – dedi. Ciblərini eşələdi, – İndi üstümdə yoxdur… Amma işləyə bilərəm, əminəm ki, özümə bir iş taparam.
Bunun yaxşı qərar olmayacağını bilsəm də, onu içəri buraxdım. Qaranlığa qədəm qoyduq. Vitrin işıqlarını yandıranda onun gözləri də işıqlandı. Ürəyimə damdı ki, Duvel bütün gecəni yatmayacaq, onu tək qoymaqdan qorxdum. Rəflərə düzməyə imkan tapmadığım qalaqlanmış oyuncaq qutularına baxdım, Mirtanın rəfiqələrinin dili ilə desək, zəngin və mədəni Duvelin gecə boyu onları boş rəflərə yerləşdirdiyini təsəvvür etdim. Bu, başıma iş aça bilərdi, eybi yox, ən azından onun başı qarışardı.
– Qutuları yerbəyer edə bilərsən? – soruşdum.
Başı ilə razılıq verdi.
– Sabahdan hamısı satışda olacaq, sən sadəcə oyuncaqları kateqoriyalara ayırmalısan, – mallara yaxınlaşdım, – məsələn, pazlları pazlların yanına yığ. Əvvəlcə hansı rəfdə olduğunu tap, sonra da digərlərinin yanına düz. Əgər…
– Hər şeyi başa düşdüm, – Duvel sözümü kəsdi.
O, gözlərini yerə dikib uzaqlaşdı, bu zaman şəhadət barmağı ilə güclə sezilən bir hərəkəti təkrarlayırdı, elə bil, kimisə susdurmaq istəyirdi, amma özünü həddindən artıq alçaldılmış hiss etdiyi üçün buna ürək eləmirdi. Yatmaq üçün anbardakı köhnə kreslodan başqa heç nə olmadığını demək, tualeti axıtmaqla bağlı məsləhət vermək istəsəm də, onu daha çox narahat etməyə ürəyim gəlmədi. Enrikeni tək qoyub, sağollaşmadan çıxıb getdim.
Səhəri gün dükana bir neçə dəqiqə tez getdim. Jalüzlərin qaldırıldığını və artıq ehtiyac qalmadığı üçün vitrin işıqlarının söndürüldüyünü görəndə bir az rahatlaşdım. Ancaq içəri girəndə Duveli tək qoymağın böyük səhv olduğunu anladım. Heç nə öz yerində deyildi. Əgər həmin an içəri bir müştəri girib hansısa superqəhrəmanın oyuncağını istəsəydi, bütün səhər əlləşsəm də, sifarişini tapa bilməzdim. Yadımdadır ki, həmin an Mirtanın nə deyəcəyini, baş verənləri ona necə izah edəcəyimi düşünmüşdüm, üstəlik hər şeyi əvvəlki qaydaya salmaq üçün neçə günümü sərf edəcəyimi hesablayanda üstümə yorğunluq çökmüşdü. Qəfil gözüm başqa şeyə sataşdı, bu, elə fövqəladə bir şey idi ki, dərhal başa düşə bilməmişdim: Duvel oyuncaqları rənglərinə görə düzmüşdü. Plastilinlər, kart oyunları, iməkləyən bəbələr, pedallı maşınlar – hamısı bir-birinə qarışmışdı. Vitrində, şkaflarda, rəflərdə rəng çalarları bir-birini əvəzləyərək dükanın bir ucundan o biri ucuna doğru uzanırdı. Hələ də bu mənzərəni fəlakətin başlanğıcı kimi xatırlayıram. O, getməlidir, deyə düşünmüşdüm, bu kişini elə indi dükandan qovmalıyam. Duvel isə mənə baxırdı, ciddiyyətlə düz qarşımda dayanmışdı, arxasında isə böyük göyqurşağı görünürdü. Demək istədiklərimi necə deyəcəyimi düşünərkən gözlərini başqa tərəfə çevirdiyini gördüm. Nəyə baxdığını görmək üçün mən də üzümü küçəyə çevirdim. Vitrinin o tayında bir qadınla iki övladı dükanın içini süzürdülər. Əllərini vitrinə sıxıb gördüklərini elə heyranlıqla şərh edirdilər ki, sanki şkafların arası ilə möcüzəli bir şey hərəkət edirdi. Məktəbin başlama saatı idi. Bu vaxtlar məhəllə uşaqlar və valideynlərlə dolu olardı, həmin gün isə çoxu qeyri-ixtiyari dükanın önündə ayaq saxlamışdı. Günün ilk yarısı dükan dolub-daşdı: heç vaxt həmin səhərki qədər alver etməmişdim. Başlanğıcda oyuncaqların yerini təyin etmək çətin gəlirdi, amma çox keçmədən anladım ki, əşyanın adını çəkməyim bəs edir, Duvel başını tərpədib axtarışa qoyulurdu. Hər şeyi elə asanlıqla tapırdı ki, lap çaşbaş qalırdım.
– Mənə adımla müraciət et, – uzun iş gününün sonunda dedim, – əgər etiraz etmirsənsə…
Rənglərə görə düzülüş əvvəllər diqqət çəkməyən malları önə çıxarmışdı. Məsələn, yaşıl üzgəclər firuzəyi rəngin qurtaracağındakı fitçalan qurbağalardan sonra gəlirdi, mənzərədəki torpaq görüntüsünə görə qəhvəyi rəngdən başlayan buz dövrü pazllarının qarlı zirvələri isə albinos aslanlar arasındakı voleybol topları ilə birləşərək dövrəni bağlayırdı.
Nə həmin gün, nə ondan sonrakı günlərdə siesta saatında dükanı bağlamadıq, üstəlik, dükanın bağlanış saatı da getdikcə gecikirdi. Enrike isə həmin gecə də, sonrakı gecələrdə də dükanda yatmışdı. Mirta onun üçün anbarda yer ayırmağa razı olmuşdu. İlk günlər yerə döşək atıb yatmalı olsa da, çox keçmədən onun üçün yataq təşkil etdik. Enrike həftədə bir-iki dəfə gecələr oyuncaqları yenidən səliqəyə salırdı. Nəhəng kublardan istifadə edərək səhnələr qururdu; vitrinin qarşısında yığılmış oyuncaqların yerini dəyişdirərək dükanın işıqlandırmasını tənzimləyirdi; şkaflar boyu davam edən qalacıqlar düzəldirdi. Maaşla bağlı israrlar isə faydasız idi, onu pul maraqlandırmırdı.
– Burada qalsam, daha yaxşı olar, – deyirdi, – bu, maaşdan da yaxşıdır.
Heç vaxt dükandan çıxmazdı, ən azından mən görməmişdim. Gecələr Mirtanın göndərdiklərini yeyirdi: gah bir neçə dilim çörəklə yüngül qəlyanaltı, gah da gündə iki dəfəyə bəs edən qazan yeməkləri.
Enrike əvvəllər diqqətini cəlb edən maketlərə artıq heç toxunmurdu. Bunlar dükanın ən yuxarı rəflərinə yığılmış və həmişəlik orada qalmışdı. Beləcə, dükanda bircə maketlər öz yerini qoruyurdu. İndi Enrike daha çox pazllara və stolüstü oyunlara üstünlük verirdi. Səhərlər vaxtından əvvəl gələndə Enrikenin bir fincan südlə masa arxasında əyləşib çin damasının iki rəngi ilə oynadığını, yaxud payız mənzərəli nəhəng pazlın sonuncu hissələrini yerləşdirdiyini görərdim. O, xeyli sakitləşmişdi, amma müştərilərə qarşı yenə diqqətli idi. Səhərlər yatağını yığışdırmağa, masanın üstünü təmizləməyə və nahardan sonra döşəməni süpürməyə vərdiş etmişdi. İşini bitirəndə isə ya mənə, ya da Mirtaya – iş çoxluğundan o da piştaxta arxasında xidmət göstərməyə başlamışdı – yaxınlaşıb hesabat verərdi: “Yatağı yığışdırdım”, “Yeri süpürdüm”, yaxud “Bitirməli olduğum işi bitirdim” və onun bu davranışı, yaxud Mirtanın dediyi kimi, “itaətkarlığı” bizi narahat etməyə başlamışdı.
Bir səhər masanın üzərində əl-ayağı hərəkət edən kuklalar, ev heyvanları və kublarla kiçik heyvanxana yaratdığını gördüm. O, südündən bir qurtum alıb atların qapısını açdı və hamısını tək-tək dağ ətəyi rolunu oynayan tünd rəngli sviterə tərəf çapdı. Onu salamlayıb işə başlamaq üçün piştaxta arxasına keçdim. Yaxınlaşanda utandığını hiss etdim.
– Heç nə olmaz, – dedim, – Yəni yatağını düzəldib-düzəltməməyin bizim üçün vacib deyil. Ora sənin otağındır, Enrike.
Bir-birimizi anladığımızı düşünmüşdüm, ancaq o gözünü yerə dikib daha da çox utandı və dedi:
– Üzr istəyirəm, bu, bir də təkrarlanmayacaq. Təşəkkür.
Enrike stolüstü oyunların da daşını atdı, onları yuxarı rəflərə, maketlərin yanına yığışdırdı və yalnız müştəri istəyəndə əl uzatdı.
– Onunla danışmaq lazımdır, – Mirta narazılığını bildirmişdi, – camaat elə biləcək ki, daha pazl satmırıq. Özü oynamırsa, o demək deyil ki, satışda da yoxdur.
Amma mən heç nə demədim. Dükanda işlər çox yaxşı gedirdi və mən onun xətrinə dəymək istəmirdim.
Vaxt keçdikcə yemək seçməyə başladı. Ancaq ət, püre və sadə souslu makaronlar yemək istəyirdi. Başqa şey gətirəndə yemirdi, Mirta ancaq onun sevdiyi yeməkləri bişirməyə başlamışdı.
Bəzən müştərilər ona bəxşiş qoyurdular, kifayət qədər pul yığdıqdan sonra özünə üstündə kabriolet şəkli olan mavi plastik fincan almışdı. Onu səhər yeməyində istifadə edirdi, səhərlər yatağının və otağının vəziyyəti barədə məlumat verəndə yeni cümlə əlavə etməyə başlamışdı:
– Fincanımı da yumuşam.
Bir gün Mirta mənimlə müşahidə elədiyi bir şeylə bağlı narahatlığını bölüşdü. Enrikenin balaca oğlan uşağı ilə oynadığını, lakin qəfil superqəhrəman oyuncağını bölüşmək istəmədiyini görmüşdü. Uşaq ağlamağa başlayanda isə Enrike qaçıb anbarda gizlənmişdi.
– Onu nə qədər çox istədiyimi bilirsən, – həmin gecə arvadım dedi, – amma belə şeylər eləməyinə icazə verməməliyik.
Hərçənd mağazanı səliqəyə salmaq vərdişini qorusa da, bir müddət sonra hərəkətli kuklalar və kublarla oynamaqdan da imtina etmiş və onları onsuz da dolu olan yuxarı rəflərə – stolüstü oyunlarla maketlərin yanına yığışdırmışdı. Hələ də aşağı rəflərdə nümayiş olunan oyuncaqlar isə çox kiçik və darıxdırıcı idi, balacaların diqqətini cəlb etmirdi.
– Niyə bu əşyaları yuxarı yığırsan, Enrike?
O, kədərli gözlərlə rəfləri süzdü, sanki rəflər elə yüksək idi ki, öz əli belə çatmazdı. Cavab vermədi, getdikcə susqunlaşırdı.
Tədricən satışlar azalmağa başladı. Onun göyqurşağı, vitrinləri və qalacıqları bütün mallardan istifadə edərək yeniliklər etdiyi ilk günlərdəki ehtişamını itirmişdi. İndi satılan hər şey ən aşağı rəflərdəydi. Enrike demək olar ki, həmişə getdikcə daha da kiçilən və formasızlaşan oyuncaq qalağının önündə belini əyib, yaxud diz çöküb oturardı, mağazanın müştərisi xeyli azalmışdı. Tezliklə Mirtanın piştaxta arxasında dayanıb kömək etməyinə ehtiyac qalmadı və yenə Enrike ilə təkbətək qaldıq.
Enrikeni son dəfə gördüyüm günortanı xatırlayıram. Səhər yeməyini yemək istəməmişdi, şkafların arası ilə gəzişirdi. Onun kədərli və tənha olduğunu görürdüm. Heç nəyə baxmayaraq ona çox şey borclu olduğumuzu düşünürdüm. Kefini açmaq üçün nərdivana çıxıb – o, mağazada mənə kömək etməyə başlayandan bəri nərdivandan istifadə etməmişdim – ən yuxarı rəflərə göz gəzdirdim. Onun üçün xaricdən gətirilmiş qədim lokomotiv seçdim. Bu, əlimizdə olan ən yaxşı miniatür model idi və sərvət dəyərindəydi. Amma Enrike buna layiq idi və bunu ona hədiyyə etmək istəyirdim. Hədiyyəmi aşağı düşürdüb onu piştaxtaya çağırdım. O, arxadakı rəflərin yanından qayıdırdı, sağ əlində bənövşəyi yumşaq oyuncaq tutmuşdu, deyəsən, dovşan idi. Başını əyib mənə baxdı. Şkafların arasında lap balaca görünürdü. Onu bir az da yaxına çağırdım, amma qorxmuş kimi yerə çökdü və eləcə qaldı. Bu qəribə hərəkəti başa düşmədim. Əlimdəki qutunu qoyub nə baş verdiyini anlamaq üçün yaxınlaşdım.
Dizlərini qucaqlayıb ağlayırdı. Dovşanı kənara atmışdı.
– Enrike, sənə bir şey vermək…
– Bir də heç kim məni vurmasın, – dedi.
Dedim, bəlkə gözümdən qaçan bir şey olub? Bəlkə hansısa müştəri ilə mübahisə edib, ya da yenə hansısa uşaqla dalaşıb?
– Enrike, axı heç kim…
Yanında diz çökdüm. Kaş götürdüyüm qutu yanımızda olaydı, sevinəcəyindən əmin idim, onu belə kədərli görmək məni də incidirdi. Mirta bu vəziyyətdə nə edəcəyini, onu necə sakitləşdirəcəyini bilərdi. Sonra qəfil küçə qapısı açıldı. Özü də şiddətlə, zərblə açıldı, ikimiz də donub qaldıq. Çökdüyümüz yerdən dikdaban geyinmiş bir cüt ayağın şkafların arası ilə addımladığını görürdük.
– Enrike! – qüdrətli və zəhmli bir səs eşidildi.
Dikdabanlar dayandı, Enrike çaşqın gözlərlə mənə baxdı. Nəsə demək istəyirmiş kimi qolumdan tutdu.
– Enrike!
Dikdabanlar yenə hərəkətə başladı, bu dəfə birbaşa üstümüzə gəlirdi, şkafın arxasından bir qadın çıxdı.
– Enrike! – qəzəblə yaxınlaşdı, – Neçə vaxtdır, səni axtarıram, – qışqırıb düz onun yanında dayandı, – Hansı cəhənnəmdəydin?
Elə qapaz vurdu ki, Enrike tarazlığını itirdi. Sonra onun əlindən tutub bir təkanda ayağa qaldırdı. Qadın məni təhqir etdi, dovşanı təpiklədi və Enrikeni darta-darta çəkib apardı. Onların ardınca bir neçə addım atdım. Piştaxtanın yanından keçib çıxışa doğru getdilər. Qapıya çatanda Enrike büdrəyib yıxıldı. Dizüstə düşəndə çevrilib mənə baxdı. Üz-gözünü əydi, elə bil, yenə ağlamağa başlayacaqdı. Qadın onun əlindən tutub qaldırmağa çalışdı və yenə qışqırdı.
– Enrike, qalx!
Mən donub qalmışdım, heç nə etmədən baxırdım. Qapı bağlanmamışdan qabaq etdiyi son hərəkət hələ də yadımdadır: balaca barmaqlarını onu ayağa qaldırmaq üçün əyilmiş qəzəbli anasının əllərindən xilas etməyə çalışırdı.
İspancadan tərcümə edən: İlahə Əkbər