F. Skott Fitsceraldın 1925-ci ildə nəşr olunan “Möhtəşəm Getsbi” romanı artıq bir əsrdir ki, böyük oxucu kütləsinin düzgün başa düşməməsi nəticəsində “ən çox yanlış anlaşılan” əsərə çevrilib. Caz dövrünün simvolu sayılan Qetsbi obrazı bəzək-düzəkli ziyafətlər, çaxır fəvvarələri və dəbdəbəli həyat tərzi ilə assosiasiya olunsa da, bu, əsərin əsl mənasını kölgədə qoyur.
Daha.az xəbər verir ki, Qetsbi, sadəcə, zəngin və əyləncəli ev sahibi deyil. O, eyni zamanda cinayətlərlə məşğul olan, keçmişin ağuşundan xilas ola bilməyən bir insan və reallıq hissini itirmiş romantikdir.
Fitscerald özü də əsərin nəşrindən sonra dostu Edmund Uilsona yazdığı məktubda şikayət edirdi ki, hətta mütəxəssislərin çoxu romanın nədən bəhs etdiyini anlamayıb.
Əsər ilk çıxanda geniş maraq doğurmasa da, İkinci Dünya Müharibəsi dövründə ABŞ ordusu tərəfindən əsgərlərə paylanandan sonra geniş oxucu kütləsi qazandı. 1950-60-cı illərdə “Amerika xəyalı”nın yüksəlişi fonunda romanın mesajı daha aktual oldu və nəticədə məktəb və universitetlərin dərs proqramına daxil edildi.
Zamanla Möhtəşəm Qetsbi mədəniyyətin bir parçasına çevrildi. Əsasında filmlər, teatr tamaşaları və hətta Brodveydə musiqili tamaşalar hazırlandı. 2021-ci ildə müəllif hüququ müddəti bitdikdən sonra isə “Qetsbi” mövzulu layihələrin sayı daha da artdı.
Bununla belə, tənqidçilər hesab edir ki, əksər oxucular və tamaşaçılar romanı hələ də yalnız sevgi və dəbdəbə üzərindən qiymətləndirir, halbuki əsər daha çox “Amerika xəyalı”nın çöküşü, sinfi ayrı-seçkilik və saxta uğurlar haqqında dərin tənqidi düşüncələrdən bəhs edir.




