Dünya məşhur yazıçı Stiven Kinq əsərləri filmə ən çox uyğunlaşdırılan müəlliflər arasında Aqata Kristini keçərək ikinci yerə yüksəlib. Siyahının birincisi isə hələ də Vilyam Şekspirdir.
Daha.az xəbər verir ki, qorxu ədəbiyyatının ustası sayılan Kinqin bu il bir neçə əsəri də ekranlaşdırılıb. “The Monkey” (“Meymun”), “The life of Chuck” (“Çukun həyatı”) və yaxın günlərdə nümayiş olunacaq “The long walk” (“Uzun gəzinti”) filmləri ilə yanaşı, noyabrda “The Running Man” (“Qaçan adam”) filminin yenidən çəkilmiş versiyası da tamaşaçılara təqdim olunacaq.
1976-cı ildə ekranlaşdırılan “Carrie” filmindən bəri Kinqin 55-dən çox əsərinə film çəkilib. Televiziya serialları və mini seriallar da nəzərə alındıqda, onun hekayələrinə çəkilən filmlərin sayı yüzü keçir.
Qeyd edək ki, 77 yaşlı yazıçı həm məhsuldar yaradıcılığı, həm də kino sevgisi ilə tanınır. O, tez-tez sevdiyi filmləri və siyasi mövzularla bağlı fikirlərini ictimaiyyətlə bölüşür.




