Daha.az Mario Varqas Lyosanın “Erotikanın çöküşü” essesini təqdim edir.
İncəsənətdə baş verən neqativ dəyişiklər seksə də təsir etdi. Tamaşa sivilizasiyası mədəni mirası məhv etməklə qalmadı, mədəniyyətin ən yüksək təzahürlərindən biri olan erotizmi də öz cənginə aldı.
Minlərlə nümunədən birini deyəcəyəm.
2009-cü ilin axırında ispan mediasında bir skandal baş verdi: məlum oldu ki, Ekstremadura hökuməti cinsi tədris çərçivəsində məktəblərdə 14 yaşlı oğlan və qız uşaqları üçün ikibaşlı mənası olan “Zövq sənin öz əllərindədir” adlı masturbasiya dərsləri təşkil edirmiş.
Büdcənin bu cür xərclənməsinə görə geniş kütlələrin tənqidinə tuş gələn səlahiyyətli şəxslər açıqlama verdilər ki, masturbasiya dərsləri gələcəkdə “arzuolunmaz hamiləliklərin” və “daha ciddi problemlərin” qarşısını almaqda çox faydalı olacaq. İctimai müzakirələr başlayanda isə Əndəlüs hökuməti Ekstremadura hökumətini dəstəklədiyini açıqladı: Bərabərlik və Sosial Təhlükəsizlik Naziri Mikaela Navarro elan etdi ki, oxşar proqram yaxın vaxtlarda Əndəlüsdə də işə düşəcək. Xalq Partiyasına yaxın olan bir qurumun başlatdığı, “Təmiz əllər” kimi ikibaşlı adı olan şikayət ərizəsi Ekstremadura prokurorluğu tərəfindən rədd edildiyi üçün uğursuz oldu.
Uşaqlar, deməli, masturbasiya etmək vaxtıdır!
Mənim uşaqlıq çağlarımdan bu yana elə çox şey dəyişib ki. O vaxtlar məktəbimizə rəhbərlik edən Saleziyan rahiblər və Lassalian qardaşlar bizi qorxudurdular ki, “abırsız yerlərə toxunmaq” vərdişi korluq, tuberkulyoz, hətta dəliliklə nəticələnə bilər. Budur, altmış il sonra məktəblərdə masturbasiya dərsləri keçirik. İnkişaf buna deyərəm!
İnkişafdır?
Beynimdə o dəqiqə xeyli sual yaranır. Bu dərslərdə şagirdlər qeyd götürəcəklərmi? İmtahana girəcəklərmi? Bu dərslər ancaq nəzəridir, yoxsa praktik dərslər də olacaq? Qiymətləndirmə hansı meyara əsasən olacaq: öyrənilən biliyin miqdarına, yoxsa orqazmların sürətinə və sayına görə? Zarafat eləmirəm. Əgər uşaqlara masturbasiya texnikasını öyrətməyə qərar vermişiksə, mənim suallar yerindədir.
Bu təşəbbüsə ən xırda əxlaqi etirazım yoxdur. Bu proqramın kökündəki xoş niyyəti başa düşürəm və qəbul edirəm ki, bu cür profilaktik işlər həqiqətən arzuolunmaz hamiləliklərin qarşısının alınmasına yardımçı ola bilər. Tənqidim ancaq hissi məqamlarla bağlıdır. Seksi batil inanclardan, qərəzdən və yalanlardan təmizləmək əvəzinə, masturbasiya dərsləri keçmək onu adiləşdirəcək (hətta indikindən də çox), onun sirrini aradan götürəcək, duyğulardan və ehtirasdan təmizləyəcək, beləcə, gələcək nəsillərin təkcə zövq qaynağını yox, yaradıcı instinklərini də əlindən almış olacaq.
Son vaxtlar mədəniyyətə doluşan ibtidailik və bayağılıq, modern demokratik cəmiyyətin ən vacib uğurlarından biri olan seksual azadlığa da zərbə vurub. Seksual azadlıq cinsi həyatın ətrafındakı müxtəlif tabu və qərəzli fikirləri dağıtdı.
Eynilə sənətdə olduğu kimi, seksdə də formanı nəzərə almamaq inkişaf deyil, əksinə geriləmədir. Bu, azadlıq idealını təhrif edir və seksi yoxsullaşdıraraq onu tamamilə instinktiv, heyvani bir akta çevirir.
Masturbasiya sinifdə öyrəniləsi şey deyil; məhrəmlikdə kəşf edilməlidir, çünki şəxsi həyatın bir hissəsidir. Bu, gənc oğlan və qızların ailə mühitinin sərhədlərini aşmasına kömək edir, onları daha həssas hala gətirir, gizli arzularının dünyasını aşkara çıxarır və müqəddəs ilə yasaq arasındakı fərqi göstərir. Buna görə də məhrəmliyin rəddi və mədəniyyət yaranandan bəri seksi müşayiət edən utancın aradan götürülməsi qərəzin aradan çıxmasına yox, əksinə, mədəniyyət və incəsənət vasitəsilə seksin ətrafında yaranmış, onu ucaldaraq sənət əsəri səviyyəsinə qaldıran meyarın itirilməsinə gətirib çıxara bilər.

Yataq otağının mərhəmliyində yox, hamının gözü qabağında baş tutan seks azadlığın yox, insanların, itlərdə və ya meymunlarda kimi olduğu, hələ sevişməyi bilmədikləri daş dövrünə qayıtmasının əlamətidir.
Seksual azadlıq (bunun bir nümunəsi də məktəblərdə masturbasiya dərsləri vermək qərarıdır), masturbasiya ilə bağlı qərəzli fikirlərə son qoya bilər, ancaq bu erotizmə zərbə vura bilər – bəlkə də ölümcül zərbə. Bundan kim qazanclı çıxacaq? Libertarianlar və libertinlər yox, yəqin ki, daha çox sevgiylə bağlı sadəlövh və qeyri-təbii düşüncəni dəstəkləməyə davam edən kilsə və puritanlar qazanclı çıxacaq.
Masturbasiya dərsləri – 1968-ci ilin mayında Parisdə başlayan və cinsi həyatı ta qədimlərdən bəri çərçivəyə salan dini, ideoloji tabuları ortadan qaldırmaq istəyən hərəkatın nəticələrindən biridir.
Əlbəttə, bu hərəkatın müsbət nəticələri oldu, çünki belə baxanda Qərb dünyasından fərqli olaraq, məsələn, müsəlman dünyasında yasaqlar və təzyiqlər daha da artmaqdaydı. Uzun müddət qadınların üzərində təzyiq aləti olan bəkarət kultu May hadisələri sayəsində qismən sıradan çıxdı. Bu hadisələr, eləcə də kontraseptivlərin geniş yayılması nəticəsində qadınlar bu gün kişilərlə bərabər azadlıqlara sahib olmasalar da, ən azı nənələri və ulu-nənələriylə, üstəlik, müsəlman ölkələrindəki, üçüncü dünyadakı çağdaşlarıyla müqayisədə daha çox seksual azadlığa sahibdirlər. Homoseksuallara qarşı da yumşalma baş verdi. Qərb ölkələri homoseksual evlilikləri mərhələli şəkildə leqallaşdırır və homoseksual cütlüklərə uşaq götürmək haqqı da daxil olmaqla heteroseksusal cütlüklərlə eyni haqları verir. Üstəgəl, belə bir fikir get-gedə oturuşur ki, psixi cəhətdən sağlam hər bir şəxsin seksual seçimi onun şəxsi işidir, nə dövlətin, nə də kilsənin onun özəl həyatına müdaxilə haqqı var.
Şübhəsiz ki, bütün bunlar inkişafın göstəricisidir. Ancaq yuxarıda adı keçən hərəkatın tərəfdarları kimi bir məsələdə özümüzü aldatmayaq: yüz illərdir seksin bir hisəssi olan gizlilik və məhrəmiyyəti aradan çıxarmaqla onu daha təbii və sağlam hala gətirmirik.
Seks yalnız heyvanlar arasında “təbii” və “sağlam”dır.
Bu, hələ tam insan olmaqdıqları vaxtlarda iki ayaqlı primatlar üçün də belə idi; o vaxtlar seks bir instinktdən, fiziki boşalmadan və növün davamını təmin etməkdən ibarət idi. Heyvanlıq halından insana keçmək növümüz üçün uzun, çətin bir proses idi və bu prosesdə, Karl Popperin “üçüncü dünya” adlandırdığı mədəniyyət və yaradıcılıq dünyası əsas rol oynadı – bu dünya öz meyilləri, istedadları və arzuları olan müstəqil fərdlərin bircürləşmiş kütlədən tədricən ayrılmasını asanlaşdırdı, onları digər qəbilə nümayəndələrindən fərqləndirdi.
Seks fərdiyyətin formalaşmasında həlledici rol oynayıb. Freydin göstərdiyi kimi, həyatın bu gizli sahəsi bizi digərlərindən ayıran əsas xarakterik xüsusiyyətlərin formalaşmasına təkan verir. Bu, fərdi və gizli ərazidir, özümüzü ən zəngin zövq və yaradıcılıq qaynaqlarının birindən, həmçinin, sivilizasiyadan məhrum etmək istəmiriksə, bu ərazini qorumalıyıq.
Jorj Batay seksdə hər şeyin sərbəst olmağının təhlükələrinə qarşı xəbərdarlıq edərkən tamamilə haqlı idi. Qərəzli düşüncələrin sıradan çıxması (şübhəsiz azadlıq gətirir) seksi mədəniləşdirən gizliliyi və məhrəmiyyəti rədd etmək hesabına olmamalıdır.
Seks publik, “sağlam” və “təbii” hala gəlsə, həyat daha kasıb, adi və qəddar hala düşəcək.
Erotizmi heyvanilikdən arınmış, azadlığın çoxalması və mədəniyyətin təsiri ilə bəsit bioloji ehtiyacın ödənməsindən ortaq yaradıcı akta çevrilən cismani sevgi kimi ifadə etmək olar.
Başlanğıcda, zamanın zülmət çağlarında iki cins sekslə gizlilik, sevgi, şəfqət və zəriflikdən məhrum şəkildə məşğul olurdu. O vaxtdan bu yana cinsi həyat əhəmiyyətli dərəcədə dəyişib. İnsanın insanlaşması, sənətin elm, fəlsəfə və din qədər vacib rol oynadığı uzun bir prosesdir.
Seks həmişə müxtəlif incəsənət formalarının inkişafını təşviq edib, rəsm, ədəbiyyat, musiqi, heykəltaraşlıq və rəqs isə öz növbəsində seksdən zövq almağın artmasına töhfə verib.
Elə bilirəm, erotizmin çox inkişaf etmiş sivilizasiyanın göstəricisi və təyinedici xüsusiyyətlərindən biri olduğunu desəm, şişirtməyə yol vermiş olmaram. Bir cəmiyyətin nə qədər ibtiadi və ya inkişaf etmiş olduğunu müəyyən etməyin ən yaxşı yolu onların necə sevişdiyini araşdırmaqdır.
Ancaq erotizm təkcə fiziki zövqü göylərə qaldırmır, arzuların və fantaziyaların təmin olunmasının da yeni yollarını açır. Həmçinin o, insan təbiətinin dağıdıcı və aqressiv tərəfini də hərəkətə keçirir. Freyd bu dağıdıcı instinkti tanatos adlandırırdı və onu həyat-yaradıcılıq instinkti olan eros ilə müqayisə edirdi. Şüurun nəzarətindən xilas olan tanatos zorakılığa və qəddarlığa səbəb ola bilər (məsələn, qan və cəsədlərlə dolu Markiz de Sadın romanlarındakı kimi). Buna görə də seksual tabular təkcə arzunu gücləndirmək üçün yox, eyni zamanda, zorakılığın qarşısını almaq üçün də bir alətdir.
Giyom Apollinerin redaktorluğunda çap olunan “Sevginin ustaları” adlı antologiyada erotik ədəbiyyat böyük ustalarını oxuyarkən, erotizmin təkcə azadlıqla yox, zorakılıqla da yaxından bağlı olduğunu gördüm. Hadisə 1955-ci ildə, Limada baş verib. Təzə evlənmişdim və ailəmi dolandırmaq üçün bir neçə yerdə işləməyə məcbur idim. Bir ara hətta səkkiz işim vardı (üstəlik, universitet tələbəsiydim), bu işlərdən bəziləri xüsusilə yaddaqalan idi. Məsələn, bazar və tətil günlərində pilləkan, yazı kartı və bir qutu qələm götürüb Limadakı “Pastor Matias Maestro” qəbristanlığına gedirdim, orada arxivdə adı olmayan ölüləri axtarardım, tapdığım hər ölü üçün pul alırdım. Amma ən çox “Club Nacional”da kitabxanaçı asistenti kimi işləməyi sevirdim. Kitabxanaçı universitetdəki tarix müəllimim Raul Porras Barrençeya idi. Bazar ertəsindən cüməyə qədər hər gün iki saatımı o vaxtlar 100-cü ilini qeyd edən Peru oliqarxiyasının simvolu olan klubun zərif binasında keçirirdim. Rəsmi olaraq həmin iki saatı yeni gələn kitabları təsnifləşdirməklə keçirməliydim, ancaq ya mənbə çatışmazlığından, ya da rəhbərliyin biganəliyinə görə, kitabxana o illərdə az qala heç kitab almırdı, mən də bütün vaxtımı oxumağa və yazmağa ayırırdım. Bunlar mənim ən xoşbəxt iki saatım idi, çünki yerdə qalan vaxtımı sübh tezdən axşamın gec saatlarına qədər məni qəti maraqlandırmayan işlərlə məşğul olurdum. “Club national”da vaxtımın çoxunu birinci mərtəbədəki lyuks mütaliə zalında yox, dördüncü mərtəbədəki iş otağında keçirirdim. Orada, böyük bir həyəcanla, əksəriyyəti fransızca olan möhtəşəm erotik ədəbiyyat kolleksiyasını kəşf etdim. İlk dəfə onda Didro, Mirabo, Markiz de Sad, Retif de la Breton, Andrea de Nersiya, Arentino və digərlərinin yazdığı erotik ədəbiyyat şedevrlərini oxudum.
Əlbəttə, erotik ədəbiyyat daha əvvəllər yaranmışdı, ancaq onun qızıl dövrü XVIII əsr idi – böyük maarifçi-filosofların, inqilabi siyasət və əxlaq nəzəriyyələrinin dini mücərrədliklə mübarizə apardığı dövr.
Maarifçi ziyalılar azadlıq, müstəqil düşüncə və həzz almaq haqqının müdafiəsinə qalxdılar və öz əsərlərində bunu ifadə etdilər. Jorj Batayın fikrincə, onlar “Azadlıq naminə tanrıdan və dindən imtina edən kəs” mənasına gələn “libertin” ləqəbini qürurla daşıyırdılar.
Libertin ədəbiyyatı birnövlü və birmənalı deyil. Bu növdə aid böyük kitab azdır, ancaq çox da böyük ədəbi dəyəri olmayan əsərlər arasında xeyli maraqlı mətn var. Bunların əsas çatışmazlığı erotik səhnələrin təsvirinə hədsiz vurğu salan bütün kitablarda olduğu kimi, çox tez darıxdırıcı olmalarıdır, çünki həyatın digər qatlarından məhrum olanda seks də mənasını itirir.
Ancaq libertin ədəbiyyatına təkcə ictimai-siyasi azadlıq və həzz almaq haqqının (bunu mədəniyyət tarixində ilk dəfə libertinlər dilə gətiriblər) ifadəsi kimi baxmaq düzgün olmaz. Markiz de Sadın monoton romanlarının böyük dəyəri indi deyəcəyim şeyi göstərməsindədir: Seksdə məhdudiyyətlərin olmaması qaçılmaz şəkildə nəzarətsiz zorakılığa yol açır, çünki seks dağıdıcı instinkti oyandırır.
İdeal olan kişilərin və qadınların heç bir məhdiyyət və ya təhdid hiss etmədən azad şəkildə öz istəklərini kəşf etməsi, eyni zamanda, seksdə məhrəmiyyəti və intimliyi saxlayan, cinsi həyatı ibtidai, heyvani davranışlardan qoruyan mədəni normaları pozmamasıdır.
Erotizm ibtidai cəmiyyətdə mövcud ola bilməz, çünki o, zəriflik, estetik zövq və tabuları pozmaq istəyi tələb edir. Tabuları pozmaq deyərkən nəzərdə tutduğum mövcud əxlaqi nizama qarşı üsyan etmək deyil, onu eyni zamanda həm qəbul, həm də rədd etməkdir. Cütlük intim şəraitdə, qarşılıqlı razılıq əsasında ictimai normaları pozaraq, həm öz azadlıqlarını göstərərək, həm də konfidensiallıqlarını qoruyaraq arzunu alovlandıran bir oyuna başlayır.
Formaya və zövqü dərinləşdirən, müddətini uzadan və gücləndirən rituallara diqqət edilməsə, cinsi əlaqə eləcə fiziki məşğuliyətə, təbii instinktə, kişilər və qadınlar isə duyğusuz avtomatlara çevrilər. Bunun isbatı bu gün erotik ədəbiyyat adlandırılsa da, əslində pornoqrafiyanın zərrə qədər fərlənməyən aşağı səviyyəli əsərlərdir. Ədəbiyyat sırf ədəbi səbəblərə görə erotik yox, pornoqrafik hala düşür, çünki formaya kifayət qədər diqqət edilmir: üsluba, dialoqlara, sujetə və səhnələrin təsvirinə nətərgəldi və diqqətsiz yanaşma cinsi əlaqənin kobud, bayağı, hisslərdən və zəriflikdən məhrum şəkildə ifadə edilməsinə gətirib çıxarır.
Çağdaş qərb dünyası sakinlərinin sevişmə forması erotizmdən çox, pornoqrafiyaya yaxındır. Üstəlik, paradoksal şəkildə seksin indiki vəziyyəti azadlığın nəticəsidir.
Gələcəkdə məktəb tədris proqramına daxil olması ehtimal edilən masturbasiya dərsləri ilk baxışdan puritanlığa və sekslə bağlı qərəzli düşüncələrə qarşı mübarizədə qətiyyətli addım kimi görünə bilər. Əslində isə seksi sehrdən məhrum edərək onu yemək, yatmaq və işləmək kimi adi şeyə çevirməyi özünə məqsəd seçən bu və ya digər təşəbbüslər cinsi əlaqəyə marağın vaxtından əvvəl itməsinə gətirib çıxarar. Əgər seks öz sehrini itirib eləcə fiziki məşğuliyyət halına gəlsə, gənclər zövqü başqa yerlərdə – əvvəla alkaqolda, narkotikdə və zorakılıqda axtarmağa başlaya bilərlər.
Cismani münasibətin insanların həyatını zənginləşdirməsini istəyiriksə, onda onu qərəzdən təmizləməli, ancaq onu aliləşdirən və sivilləşdirən jestləri, ritualları qorumalıyıq. Və onu nümayiş etdirmək əvəzinə, sevgililərin tanrılar kimi davranmasına və unudulmaz qarşılıqlı istək anlarında özlərini tanrı kimi hiss etməklərinə şərait yaradan məhrəmliyi və konfidensiallığı hifz etməliyik.
Tərcümə: Qismət




