Yunan mifologiyasında tez-tez rast gəlinən “sirenalar” tarix boyu əsərlər, filmlər və incəsənət nümunələri üçün ilham qaynağı olmuşdur. Əvvəllər həm qadın, həm kişi şəklində təsvir olunan bu varlıqlar, əsrlər keçdikcə sadəcə yarı qadın, yarı quş təsviri ilə qarşımıza çıxır. Onların Sirenum Scopuli olaraq adlandırılmış adada yaşadığı iddia olunur. Adanın ətrafı uçurum və qayalıqlarla əhatələnmişdir. Sirenaların məskunlaşdığı yerlər siyahısının ilk pilləsində dənizçilər üçün xüsusi təhlükəli ərazi hesab edilən Antemoessa adası gəlir. Sirli səslər eşidilən Amalfi sahilləri, Messina boğazı və Kapri adası da onların əsas yaşayış bölgələri kimi tarixi mənbələrdə öz əksini tapmışdır.
Əfsanəyə görə, sirenalar qeyri-adi musiqi sədaları ilə adaların yaxınlığından keçən dənizçilərin diqqətini cəlb edirdilər. Həm onların, həm də musiqinin gözəlliyinin sehrinə qapılan kişilər ömürboyu həmin ərazidə yaşamaq arzusu ilə gəmilərinin istiqamətini adaya tərəf dəyişib burada qayalara çırpılaraq ölürdülər.
Sirenalar yunan mifologiyasında heyvan və insan qarışığı, gözəl səsli dəniz iblisləri kimi tanınır. Dənizçiləri cəzb edərək gəmilərinin batmasına səbəb olan bu varlıqların sonradan qurbanlarını parçalayıb yediklərinə də inanılır. Uzun bir dövr sonra sirenaların qanadlı təsviri tarixin tozlu səhifələrinə qarışmış, onlar su pərilərinə bənzədilərək insan bədənli, balıqquyruqlu varlıq şəklində təsvir edilməyə başlanmışdır. Ancaq sirenalar müəyyən xüsusiyyətlərinə görə su pərilərindən fərqlənirlər. Başlıca fərq olaraq sirenaların iki quyruğa malik olmasını
göstərmək olar. Qadınbədənli, birquyruqlu su pəriləri dəniz canlısı sayılsa da, sirenaların məskəninin quru hövzəsi və qayalıq bölgələr olduğu məlumdur.
Roma və Yunan əfsanələrinə əsasən, sirenalar əvvəllər normal qızlar olmuş, dostları mənfi qüvvələr tərəfindən qaçırıldıqdan sonra onu yerdə-göydə rahat axtarsınlar deyə sonradan qanadları çıxmışdır. Bəzi mənbələrdə isə bunun Allah tərəfindən göndərilən bir cəza olduğu qeyd olunur. Tarixi qaynaqlarda bu cazibədar varlıqların sayı 2-8 arasında dəyişir.
Odissey və Orfey sirenaların tələsindən qurtulan qəhrəmanlardır. Homerin əsas obrazı Odissey dənizçilərə sirenlərin cəzbedici musiqisindən xilas olmaq üçün qulaqlarını arımumu ilə bağlamalarını tapşırır. Özünü isə gəmi dirəyinə bağlatdıraraq təhlükədən azad ola bilir. Əfsanəvi musiqiçi, şair-filosof Orfey isə qayalıqlar tərəfdən keçərkən öz səsləndirdiyi musiqi ilə sirenaların səsini batıraraq sağ qurtulur.
Homerdən “Odisseya” dastanı, Dante Alighieridən “İlahi Komediya” bu əfsanəvi varlıqlar haqqında məlumat əldə etmək üçün əsas mənbələrdən sayılır. Məşhur “Karib dənizinin quldurları” filmində də bəzi səhnələrdə onlara rast gəlmək mümkündür.