“Ulduz müharibələri” (Star wars) və “İndiana Cons” kimi əfsanəvi filmlərin rejissoru Corc Lukas uzun illərdir üzərində işlədiyi “Lucas Museum of Narrative Art” muzeyini (Lucas təhkiyə sənəti muzeyi) 2026-cı ildə Los-Ancelesdə açmağa hazırlaşır. Muzey haqqında məlumat verən 81 yaşlı Lukas layihəni “xalqın sənəti üçün bir məbəd” kimi təsvir edib. Onun sözlərinə görə, sənətin dəyəri, yaradıcısının kimliyindən və ya maddi dəyərindən çox, tamaşaçı ilə qurduğu emosional bağa əsaslanmalıdır.
Daha.az xəbər verir ki, muzeydə general Grievousun motosikleti, Anakin Skayvalkera aid kosmik gəmi modeli və landspeeder kimi ikonik obyektlər sərgilənəcək. Eyni zamanda, əfsanəvi konsept rəssamı Ralf Makkuorriyə aid eskizlər də ziyarətçilərə təqdim olunacaq. Muzeyin əhatə dairəsi isə bununla məhdudlaşmır. Corc Lukasın şəxsi kolleksiyasından Frida Kahlo və Norman Rokvelin tabloları, R. Kramb və Cek Kirbinin komiksləri, 1934-cü ilə aid ilk Flaş Gordon eskizi, 1950–60-cı illərə aid orijinal Peanuts zolaqları, 1968-ci il “Black panther” (“Qara pantera”) komiksinin ilkin səhifəsi və ilk “Iron Man” (“Dəmir adam”) komiksinin orijinal üz qabığı da nümayiş olunacaq.
Çinli memar Ma Yansonqun dizayn etdiyi futuristik bina ulduz gəmisini xatırladır. Beş mərtəbədən ibarət muzeyin 300 min kvadratmetrlik sahəni əhatə etməsi planlaşdırılır.
Muzeydə geniş sərgi salonları ilə yanaşı iki kinoteatr, tədris otaqları, kitabxana, restoran və suvenir mağazası da fəaliyyət göstərəcək.
Qeyd edək ki, muzey 2026-cı ildə açılacaq.




