Ədəbiyyat üçün günah anlayışı niyə cazibədardır?

Ədəbiyyat üçün günah anlayışı niyə cazibədardır?

Amerika filosofu Ralf Emerson modern çağ haqqında belə deyir: “Modern dünya Faustdan sonrakı dünyadır”.

Getenin doktor Faustuna qədər Avropa aydını tanrı ilə mübahisə edirdi. Faust isə bu mübahisəyə son qoydu və qəlbini bütünlüklə Mefistofelin qılığına girmiş şeytana təslim etdi. Əslində, Frans Kafkanın öngörüsündə miskin həşərata çevrilən insanın metamorfozu Faustla başlayır.

Modern insan! Onu bir cümlə ilə necə obrazlaşdırmaq olar? Mən ona əlimyandıda belə bir tərif verərdim: “Ağlının gücü ilə ruhundakı, xislətindəki günahsız vəhşini oyadan məxluq!” Doktor Faust ağlını həzzin quluna çevirdi. Faustdan sonra ondan ilhamlanan və “böyük ideyalar üçün kiçik insanları qurban vermək olar” deyən Napoleonu özünə ideal seçən Raskolnikov doğdu. Raskolnikovun arxasınca insanların arasında bir “yad” kimi vurnuxan, öz anasının ölümünə belə kədərlənə bilməyən Kamyunun Mersosu peyda oldu.

Modern insan günah hissi üzərində hakimiyyət qazandı, günahı kölələşdirdi. İntellektaul inkivizotara çevirildi. Bu qəhrəmanlar nə istəyirlər? Onlar Faust kimi hər cür həzzin dadına baxmaq istəyirlər. Onlar Raskolnikov kimi kiçik insanların canı bahasına özlərinin “böyük həqiqətlərini” gerçəkləşdirmək istəyirlər. Onlar cənab Merso kimi ölümlə nihilistcəsinə əylənilər.

Bəs günah dediyimiz şeyin özü nədir?

Bəsit mənada desək, tanrının insanda öz səhvini sonradan düzəltmək üçün yaratdığı ilahi bir metod. Əyrini sıxaraq düzəldən bir məngənə. İnsan nə zaman günaha batır? Salındığı bu məngənəyə müqavimət göstərəndə. Bəs o, bu məngənəyə nə zaman müqavimət göstərməyə çalışır? Özünün təbii əyriliyindən həzz almaq istəyəndə. Çünki o, başdan belə yaradılıb; nəfsi olan, həzz duyğusu olan bir canlı kimi. İstər tanrı olsun, istər təbiət, ona nəfsini doyurmaq və həzz almaq üçün bir yol göstərib: hücum etmək!

O, xoşbəxt olmaq üçün bütün ömrünü hücumda keçirməlidir. O, ibadət edəndə belə daha uzaq hədəflərə hücum vəziyyətindədir. Onun ibadəti qovulduğu cənnətə hücum hazırlığıdır. Hər səhər metro girişlərində tələsən, alacağı maaşla yaşaya biləcəyi həzzi təsəvvüründə canlandıraraq nəfsinin kentavrı kimi dördnala işə çapan insanlara baxın. Ən mədəni halında belə insan hücumda deyilmi? Kim daha tez çatacaq, kim daha çox qoparacaq, kim daha çoxunu yuvasına götürəcək? Bu gün modern dediyimiz insanı bundan başqa bir sual düşündürürmü?

Faust da həyat üzərində hakimiyyətə can atırdı. Raskolnikov özünü gerçəkləşdirməyin yolunu günaha batmaqda gördü və hücum edib sələmçi qarını öldürdü. Cənab Mersonun həyatı zatən əlcəzairli ərəbi laqeydliklə öldürəndən sonra başlayır. Son nə olacaq? Tövbəmi? Vicdan əzabımı? Edammı? Bəlkə də, heç biri… ya da milyon tirajlarla satılacaq cürbəcür kitablar…

Çünki modern insan artıq öz ölümünün müştərisidir.

OXŞAR XƏBƏRLƏR