Tərcümə təkcə söz məsələsi deyil: bütöv bir mədəniyyəti başa düşülən etmək məsələsidir.
Antoni Bergess
Ədəbiyyatın böyük dövrü, bəlkə də, həmişə tərcümələrin böyük dövrüdür.
Ezra Pound
Daha.az tərcüməçi Anar Rəhimovun “Bədii tərcümə qrant fondları: qlobal ədəbiyyat mübadiləsinə dəstək” mövzusunda yazdığı “Ədəbiyyatın ixracı: necə, nə üçün və …kimi?” essesini təqdim edir.
Hazırda qloballaşan dünyada ədəbiyyatın ən təsirli mədəni təbliğat vasitəsi olması danılmazdır. Bu baxımdan dünyada mövcud olan və yetərincə effektiv fəaliyyət göstərən bədii tərcümə qrant fondları ədəbi əsərlərin dillər və mədəniyyətlər arasında tərcüməsi və yayılmasının təşviqində mühüm rol oynayır. İnternetə girib hər hansı birinin nizamnaməsinə, məqsəd məramına baxsaq, aşağı-yuxarı bu mənzərə ilə rastlaşacağıq: Bu fondlar dillər arasında uçrumu aradan qaldırmaq, mədəni mübadiləni təşviq etmək və qlobal ədəbi mənzərəni zənginləşdirmək üçün tərcüməçilərə, naşirlərə və müəlliflərə dəstək verir. Mədəni mübadiləni təşviq edərək qrantlar müxtəlif mədəniyyətlərdən olan əsərlərin tərcüməsini asanlaşdırır, oxucuları yeni perspektivlər və ideyalarla tanış edir.
11 ildir ki, Skandinav dillərindən ədəbi tərcüməçiliklə məşğul olan, eləcə də Avropanın bu qəbildən fondlarının əksərində təcrübə proqramlarında iştirak edən tərcüməçi kimi bu fondların əhəmiyyəti və iş prinsipləri ilə bağlı bəzi məsələləri dəyərli oxucularla bölüşmək istəyirəm.
Dünyada saysız-hesabsız tərcümə qrant fondları fəaliyyət göstərir. Hətta 35 min əhalisi olan Farer adaları, Luksemburqun belə ədəbiyyata dəstək verən qrant fondu var. Bəziləri dövlətin nəzarətində hansısa quruma (əksər hallarda Xarici İşlər Nazirliyi, Mədəniyyət nazirliyinə) tabe olmaqla, bəziləri isə müstəqil ianə təşkilatı kimi ədəbiyyatın inkşafına, ixracına dəstək verir.
Misal üçün İsveç fondu Mədəniyyət Nazirliyinin, Norveç fondu isə XİN-nin bir qolu kimi fəaliyyət göstərir. (Hazırda Mədəniyyət Nazirliyi nəzdindəki) ən böyük, geniş spektrli fəaliyyət göstərən NORLA-da 12-13, İsveç və Danimarka fondlarında isə 5-6 nəfər ekspert fəaliyyət göstərir və onlar nazirlik tərəfindən təyin edilən kuratorlara tabedir.
Ofislərində təcrübə keçdiyim, iş prinsipləri ilə şəxsən tanış olduğum üç böyük ədəbiyyata dəstək fondunun iş prinsipləri ilə sizi tanış etmək istərdim:
Başlayaq təhsil aldığım, 11 ildir əməkdaşlıq etdiyimiz Norveç fondu NORLA-dan. 1978-ci ildə təsis edilən, Mədəniyyət Nazirliyinin kurasiyasında fəaliyyət göstərən NORLA təkcə 2004-cü ildən 8700 Norveç kitabının 76 dünya dilinə tərcüməsini qrantlarla mümkün edib. Böyük rəqəmdir, deyilmi? Demək, az qala, dünyanın hər üçüncü ölkəsində Norveç ədəniyyatına, mədəniyyətinə insanların öz dillərində çıxışı var.
NORLA-nın qrant layihələrinə aşağıdakılar daxildir:
- Norveç bədii, elmi, poeziya, şifahi xalq ədəbiyyatının xarici dillərə tərcüməsinə dəstək
- İldə bir dəfə Norveç dilindən tərcümə edən tərcüməçiləri Norveçə çağırıb onlara seminar keçmək, dil biliklərini təkmilləşdirmək, yerli ədəbi mühitdəki yeniliklərlə tanış etmək.
- Hər il üç gənc ədəbiyyatçı-yazarı seçib onlara hərtərəfli dəstək vermək, yazıçı kimi inkişaflarına, dünyaya çıxmalarına, əsərlərinin çapına pul ayırıb bütün beynəlxalaq kitab sərgilərinə onları dünyaya çıxmaları üçün göndərmək. Bu davamlı dəstək bir il boyunca davam edir.
- Öz səhifəsində yeni kitabları təbliğ edir, resenziyalar, revyular təqdim edir, yeni kitablarla bağlı yazılar hazırlayır, həmin kitablardan hissələr paylaşır, ədəbi agentlərin nömrələri, email ünvanları yazılır. Xarici naşirlər həmin kitabların müəllif hüququnu alıb öz ölkələrində çap etmək üçün təşviq edilir.
- Tərcüməçilər sınaq tərcümə üçün müraciət edirlər. Bu zaman tərcüməçi öz ölkəsində naşirə təqdim etmək, həmin kitabı çapına inandırmaq məqsədilə hər hansı kitabdan 8-10 səhifə tərcümə edir və NORLA buna görə həmin tərcüməçiyə əməkhaqqı ödəyir.
- Norveç haqqında kitab nəşr edən, tərcümə edən, internet saytları, ədəbi jurnallar üçün esselər yazan insanların Norveçə 3 günlük səfərini təşkil edir.
- Bundan əlavə NORLA hər il Norveç dilində ən yaxşı tərcüməçi mükafatı “Jon Fosse” mükafatını təntənəli mərasimlə təqdim edir. Mükafat yetərincə ciddi məbləğdən və Norveçdə bir neçə gün bütün xərclər ödənilməklə səfərdən ibarətdir.
Əslində, siyahını uzada da bilərəm. Sadəcə, ehtiyac görmürəm. Qısa belə xarakterizə edim: Norveç höküməti bu tərcümə proqramını yaratmaqla 5 milyonluq əhalinin danışdığı dili, ədəbiyyatı, bununla da həyat tərzini, adət-ənənəni, demokratiyanı, milli dəyərləri dünyaya çıxarır, təbliğ edir. Öz aramızdır, yoxsa kimə maraqlıdır yalnız Norveçdə 5 milyonluq əhalinin danışdığı kiçik bir dili öyrənsin, heç də dünyanın ən yaxşı mədəni nümunələri sayılmayan (aralarında çox yaxşıları da var) kitabları tərcümə eləsin?
Danimarka fondu
İdarə heyəti 5 nəfərdən ibarət bu fond Danimarka Mədəniyyət nazirliyinin tərkibində fəaliyyət göstərir və maliyyə ehtiyatlarına görə dünyanın ən öndə gedən ədəbiyyat ixracı fondlarındandır.
Bu fondun özəlliyi ondadır ki, onlar həm Danimarka ədəbiyyatını dünyaya çıxarır, həm də dünya ədəbiyyatının Danimarka dilinə tərcüməsinə dəstək verir. Yəni yerli naşir, kitabxana hər hansı xarici kitabın yerli dili tərcümə edilməsi üçün də müraciət edib pul ala bilər. Ərizə qəbulu üçün son tarix ildə iki dəfədir. Fevral və Sentyabr aylarında. Ərizə yalnız xarici naşirdən gələ bilər. Misal üçün bir ölkədə bir naşir istəyir Danimarkalı yazıçı Tove Ditlevsenin “ Otaq” kitabını öz dilinə tərcümə etsin. Bunun üçün həmin naşir nə etməlidir? İlk növbədə, Danimarka dilindən peşəkar tərcüməçi tapmalıdır. Daha sonra həmin tərcüməçi ilə eyni zamanda kitabın müəllif hüquqlarına sahib ədəbi agentliklə müqavilə imzalamalıdır ( müəllif haqqı çox zaman 300-500 avro arasında dəyişir). Bundan sonra maliyyə detallarını əlavə edib, sonra sənədləri onların onlayn portalına daxil etmək lazımdır. Yəni “Otaq” kitabının tərcümə və çap xərclərinə mənə 10 manat lazımdır. 10 manatı bu istiqamətlərə xərcləyəcəyəm (hər şey son dərəcə dəqiq göstərilməlidir) Əgər sənədlərin qaydasındadırsa, seçdiyin kitab qurumun ədəbi ekspert şürası tərəfindən bəyənilirsə 8 həftə sonra email ünvana müsbət cavab, daha 2 həftə sonra isə vəsait gəlir. Bəzən bəyənmirlər, rəqabət çox böyük olur, yazırlar ki, bu dəfə sizin ərizə digər ərizələr içində zəif oldu, bağışlayın, pul ayıra bilmədik. Pul demişkən, elə fondlar var ayrılan pulu dərhal, elə fondlar da var, yalnız kitab çap olunandan, tərcüməçi pulunu aldığı haqda rəsmi bildiriş göndərəndən və fond dörd nüsxə yeni nəşr olunmuş kitabı bağlama ilə alandan sonra ödənilir. Yəni ədəbi tərcümə fondları fərqli iş prinsiplərinə sahibdir.
Danimarka fondunun qrant ayırmaq üçün əsas tələbləri:
- Kitab Danimarkalı yazıçı tərəfindən yazılmalı, Danimarka nəşriyyatında çap edilməlidir.
- Kitabın ədəbi keyfiyyəti, üslubu, mövzusu ədəbi ekspert şürası tərəfindən təqdir edilməlidir.
- Müəllif yaşayan müəllif olmalıdır. Klassiklərə pul ayrılmır.
- Danimarka dilindən tərcümə edən tərcüməçi kitabı zay etməməlidir. Keyfiyyətli, orijinala yaxın tərcümə təcrübəli tərcüməçi tərəfindən aparılmalıdır. Bu məqsədlə tərcüməçi işə başlayanda, ilk işindən qabaq onu xüsusi proseslərlə yoxlayırlar.
Danimarka fondu da 2 ildən bir tərcüməçiləri Kopenhagen universitetinə ixtisasartırma kursuna yığır. Yerli ədəbi mühitlə tanış edir, yazıçılarla, naşirlərlə, ədəbi agentlərlə görüşdürür. Kitabxanaları gəzdirir və s.
Niderland ədəbi ixrac fondu
Ərizə qəbulu sayına, ayırdığı qrant məbləğinə görə bu fond dünyada ən öndəgedənlərdəndir. Niderland Elm və Təhsil nazirliyinin tabeliyində fəaliyyət göstərən bu qurumun idarə heyəti 6 nəfərdən ibarətdir. Fondun saytında əsas fəaliyyət istiqamətləri aşağıdakı kimi ümumiləşdirilib:
- Niderland ədəbiyyatını dünyaya çıxarmaq üçün qrantlar və proqramlar vasitəsilə xarici naşirləri və tərcüməçiləri stimullaşdırmaq.
- Niderlandda ədəbi-bədii festival, seminar, konfranslar təşkil etməklə yerli, cavan yazıçılara dünyaya çıxmaq, əsərlərini dəvət edilən əcnəbi naşir, tərcüməçi, ədəbi agentlərə təbliğ etmək üçün şərait yaratmaq.
- Klassik yazıçılarmız üçün müraciət edilən məbləğin 100 faizini (Klassiklərimizə xüsusi önəm veririk) yaşayan yazıçılarımıza 75 faizini, şeir kitablarına da 100 faizini qrant ayırırıq.
- Niderland ədəbiyatı haqqında resenziya, revyu, icmal yazan əcnəbi ədəbi tənqidçiləri Niderlanda səfərə dəvət edirik.
- Şəkilli uşaq kitabları xüsusən çətin ərsəyə gələn və bahalı layihələrdir. Bu baxımdan bonuslarımız mövcuddur.
- Yazıçı, tərcüməçi və naşirləri Frankfurt, London, Baloniya kitab sərgilərinə göndərir, dünyadakı yeni ədəbi trendlərlə tanış olmaları üçün şərait yaradırıq.
- Qrant ayrılması üçün kitab mütləq Niderland, ya da flamand dilindən tərcümə edilməli, tərcüməçi təcrübəli olmalıdır.
Azərbaycanda belə bir ədəbiyyata dəstək fondu yaranarsa…
Bir neçə xarici fondun iş prinsipləri ilə tanış olduqdan sonra indi istərdim belə bir qurumun ölkəmizdə necə fəaliyyət göstərməsi ilə bağlı düşüncələrimi sizinlə bölüşüm.
Bu qurumu mənə görə necə təşkil etmək olar, ekspert komissiyasında kimlər yer almalıdır ki, “sən öl, mən ölüm”lə dost tanışın kitabları üçün pullar ayrılmasın, adamı olanlar dünyaya çıxıb, olmayanlar Biləcəridən bu tərəfdə kürkünü günə verməsin?
Azərbaycan ədəbiyyatını bu gün dünyada ən çox hansı nümunələr layiqli təmsil edə bilər? Şərtlərimiz nə olmalıdır? Şəffaflıq necə təmin edilməlidir? Prioritetlərimiz necə seçilməlidir?
Ədəbiyyatımızın dünyaya təsirini artırmaq üçün qlobal ədəbi şəbəkələrlə əlaqə saxlamağımız mütləqdir. Amma əvvəl daxildə nələrsə mütləq köklü dəyişməlidir. Yoxsa belə fond heç nəyə yarayan deyil.
Bədii tərcümə fondu vasitəsi ilə Azərbaycan ədəbiyyatının tərcümələr, layihələrlə dünyada mövqeyini gücləndirmək, gənc yazıçılarımıza imkan yaratmaq, mədəni mübadilə və anlaşmanı gücləndirmək olar. Təbii ki, mümkündür. Amma iş başına peşəkarlar keçməlidir.
Azərbaycan ədəbiyyatını dünyaya səmərəli şəkildə çatdırmaq üçün ağlıma ilk gələn bu addımları nəzərdən keçirək:
Tərcümə üçün seçiləcək ədəbi nümunələrin qiymətləndirməsi və monitorinqi:
İlk növbədə dünya təcrübəsinə əsaslanıb Mədəniyyət nazirliyinin nəzdində bir qurum yaratmaq olar. Ad məsələsi ilə bağlı onu qeyd edim ki, burada da təcrübələr müxtəlifdir: Bəzi ölkələrdə “Ədəbiyyat fondu”, Ədəbiyyat və mədəniyyətin ixracına dəstək fondu”, “Mədəniyyətə və ədəbiyyata dəstək komitəsi”. Yaxud görkəmli şəxslərin adları ilə adlanan fondler da mövcuddur. “Nobel fondu.” “Höte fondu” və s.
Düşünürəm ki, başlanğıcda 5-6 nəfər müstəqil ekspertlərdən ibarət qiymətləndirmə komitəsi yaratmaq, ora işində özünü sübut eləmiş, prinsipal mövqeyi ilə və təmiz keçmişi ilə fərqlənən ədəbiyyatçı, dilçi-filoloq, mətnşünas, ədəbi tənqidçi dəvət etmək mümkündür. İldə iki dəfə müsabiqə elan edilir. Misal üçün mart və oktyabr aylarının 15-i hər il ərizə qəbulu üçün son tarix təyin olunur. Müzakirələrdən sonra uğurlu ərizəçilərə cavablar 6-8 həftə sonra email vasitəsi ilə göndərilə, eyni zamanda qurumun rəsmi saytında yerləşdirilə bilər.
Bizim ədəbyyat dünyaya hələ o qədər çox çıxmayıb ki, bəzi beynəlxalq fondlar kimi yalnız müasir, yaşayan müəlliflərimizin tərcümələrinə dəstək verək. Bu baxımından, fikrimcə, hər dörd ərizədən birində klassik, yaxud müasir klassiklərə də dəstək verilməlidir. İlk mərhələdə, qarşısına Azərbaycan mədəniyyəti və ədəbiyyatını dünyada tanıtmaq məqsədi qoyan qurum üçün Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlını, Haqverdiyevi layihələrdən kənar qoymaq doğru olmaz. Yenə dünya təcrübəsinə baxaq: İsveçrə, Kanada, Sloveniya, İslandiya, Norveç klassiklərə dəstəyi hələ də prioritet hesab edir.
Elmi-kütləvi ədəbiyyat, poeziya, nağıllar, şəkilli uşaq kitabları da diqqətdən heç bir halda kənar qalmamalı, büdcənin bir hissəsi mütləq bu layihələrin maaliyələşdirilməsinə yönəlməlidir.
Yeni yaranacaq qurum fəallığına, yaradıcılığının özünəməxsusluğuna, bəlli prespektiv vəd etməyinə görə hər il 3 nəfər yaşı 35-dən aşağı yazıçını seçib ona təqaüd ayıra, peşəkar inkşafına yardım edə, əsərlərini çap edə, beynəlxalq kitab sərgilərinə göndərə, əsərlərini tərcümə edib xarici ədəbi agentliklərə təqdim edə, onların beynəlxalq mühitdə oxunan yazıçı kimi püxtələşməsinə yardım edə bilər. Bu təcrübədən beynəlxalq aləmdə Belçika, Fransa, Norveç kimi ölkələr uzun müddətdir ki, uğurla yararlanır.
Çətinliklər, çağırışlar qaçılmazdır. Xüsusən Azərbaycan kimi ənənəvi dəyərlərin, “sən öl, mən ölüm” kimi istəklərin hökm sürdüyü ölkələrdə. Komitə üzvlərinə, qərar verən adamlara kənar təsirlər, tapşırıqlar, yuxarıdan müdaxilələr minumuma endirilməli, ekspertlər tamamilə müstəqil fəaliyyət göstərməli, tərcümə üçün seçilən əsərlərin fərqləndirici yeganə meyarı onların ədəbi keyfiyyəti olmalıdır. Bax bu cür müstəqil, kənar müdaxilələr olmadan göstərilən fəaliyyət ədəbiyyat ixracı qurumunun uğurlu fəaliyyətinin kredosu ola bilər.
Bir misal çəkim, İsveçdə komitədə oturmusansa, qərar verənsənsə, nə yaxın, nə uzaq qohumunun kitabı seçim üçün səsverməyə qoyulanda sən iştirak edə bilmərsən. Yəni belə…
Komitə “üstünlük verilən ədəbiyyat siyahısı” hazırlaya bilər. Yəni biz ilk növbədə bu yazıçı və şairlərimizin tərcümə olunmasını istəyirik. Seçim yenə xarici nəşriyyatlarındır, amma məhz bu yazıçı və şairlərə qrant verilməsi təminat altındadır.
İstənilən halda, üstünlük yaşayan, gənc, aktiv ədəbi fəaliyyətlə məşğul olan yazıçılara verilməlidir. Davamlılıq, məhsuldarlıq, özünəməxsusluq kimi kriteriyalar komitə üçün əsas olmalıdır. Yatırım gənclərə daha çox edilməlidir ki, onların gələcəkdə prestijli beynəlxalq ədəbi mükafatlardan birini qazanmaq şansı daha çoxdur. Yəni yarana bilən yeni qurumun fəaliyyəti təkcə xarici nəşriyyatlara Azərbaycan ədəbiyyatını tərcümə, nəşr etmək üçün dəstək verməkdən ibarət olmamalıdır. Bu qurum bütün mümkün vasitələrdən, beynəlxalq uğurlu təcrübədən istifadə edərək Azərbaycan mədəniyyətini, ədəbiyyatını tanıtmalı, təbliğ etməli, dünya yazıçılarını Azərbaycana, bizim yazıçıları tanınmaq, əsərlərini satmaq üçün xaricə göndərməli, ümumilikdə son dərəcə strateji əhəmiyyətli iş olan mədəniyyət və ədəbiyyat ixracı ilə məşğul olmalıdır.