Ədəbi gücü “Nobel”lə təsdiqlənən qadın yazıçılar

İlk dəfə Nobel mükafatı 1901-ci ildə bəşəriyyətə xidmət edənləri mükafatlandırmaq üçün təqdim edildi. İllər keçdikcə kişilərlə bərabər qadınlar da müxtəlif kateqoriyalar üzrə bu mükafatı əldə etməyə başladı. Fizika, kimya, tibb sahələrində olduğu kimi, ədəbiyyat üzrə də mükafat alan qadınların sayı artdı. Bu günə qədər qadınlara bütün kateqoriyalar üzrə ümumilikdə 52 Nobel mükafatı verilib. Sözün gücünü öz təxəyyül dünyası ilə birləşdirən Nobel mükafatlı qadın yazıçılarla tanış olaq.

Selma Lagerlöf

İlk dəfə 1909-cu ildə verilən Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən ilk qadın ədəbiyyatçı Selma Lagerlöfdur. Ədəbiyyat tarixində unudulmaz bir ad olan Selma Lagerlöf həmçinin İsveçin ilk qadın yazıçısıdır. 1895-ci ildə müəllim olarkən qısa hekayələr müsabiqəsinə qatıldıqdan sonra peşəsini tərk edib, vaxtını tamamilə səyahətə və yazmağa sərf edib.

Realizmə qarşı romantizm hərəkatının davamçısı olan yazıçı oxucularımıza uşaq ədəbiyyatı ilə sosial tənqidi birləşdirən “Nilsin vəhşi qazlarla səyahəti” əsəri ilə tanışdır. Nobel mükafatına əsərlərini digərlərindən fərqləndirən yüksək idealizmə, parlaq fikir və müqəddəsliyi tərənnüm etdiyinə görə layiq görülüb. Maraqlısı odur ki, o, Nobel nitqi zamanı onu bu mükafata layiq gördükləri üçün İsveç kralına və mükafat komitəsinə təşəkkür etməyib, əvəzində başdan sonadək ölmüş atası ilə xəyali dialoqdan ibarət bir nitq söyləyib.

 

 

Qrasia Deledda

İtalyan əsilli yazıçı Qrasia Deledda doğma Sardiniya adasını və insanlarını təsvir etdiyi əsərləri ilə ölkəsindən kənarda da böyük oxucu kütləsi qazanmışdır. Yazıçı insan problеmlərinin dərinliklərinə nüfuz еtməyi bacaran poеtik ruhlu əsərlərinə görə 1926-cı ildə Nobel mükafatına layiq görülüb. İsvеç Akadеmiyasının üzvü Hеnriх Şuk onu təqdim edərkən Dеlеddanın təbiət təsvirləri yaratmaqda Avropada əvəzsiz olduğunu vurğulamış, dini dərindən bildiyini,  kədəri mükəmməl təsvir etsə də, əsərlərinin bədbin ruhda olmadığını qеyd еtmişdir. Deledda isə həmkarlarından fərqli olaraq ilk dəfə böyük auditoriya qarşısında çıxışı zamanı sadəcə təşəkkürünü bir neçə sözlə ifadə etməklə kifayətlənmişdir.

 

 

Siqrid Unset

Siqrid Unset 1928-ci ildə Nobel mükafatına layiq görülmüş Norveç yazıçısıdır. Orta əsrlər Skandinaviya həyatının dolğun təsvirlərinə görə mükafat alan Unset qısa Nobel nitqində ancaq bu sözləri demişdi:

“Yazmaq mənim üçün danışmaqdan, əsas da özüm haqqında danışmaqdan daha asandır”.

Orta əsrlər Norveçində yaşayan Kristin Lavransdatter adlı qadının doğumundan ölümünə qədərki hekayəsindən bəhs edən, 1920-1922-ci illər arasında nəşr olunan trilogiyası onu daha çox sevdirmişdir. Bir qadın qələmindən qadının ağrısını, ümidlərini, həyatını və münasibətlərini son dərəcə gərgin təsvirlərlə oxumaq istəyənlər üçün bu əsər düzgün seçimdir. Siqrid Unset oxucularımıza Anar Rəhimovun orijinaldan tərcüməsi ilə Alatoran Nəşriyyatında işıq üzü görən “Sabaha dönüş” əsəri ilə tanışdır.

 

Pearl S. Bak

Ədəbiyyatçı ailəsində doğulan Perl Bak yaradıcılığa erkən yaşlarından jurnallarda məqalələr çap etdirərək başlamışdır. Həm müəllim, həm də yazıçı olaraq fəaliyyət göstərən Bak, bitib-tükənməz yazmaq eşqi ilə 40 illik yaradıcılığına təxminən 80-ə yaxın əsər sığdırmağı bacarmışdır. O, Nobel mükafatı alan ilk amerikalı qadındır. Təkcə Nobel yox, həmçinin Pulitser mükafatı laureatıdır. Uzun illər Çində yaşamağı, romanlarında oradakı həyatı mükəmməl təsvir etməsinə səbəb olmuşdur. Elə 1938-ci ildə aldığı Nobel mükafatını da Çin kəndlilərinin həyatının həqiqi, dolğun, epik təsvirinə və yaratdığı bioqrafik şedevrlərə görə almışdır. İsveç Akademiyası Çin haqqında yazan amerikalı müəllifin əsərlərini xalqlar arasındakı dil və mədəniyyət maneələrini aradan qaldırdığına, insanların qarşılıqlı ünsiyyətinə yol açdığına görə yüksək qiymətləndirmişdi.  Perl Bak təşəkkür nitqində yaradıcılığını qiymətləndirdiyi üçün İsveç Akademiyasına və əsərlərinin qəhrəmanı kimi Çin xalqına böyük minnətdarlığını bildirmişdi: “Bu mükafat təkcə məni deyil, bütün amerikalı yazıçıları ruhlandıracaqdır. Bizim ölkədə qadının Nobel mükafatı alması olduqca əhəmiyyətlidir”.

 

Qabriela Mistral

Çilili şairə Qabriela Mistral Nobel mükafatına 1945-ci ildə Latın Amerikasının idealist təşəbbüslərinin simvoluna çevrilmiş ali hisslərin tərənnümünə görə layiq görülüb. Sağlığında cəmi beş kitabı nəşr olunmuş şairənin ədəbi irsi həcmcə kiçik olsa da, bədii dəyərinə görə dövrünün dünya ədəbiyyatında ən dəyərli poeziya nümunələrindən biri kimi qəbul olunur. Onun şeirləri sadə və səmimi, süni pafosdan və qondarma bəlağətdən uzaq, zəngin bir üslubda yazılmışdır. Poeziyasının orijinallığı və bənzərsizliyi də məhz bundadır. Qabriela ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülən ilk Latın Amerika ədəbiyyatçısı olmuşdur. Mükafat ona “bütün Latın Amerikasının idealist təşəbbüslərinin simvoluna çevrilmiş yüksək hisslər poeziyasına” görə verilmişdir. İsveç Akademiyasının üzvü Yalmar Qulberq onu “Latın Amerikası ədəbiyyatının şahzadəsi” adlandırmışdır. Qabriela Mistral isə öz nitqində minlərlə ədəbiyyat nümayəndəsi arasında fərqləndirilməsinin səbəbini şeirlərində qadınların və uşaqların səsinin eşidilməsi ilə əlaqələndirmişdi.

 

Nelli Zaks

Nelli Zaks romanları ilə yanaşı lirik şeirləri ilə oxucularda unudulmaz təəssürat yaratmağı bacarıb. 15 yaşında əsərini oxuyaraq heyranlıq dolu məktub ünvanladığı Selma Lagerlöf ilə qiyabı tanışlığı var idi.  Nelli Zaks nasist Almaniyasındakı təqiblərdən və real ölüm təhlükəsindən məhz Selma Lagerlöfün yardımı ilə xilas ola bilmişdi. Əsərlərini isveç və alman dillərində nəşr etdirən Saks hər iki ölkədə bir çox ədəbi mükafatlar qazanmışdır. Müharibənin insanlar üzərində dağıdıcı gücü haqqında kitablar yazan Zaks 1966-cı ildə Ədəbiyyat üzrə Nobel Mükafatını əldə edib. O, mükafatı İsrail romançısı Şmuel Yosef Aqnonla bölüşüb. Mükafat ona yəhudi хalqının taleyini tədqiq edən lirik və dramatik əsərlərinə görə verilib. Nelli Zaks Nobel nitqində mükafatı almasını şirin bir xəyala bənzətmişdir. İsveç Akademiyasının üzvü Anders Esterlinq təqdimat mərasimindəki çıxışında “yəhudi xalqının fəryadlarının Nelli Zaksın əsərlərində özünəxas bir qüdrətlə səsləndiyini” bildirmiş, eyni zamanda yəhudi əsilli şairənin həmişə humanist mövqedə dayandığını, revanşizm, nifrət və intiqam əhvali-ruhiyyəsinə heç vaxt uymadığını vurğulamışdır.

 

Nadin Qordimer

Cənubi Afrika Respublikası ədəbiyyatının görkəmli nümayəndəsi Nadin Qordimer 1991-ci ildə Nobel mükafatına keçdiyi dolğun və bənzərsiz yaradıcılıq yoluna görə layiq görülüb. Nadin Qordimer yazmağa erkən başlamış, əsasən Cənubi Afrika cəmiyyətinin köklü problemlərini və irqlərarası münasibətləri əks etdirən on beşə yaxın roman qələmə almışdır. İrqi ayrı-seçkilik məsələsində Nadin Qordimer “qızıl orta”nı tapmağa, ədalətli mövqe nümayiş etdirməyə xüsusi səy göstərmişdi. Başqa sözlə desək, o, ənənəvi şəkildə düşünüldüyü kimi yalnız ağların deyil, qaraların da vəhşiliyini olduğu kimi göstərmişdir. Nadin Qordimer bir neçə dəfə Nobel mükafatı nominantı olmuşdur. Nəhayət, 1991-ci ildə isə İsveç Akademiyası “möhtəşəm epik əsərləri ilə insanlığa böyük fayda gətirdiyinə görə” Cənubi Afrika yazıçısının namizədliyi üzərində dayanmışdır. Yazıçının fikrincə, əslində, onun bütün yaradıcılığı sadəcə rasizm mövzusunun, cəmiyyətdəki yadlaşma, mənəviyyatsızlaşma, nifaq və dözümsüzlük mövzusunun əks olunduğu çoxcildli bir kitabdan ibarətdir.

 

Toni Morrison

Toni Morrison XX əsr Amerika ədəbiyyatının simasını dəyişən yazıçılar sırasına daxildir. Amerika yazıçısı Toni Morrison Nobel mükafatı alan ilk qaradərili qadındır. Afrika və Amerika ədəbiyyatının dünyada təbliği istiqamətində yorulmadan çalışan yazıçı “Sevgili” adlı məşhur romanına görə 1988-ci ildə Pulitser mükafatına layiq görülüb. Bu romanın mükafat alması qazanılan uğurların təsadüfi olmadığını sübut etmişdir. İsveç Akademiyasının nominantlar arasından növbəti laureat kimi onu seçməsində də “Sevgili” əsərinin böyük rolu olmuşdur. Amerika zəncilərinin Cənubla Şimal arasındakı vətəndaş müharibəsi dövrü həyatına müraciət edən Toni Morrison təzəcə doğulmuş qızını kölə kimi böyütməkdənsə, öz əlləri ilə öldürməyi daha münasib bilən zənci qadının daxili dünyasını, sarsıntı və əzablarını bütün detalları, psixoloji dərinliyi və inandırıcılığı ilə göstərməyi bacarmışdır.

 

Vislava Şimborska

Polşa şairi Vislava Şimborskanın poeziyası dünyanın faniliyi, insanların yadlaşması və tənhalığı mövzularını əhatə edir. O, XX yüzillikdə ədəbiyyat sahəsində Nobel mükafatı alan beşinci polyak müəllifdir. Vislava Şimborska Nobel mükafatı alması xəbərini istirahət etdiyi Zakopan dağında eşidərkən demişdi: “Çox xoşbəxtəm, amma düzü, gözləmirdim. Qorxuram, bundan sonra əvvəlki kimi rahat həyat sürə bilməyim”. Vislava Şimborskanın poetik üslubu sadəliyi və realizmi ilə seçilir.  Şimborska daha çox İkinci Dünya müharibəsindən sonra yaranan reallıqların, meydana çıxan həqiqətlərin şairi sayılırdı. O da qərbli həmkarları kimi daha çox sərbəst vəzndə yazırdı. Lakin heç zaman sadəcə forma ardınca qaçmır, ifrat mücərrədliyə yol vermirdi. Hər bir şeirin konkret, aydın məzmununun, hədəfə çatan ideya və obrazlarının olmasına çalışırdı. 1996-cı ildə şairə “insan mövcudluğu timsalında tarixi və bioloji hadisələri son dərəcə dəqiqliklə təsvir edən poeziyasına görə” Nobel mükafatı qazanmışdır. Şimborskanın Stokholmda polyak dilində oxuduğu Nobel mühazirəsi “Şair və dünya” adlanır.

 

Elfrida Yelinek

Avstriya yazıçısı və dramaturqu Elfrida Yelinek eyni zamanda çox uğurlu musiqiçidir. Vyana Universitetinin sənət tarixi və teatr fakültələrini bitirən Yelinek şeirləri ilə yanaşı, feminizm mövzulu roman və pyesləri ilə dünya şöhrətli yazıçıdır. O, şah əsəri sayılan “Piano müəllimi” romanı ilə həm ədəbiyyat, həm də kino dünyasının əsas ilham qaynaqlarından birinə çevrilmişdir. Elfrida Yelinek 2004-cü ildə cəmiyyətin mənfi meyilləri və hakimiyyətin sosial şablonlarını ifşa edən roman və dramlarının musiqili səs axınına görə Nobel mükafatına layiq görülüb. Şiddətli aqorafobiyadan əziyyət çəkən yazıçı bu səbəbdən Nobel mükafatının təqdimetmə mərasimində iştirak edə bilməmiş, mərasimdə onun videonitqi nümayiş etdirilmişdi. Yelinek, məhz özünün seçildiyi üçün çox sevindiyini, lakin mükafatın populyarlığını daha da artırmasından və onu ictimai şəxsiyyətə çevirməsindən kədərləndiyini bildirmişdir.

 

Doris Lessinq

İngilis ədəbiyyatının görkəmli nümayəndələrindən olan Doris Lessinq uzun və məhsuldar yaradıcılığı ərzində Avropanın bütün əsas ədəbi mükafatlarını almışdır. 2007-ci ildə isə yazıçı epik əsərlərində qadın baxışıyla təsvir olunan ehtiras, şübhə və gələcəyi görmə xüsusiyyətlərinə görə öz zəngin mükafat kolleksiyasına Nobeli də əlavə etmişdir. İngilis yazıçısı Doris Mey Lessinq ədəbiyyat sahəsində Nobelə layiq görülən on birinci qadındır. O, mükafatı həyatının ahıl çağında – 87 yaşında alması ilə də özünəməxsus rekorda imza atmışdır. BBC radiosuna verdiyi müsahibədə, əslində, gərgin zəhməti ilə qazandığı Nobel mükafatının onu arzu edilməyəcək dərəcədə məşhurlaşdırmasından və nəticədə yaradıcılığına az vaxt qalmasından şikayətlənmişdir.

 

 

Herta Müller

Rumıniyada alman əsilli ailədə doğulmuş yazıçı Herta Müller 1999-cu ildə nüfuzlu Frans Kafka mükafatına layiq görülüb. Şah əsərləri Rumıniyada senzuraya uğradığı üçün Almaniyada nəşr olunub. Müller bir sıra kitablarına görə Rumıniyada ciddi tənqid olunsa da, onun əsərləri almanlardan müsbət rəy almışdır. Xanım Müllerin yaradıcılığı çoxşaxəlidir. Həm şeir, həm də nəsr əsərləri və esselər yazır. Həmçinin, tez-tez fotoqraf və rəssam kimi də fəaliyyət göstərir. Kitablarının Rumıniyada nəşri qadağan edildikdən sonra o, 1987-ci ildə yazıçı əri Riçard Vaqnerlə birlikdə Rumıniyadan Almaniyaya köçmüşdür. Ədəbi yaradıcılığını genişləndirməyə davam edən Müller 2009-cu ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Bu mükafatı şeirin gücündən və nəsrin açıqlığından istifadə edərək yoxsulların dünyasını aydın təsvir edə bildiyi üçün əldə etmişdir.

 

Alis Manro

Məşhur kanadalı hekayəçi Alis Manro “Kanadanın Çexovu” kimi tanınır. Karyerası boyu bir çox hekayələr toplusu nəşr etdirən Alis Manro müasirləri arasında ən yaxşılardan hesab olunur. 2009-cu ildə “Buker mükafatı”nı alan Manro, 2013-cü ildə Ədəbiyyat üzrə Nobel Mükafatını müasir qısa hekayə janrındakı ustalığına görə əldə etmişdir. Hekayələrində Kanadanın kiçik qəsəbələrində yaşayan insanların həyatlarından bəhs edən Manro sevgi və ölüm kimi mövzuları ön plana çıxarıb. Hekayələrinin mərkəzində qadınlar dayanır. O, hekayə ustadı kimi tanınsa da yaradıcılığına bir roman da sığdıra bilmişdir.

 

 

 

Svetlana Aleksiyeviç

Ukrayna əsilli belarus yazıçısı Svetlana Aleksiyeviç, 2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatını qazanmışdır. Yazıçı jurnalist kimi fəaliyyət göstərdiyi zaman təzyiqlərlə üzləşmiş və nəticədə ölkəsini tərk etmək məcburiyyətində qalmışdır.

Yazıçının əsərlərində daha çox SSRİ dövründə yaşamış insanların respublika dağıldıqdan sonrakı həyatlarından, müharibə görmüş uşaqların və qadınların taleyindən söhbət açılır. Kitablardan əlavə, o, sənədli filmlərə və teatr tamaşalarına da ssenarilər yazmışdır. O, oxucumuza 1985-ci ildə qələmə aldığı “Müharibə qadın simalı deyil” əsəri ilə tanışdır. Kitab qısa müddət ərzində populyarlaşaraq 2 milyondan çox oxucu kütləsi qazanıb. Əsər bir qadının monoloqu üzərində qurulmaqla müharibədən sonrakı həyatı əks etdirir. Yazıçı zəmanə ilə ayaqlaşan əsərlərində əzab çəkməyə və cəsarətə təsiredici yanaşma tərzi ilə fərqləndiyi üçün Nobel mükafatına layiq görülmüşdür.

 

Olqa Tokarçuk

Olqa Tokarçuk bir müddət ixtisası üzrə psixoterapevt işləyəndən sonra yazıçılığa başlayıb. Olqa həm nüfuzlu Buker mükafatına, həm də 2018-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Tokarçuk polyak ədəbiyyatının ən yaxşı yazıçılarından biri hesab olunur. Şair, esseist Olqa Tokarçuk yaxşı zövqə, güclü savada, dünyagörüşə, dərin fəlsəfi bilik və hekayəçilik qabiliyyətinə sahibdir. O, filosof yazıçıdır, ezoterikanın bilicisi kimi tanınır. Olqaya görə insan eyni yerdə batıb qalsa, daim şərin hücumuyla qarşılaşar, lakin daimi yerdəyişmə ona azad və təhlükəsiz yaşamaq üçün motivasiya verə bilər. Takarçuk Nobel mükafatına layiq görülmüş on beşinci qadındır. O, öz ixtiraçı təxəyyülü ilə mükafatı əldə etmişdir.

 

 

Luiza Qlük

Luiza Qlük Amerikan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi qəbul edilir. O, hər zaman şeirlərində həssas məqamlara toxunur. Ailə münasibətləri, tənhalıq, boşanma və ölümə dair fikirləri ilə tanınır. Şeirlərinin əsas mövzularına görə tənqidçilər onun şeirlərini “ümidsizlik” və ya “qaranlıq” adlandırırlar. Amerikalı şairə və esseist 2020-ci ildə sadə gözəlliklə individual mövcudluğu universallaşdıran qüsursuz poetik əsərlərinə görə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.  Bundan başqa, Qlük həm də nüfuzlu Pulitser mükafatının poeziya üzrə qalibidir.

OXŞAR XƏBƏRLƏR