Daha.az Bön Çul Xanın “Gözəli xilas etmək” kitabının ilk fəslini təqdim edir.
Hamarlıq çağımızın əlamətidir. Bu, Ceff Kunsun heykəllərini, “iPhone”u və Braziliya epilyasıyasını bir-biriylə birləşdirir. Niyə bu gün hamarlığı gözəl görürük? Estetik təsirindən əlavə bu görünüş sosial buyruğu əks etdirir. Hamarlığı gözəllik kimi görməyimiz bugünkü pozitiv cəmiyyətini (Positivgesellschaft) təcəssüm etdirir. Hamar olan şey yaralamır. Müqavimət də göstərmir. Gözlədiyi bəyənmədir (laykdır). Hamar bir obyekt öz əksini ləğv edir.
Hər bir neqativlik dəf edilir.
Hamarlığın estetikası hətta smartfonlarda da görünür. “LG”nin “G Flex” adlı smartfonu özünü yeniləyən dəri ilə örtülüb, beləliklə, hər cızıq və necə deyərlər, hər yara qısa müddətdən sonra yox olur. Yaralanması, bir növ, mümkün deyil. Süni dərisi smartfonu yenidən hamarlaşdırır. O, həmçinin çevik və elastikdir. Bir az içəriyə əyilə bilir. Beləliklə, telefon üzün və ombanın formasına mükəmməl uyğunlaşır. Elastiklik və müqavimətinin olmaması hamar estetikanın əsas keyfiyyətləridir.
Hamarlıq rəqəmsal cihazların səthləri ilə məhdudlaşmır. Rəqəmsal cihaz vasitəsilə ünsiyyət də rəvan, hamar baş tutur, çünki bu ünsiyyətdə xüsusilə xoş və pozitiv cəhətlər ötürülür və qəbul edilir. Paylaşma (Sharing) və Bəyənmə (Like) kommunikativ hamarlıq vasitələrini təmsil edir. Neqativlik aradan qaldırılır, çünki sürətli ünsiyyətə maneələr yaradır.
Ən məşhur müasir rəssamlardan biri olan Ceff Kuns hamar səthlər ustasıdır. Endi Uorhol da, əslində, gözəl, hamar səthləri ilə məşhurdur. Amma onun sənəti hələ də ölümün, fəlakətin neqativliyini içində daşıyır. Səthləri tam hamar deyil. Məsələn, Uorholun “Ölüm və Fəlakət” seriyası hələ də neqativlikdən qidalanır. Bunun əksinə olaraq, Ceff Kunsun işində fəlakət, yara, sınıq, çat, hətta qırış izi belə yoxdur. Hər şey yumşaq, hamar keçidlərlə axır. Hər şey yuvarlaqlaşdırılmış, cilalanmış və hamarlanmışdır.

Ceff Kunsun sənəti hamar səthlərə və onların tezbazar təsirlərinə yönəlib. Mənalandırılacaq, deşifrə ediləcək və ya üzərində düşünüləcək heç bir yanı yoxdur. Bu, layk sənətidir. Ceff Kuns deyir ki, onun əsərini tədqiq edənlər, sadəcə, bir “Vau” deyəcəklər. Onun sənəti qarşısında tənqidə, şərhə, hermenevtikaya, refleksə və düşüncəyə ehtiyac yoxdur. Onun sənəti şüurlu şəkildə uşaqcasına, bayağı və səhvə yol verməyən, rahat, sakitləşdirici və yüngülləşdiricidir. Hər cür dərinlikdən, incə düşüncədən arındırılıb. Onun şüarı “İzləyicini qucaqla”dır. Heç bir şey tamaşaçını təəccübləndirməməli, yaralamamalı və qorxutmamalıdır. Ceff Kuns deyir ki, sənət “gözəllik”, “zövq” və “ünsiyyət”dən başqa bir şey deyildir.
Onun hamar heykəlləri önündə onları əlləmək və hətta onları yalamağı arzulamaq üçün “toxunmaq məcburiyyəti” yaranır. Onun sənətində məsafə saxlamağı tələb edən neqativlik yoxdur. Yalnız hamarlığın pozitivliyi toxunma məcburiyyətini şiddətləndirir. O, tamaşaçını məsafə saxlamamağa, toxunmağa dəvət edir. Fəqət estetik bir mühakimə intellektual məsafə saxlamağı tələb edir. Hamarlıq sənəti bunu ləğv edir.
Toxunma məcburiyyəti və ya yalamaq istəyi yalnız hamar, mənası boşaldılmış sənətdə mümkündür. Hegel incəsənətin mənalılığını dönə-dönə vurğulayaraq, sənətin həssaslığını (Sinnlich) “görmə və eşitmənin nəzəri mənası” ilə məhdudlaşdırırdı. Mənaya yalnız bu yolla çıxış var. Qoxu və dad sənətdən həzz almağa yaramır. Bunlar yalnız “ləzzət verməyə” qadirdir, “sənətin gözəlliyi” ola bilməzlər. “Çünki iy, dad və toxunuş maddənin özü və onun bilavasitə hissiyyat xüsusiyyətləri ilə kifayətlənməlidir; qoxu havada maddi uçuculuq, dad cisimlərin maddi əriməsi, toxunma isə isti, soyuq, hamarlıqla əlaqəlidir. Mənadan, fikir incəliyindən məhrum olan hamar şey, sadəcə, məmnunedici duyğu yaradır. Bir “Vau” ilə bitir.
Roland Bart “Müasir mifologiyalar” kitabında yeni “DS Sitroen”inlərin şiddətləndirdiyi toxunma məcburiyyətinə işarə edir: “Məlum olduğu kimi, hamarlıq həmişə mükəmməlliyin bir sifətdir, çünki onun əksi sırf insani və texniki montaj prosesini ortaya qoyur: İsanın köynəyi tikişsizdir, eynən elmi fantastikadakı kosmik gəmilərin tək metal parçasından düzəldilməsi kimi.
Ümumi forması çox yuvarlaq olsa da, “D.S. 19” tamamilə hamar olduğunu iddia etmir; lakin tamaşaçıların diqqətini ən çox cəlb edən onun hissələrinin bir-birinə keçdiyi yerlərdir: onlar şüşələrin birləşmə yerlərini həvəslə yoxlayır, arxa pəncərəni nikel çərçivəyə birləşdirən geniş, rezin girintilərə daim toxunurlar. “D.S.”də montajın yeni fenomenologiyası başlayır, sanki, lehimlənmiş elementlər dünyasından yalnız unikal formaları ilə dəstəklənən yan-yana qoyulmuş obyektlər dünyasına keçilirmiş kimi.
Onun funksiyası, deməyə ehtiyac yoxdur ki, bəsit bir təbiət təsəvvürü yaratmaqdır. Materialının özünə gəlincə, o, şübhəsiz ki, sehrli bir yüngüllük meylini dəstəkləyir… Şüşələr bir pəncərə, qaranlıq gövdədə açılmış bir dəlik deyil, sabun köpüklərinin diffuz şişkinliyini və parıltısını daşıyan geniş hava və boşluq səthləridir. Ceff Kunsun lehimsiz heykəlləri də çəkisiz, havadan və boşluqdan ibarət parlaq qabarcıqlar kimi görünür. Lehimsiz “DS”lər kimi, onlar da bir mükəmməllik, sehrli bir yüngüllük hissi yaradırlar. Onlar dərin və sıx olmayan mükəmməl, optimallaşdırılmış səthi təcəssüm etdirirlər. Roland Bart üçün toxunma hissi “ən sehrli olan görmə duyğusundan fərqli olaraq, bütün hisslərin ən üzdə olanıdır”.
Görmə hissi məsafəni qoruduğu halda, toxunma hissi onu ləğv edir. Məsafə olmasa, sirr də olmaz. Sirrin pozulması hər şeyi əyləncə və istifadəyə yararlı edir. Toxunma hissi digərinin neqativliyini sarsıdır. Toxunduğu şeyi dünyəviləşdirir. Görmə duyğusundan fərqli olaraq toxunmaq təəccübləndirmir. Buna görə də hamar toxunuşlu ekran demistifikasiya və hər şeyin istehlak olunduğu məkandır. Nəyi bəyəndinizsə, onu ortaya çıxarır.
Ceff Kunsun heykəlləri güzgü kimi hamardır, buna görə də özlərini tamaşaçıya əks etdirə bilirlər. “Fondation Beyeler”dəki sərgisində o, özünün “Şar it” əsəri haqqında deyir: “Şar it”, həqiqətən, mükəmməl bir obyektdir. O, tamaşaçını öz varlığı ilə təsdiqləmək istəyir. Mən tez-tez əşyaları əks etdirməklə, güzgüdə göstərməklə məşğul oluram, çünki bu, tamaşaçının özünə inamını özü-özlüyündə artırır. Təbii ki, bu qaranlıq bir otaqda mümkün deyil, amma obyektin önündə dayansanız onda əks olunarsınız və bu sizə özgüvən verər”. “Şar it” “Troya Atı” deyil. İçində heç nəyi gizləmir. Onun hamar səthinin arxasında gizləyəcəyi heç bir daxili sirri yoxdur.
Smartfon kimi, yüksək parıltıya qədər cilalanmış heykəllər qarşısında dayanmış şəxs başqasıyla qarşılaşa bilməz; insan ancaq özü ilə qarşılaşa bilər. Onun sənətinin şüarı belədir: “Mahiyyət həmişə eynidir: özünə və öz hekayənə güvənməyi öyrən. Əsərlərimin tamaşaçısına çatdırmaq istədiyim budur. Tamaşaçı öz həyat sevgisini hiss etməlidir.”
İncəsənət öz içində mənə öz-özlüyümdə varlığımı təmin etmək üçün rezonans məkanı açır. Başqasını və başqalığı və ya neqativliyi tamamilə aradan qaldırır. Ceff Kunsun sənətində xilasın soterioloji ölçüsü var. Qurtuluş vəd edir. Onun hamar dünyası içində heç bir ağrının, yaranın, günahın olmadığı bir kulinariya (dadla bağlı) dünyasıdır, saf pozitivlik dünyasıdır. Doğuş halında olan “Şar Venera” heykəli Ceff Kunsun Bakirə Məryəmidir. Amma bu heykəl bir xilaskarı, başında tikanlı tacı olan yaralı homo dolorisi (əzablı adamı) doğmaqdan uzaqdır. Onun doğduğu şey, mədəsində olan bir şüşə şampandır, bir şüşə “Dom Perignon Rosé Vintage 2003″dür.
Ceff Kuns özünü xilas vəd edən baptist kimi təqdim edir. Təsadüfi deyil ki, onun 1987-ci ildə çəkdiyi rəsmlər seriyasının adı “Vəftiz”dir. Ceff Kunsun sənəti hamarlığın müqəddəsliyini nümayiş etdirir. O, hamarın, bayağının və hətta istehlakçılığın dinini nümayiş etdirir. Buna görə bütün neqativliklər aradan qaldırılıb.
Qadamer üçün neqativlik sənət üçün vacibdir. Neqativlik sənətin yarasıdır. O, hamarlığın pozitivliyinə qarşı çıxır. Orada məni sarsıdan, alt-üst edən, meydan oxuyan bəzi şeylər vardır; o, məni həyatımı dəyişməyə çağırır: “Bu xüsusi şeyin varlığı “həddindən artıqlığı” təmin edəndir: orada nəsə var, Rilkenin sözləri ilə desək: “Belə bir şey insanlar arasında mövcuddur”.
Onun mövcud olması faktı, bu faktuallıq həm də bütün inanılan məna gözləntilərinə qarşı keçilməz bir müqavimətdir. Sənət əsəri bizi bu faktı qəbul etməyə məcbur edir. “Sənin görə bilməyəcəyin bir yer yoxdur. Həyatını dəyişməlisən”.
Bu, şok, alt-üst olmaqdır; bu, hər bir bədii təcrübənin bizi qarşılaşdırdığı xarakterik xüsusiyyəti ilə baş verir”. Sənət əsəri sarsıdıcıdır. Tamaşaçını özündən çıxarır. Hamarlığın niyyəti tamam başqadır.O, tamaşaçıdan yapışır, ondan bir layk (bəyənmə) qoparır. O, sadəcə, bəyəndirir, alt-üst etmir.
Bu gün gözəlin içindən hər cür neqativliyin, hər cür sarsıntının, yaranın çıxarılmasıyla gözəl hamarlaşdırılır. Gözəl olan “məni bəyən” deyirsə, demək, tükənib. Estetikləşmə de-estetikləşməyə çevrilib!!! Hamarlıq qavrayışı düzləşdirir. Eyni şəkildə Ceff Kunsun “vau”sı da hər hansı bir neqativ təsir, alt-üst etmə təcrübəsinin əksinə, qeyri-estetik bir reaksiyadır. Bu gün mümkünsüz olan gözəllik təcrübəsidir. Harada bəyənmə, “like” özünü önə çıxarırsa, neqativliyi olmadan mümkün olmayan gözəllik təcrübəsi öz canlılığını itirir.
Hamar vizual ünsiyyət yoluxucu bir xəstəlik kimi ortaya çıxır, estetik məsafədən məhrumdur. Obyektlərin qüsursuz görünməsi baxışa zərər verir. Amma varlıq və yoxluğun, örtünmənin və örtüyü açmağın ritmik növbələşməsi baxışı canlı saxlayar. Erotik olan da öz varlığını “görünüb tədricən gözdən itmənin səhnələnməsinə”, “xəyali olanın dalğavari hərəkətinə” borcludur. Görüntünün pornoqrafik uzun müddətli mövcudluğu xəyali olanı məhv edər. Paradoksal olaraq, pornoqrafiya görmək üçün heç bir şey təklif etmir.
Bu gün nəinki gözəl, hətta çirkin də hamarlaşıb. Çirkin də özünün şeytani, təkəbbürlü və ya dəhşətli mənfi cəhətlərini itirib və istehlakçı-əyləncə məqsədləri üçün hamarlaşıb. O, hər şeyi dondura bilən qorxulu və dəhşətli Meduza baxışlarından tamamilə məhrumdur. “Fin de Siöcle” (əsrin sonu) sənətkarlarının və şairlərinin istifadə etdiyi çirkin şeylər dibsiz və şeytani idi. Çirkinliyin sürreal siyasəti təxribat və azadlıq çarçısıydı. Bu hərəkat ənənəvi qavrayış qəliblərindən radikal bir şəkildə uzaqlaşdı.
Jorj Batay çirkin olanda sərhədləri aşmaq və azad olmaq imkanını görürdü. Çirkinlik ifrata giriş təklif edir: kimsə cinsi aktın iyrəncliyinə şübhə etməz. Ölümün qurbanda etdiyini, cinsi əlaqənin iyrəncliyi də ikrahla edər. Amma ikrah nə qədər çox olarsa… həzzin artmasını şərtləndirən hüdudları aşma şüuru da bir o qədər güclü olar. Deməli, seksuallığın mahiyyəti buna görə ifrata varmaq və sərhədi keçməkdir. Şüurun sərhədlərini yox edir. Onun neqativliyi də buradadır.
Bu gün əyləncə sənayesi çirkin, iyrənc olanı istismar edir. Onları istehlak edilə bilən hala gətirir. İyrənmə, əslində, “bir istisna halıdır, assimilyasiya ola bilməyən başqalığa qarşı özünütəsdiqin şiddətli böhranıdır, sözün həqiqi mənasında, olmaq və ya olmamaq mövzusunda gərilmə və mübarizədir”. İyrənc olan ən tükənməzdir. Hətta Rosenkranz üçün də iyrəncliyin ekzistensial ölçüsü vardır. Həyatın tərs üzüdür, formanın tərsidir, çürümədir.
Meyit maraqlı bir fenomendir, çünki o, özlüyündə formasız olmasına baxmayaraq, hələ də formaya malikdir. Hələ də sahib olduğu forma sayəsində ölü olmasına baxmayaraq, həyat görüntüsünü nümayiş etdirir: “İyrənc (dəhşətverici şeyin) həqiqi tərəfidir, fiziki və ya əxlaqi çürümə nəticəsində yaranan formasızlıq vasitəsilə görünüşün gözəl formasının neqativləşdirilməsidir… Öz-özlüyündə (an sich) ölü olanda həyatın görünməsi iyrənc olandakı sonsuz ziddiyyətdir”. Sonsuz ziddiyyət hər cür istehlakı yox edər. Bu gün yalnız “Dschungelcamp” (Meşə düşərgəsi) proqramında reklam olunan ikrahın ekzistensial böhrana səbəb ola biləcək hər hansı bir neqativ cəhəti yoxdur. İstehlak formatına uyğun olaraq hamarlanıb.
Braziliya epilyasiyası bədəni hamar edər. Günümüzün gigiyena vacibliyi Braziliya epilyasıyasıyla təcəssüm olunur. Bataya görə, erotik olanın mahiyyəti kirlənmədir. Buna görə gigiyenanın məcburiliyi erotizmin sonu ola bilər. Kirli erotizm artıq təmiz pornoqrafiyaya boyun əyib. Lazerlənmiş tüklər bədənə saf və təmiz kimi qəbul edilə bilən pornoqrafik hamarlıq verir. Təmizlik və gigiyena düşkünü bugünkü cəmiyyət neqativliyin bütün formalarını iyrənc hesab edən pozitiv cəmiyyətdir.
Gigiyena məcburiyyəti digər ərazilərə də yayılıb. Hər yerdə gigiyena adı altında qadağalardan danışılır. Robert Pfaller “Çirkli müqəddəs və saf ağıl” kitabında “Mədəniyyətimizin mümkünsüz etdiyi şeylərdə ortaq xüsusiyyətlər axtarsaq, bu şeylərin iyrənmə əlaməti altında mədəniyyətin özü tərəfindən kirli olaraq təcrübə edildiklərini görərik” deyərkən haqlıdır.
“Gigiyenik ağlın işığında hər bir mübhəmlik, hər bir sirr kirli kimi qəbul edilir. Saf olan şəffaflıqdır. Şeylər informasiya və məlumat axınına daxil olanda şəffaflaşır. Məlumatlar pornoqrafik və ədəbsiz elementlərə malikdir. Onların nə batini, nə də arxa tərəfi yoxdur; Onlar mürəkkəb deyillər. Buna görə dildən ayrılırlar, diqqəti cəmləməyə imkan verməzlər. Məlumat və informasiya özünü tam görünən halıyla ötürür və hər şeyi görünən edir.
Dataizm İkinci Maarifləndirməni təqdim edir. İradə azadlığını nəzərdə tutan hərəkət ilk Maarifçiliyin inanc sisteminə aid idi. İkinci Maarifçilik bunu hamarlaşdırır və əməliyyatlaşdırır, onu heç bir muxtariyyət və subyektin dramaturgiyası olmadan baş verən məlumatlara əsaslanan prosesə daxil edir. Hərəkətlər əməliyyat xarakterli olduqda, hesablana bilən və idarə oluna bilən prosesə təqdim edildikdə şəffaf olur.
İnformasiya bilginin pornoqrafik formasıdır. Bilginin özünəməxsusluğundan məhrumdur. Çox vaxt bir müqaviməti dəf etməklə əldə edildiyi üçün bilgi də bir neqativliyə sahibdir.
Bilginin tamamilə fərqli bir zaman strukturu vardır. Keçmiş və gələcək arasında gərilir. Bunun əksinə olaraq, informasiya indiki zamanın laqeyd nöqtələrindən çıxan hamarlaşdırılmış bir zamanda yaşayır. Bu zaman hadisəsi, taleyi olmayan bir zamandır.
Hamarlıq, sadəcə, bəyəniləsi bir şeydir. Ziddiyyətlərin neqativliyindən məhrumdur. Artıq əks bədən deyildir.
Bu gün ünsiyyət də hamarlaşıb. Kommunikasiya informasiyanın sürtünməsiz bir mübadiləsi olacaq şəkildə hamarlaşdırılıb. Hamar ünsiyyət başqasının və yad olanın bütün neqativliklərindən azaddır. Ünsiyyətin ən yüksək sürətində eyni olan eyni olanla qarşılaşır. Başqasının müqaviməti onun hamar ünsiyyətini pozur. Hamarlığın pozitivliyi informasiyanın, rabitənin, kapitalın dövriyyəsini sürətləndirir.
Hazırladı: Aqşin Yenisey