ABŞ-ın Stanford Universitetində aparılan tədqiqat nəticəsində daxili səsi deşifrə edə bilən yeni nəsil beyin çipi hazırlanıb.
Daha.az xəbər verir ki, yeni texnologiya danışma qabiliyyətini itirmiş insanlara yalnız düşünərək ünsiyyət qurmaq imkanı verir.
“Cell” jurnalında dərc olunan araşdırmaya görə, sistem düşünülən sözləri 74 faiz dəqiqliklə oxuya bilir və parol əsaslı təhlükəsizlik sistemi ilə idarə olunur.
Araşdırma çərçivəsində danışıq qabiliyyətini itirmiş 4 iştirakçının beyin motor korteksinə mikroelektrodlar yerləşdirilib. Onlardan müəyyən sözləri ya səsləndirməyə çalışmaları, ya da yalnız düşünmələri tələb olunub. Bu zaman süni intellekt toplanan beyin siqnallarını analiz edərək düşüncələri mətnə çevirib.
Tədqiqatçılar düşüncələrin icazəsiz oxunmaması üçün şifrə ilə işləyən təhlükəsizlik sistemi də hazırlayıb. Sistem ancaq istifadəçi öncədən müəyyən edilmiş parol ifadəsini düşündüyü zaman aktivləşir.
Layihənin tədqiqatçılarından Frank Villet bildirib ki, bu texnologiya gələcəkdə iflic olmuş insanlara təbii danışığa bənzər bir ünsiyyət imkanı verə bilər.