Baş nazir Yonas Qahr Störe hökumətin məktəblə bağlı əsas təşəbbüslərini təqdim edib.
Daha.az xəbər verir ki, hökumət norveçli şagirdlərin oxu bacarıqlarını inkişaf etdirmək üçün bu gündən etibarən bir milyard kron xərcləməyi planlaşdırır.
“Əvvəllər norveçli uşaqlar dünyanın ən yaxşı oxucuları arasında idilər. Amma bu gün 15.000 şagird ibtidai məktəbi düzgün oxumağı bacarmadan bitirir. Bu, ciddi məsələdir. Norveçli uşaqlar yenidən dünyanın ən yaxşı oxucuları arasında olmalıdır,” – deyən baş nazir “Oxu inkişafı” və “Oxu milyardı” proqramı çəvçivəsində gələcək planları dilə gətirib.
Yeni “Oxu təşəbbüsü” (“Leseløft”) aşağıdakı beş əsas tədbiri əhatə edir:
- Bütün sinif səviyyələrində şagirdlər hər gün azı 15 dəqiqə oxumalıdır.
Yaxşı oxumaq bacarığı üçün davamlı məşq vacibdir. Uşaqlar və yeniyetmələr asudə vaxtlarında daha az oxuduqları üçün bu məşq məktəbdə aparılmalıdır.
- Daha çox kitab
Uşaqlar və gənclər daha çox fiziki dərslik, bədii və məlumat xarakterli kitablarla təmin olunmalıdır.
- Kiçiklər üçün ekrandan istifadənin azaldılması
Azyaşlı şagirdlər daha çox fiziki dərsliklərdən istifadə etməlidirlər, planşet və digər rəqəmsal cihazlardan istifadə məhdudlaşdırılmalıdır.
- Oxu üzrə intensiv tədris
Oxumaqda çətinlik çəkən bütün sinif səviyyələrindəki şagirdlərə sürətli və fərdi şəkildə dəstək verilməlidir. - “Bütün Norveç oxuyur” – yeni oxu strategiyası:
Hökumət yeni oxu strategiyası hazırlamaq üçün bir oxu komissiyası yaradacaq. Bu strategiya Norveçdə uşaqlar üçün ən yaxşı oxu metodlarını müəyyən etmək və bu sahədə ümummilli tövsiyələr vermək məqsədi daşımalıdır.




