Dünyanın ən böyük muzeyi

Qahirənin yaxınlığında yerləşən Böyük Misir Muzeyi artıq ziyarətçilərini qəbul etməyə başlayıb. Muzey, təqribən, 500 min kvadratmetrlik – yəni 70 futbol meydançası böyüklüyündə ərazisi ilə dünyanın yalnız bir sivilizasiyaya həsr olunmuş ən böyük arxeoloji kompleksi sayılır.

Daha.az xəbər verir ki, Böyük Misir Muzeyinin dizaynı irlandiyalı memar Roisin Heneghan və onun həyat yoldaşı Şih-Fu Penq tərəfindən hazırlanıb.

Muzeyin ən diqqətçəkən bölmələrindən biri gənc firon Tutanhamonun kolleksiyasıdır.

Eksponatlar arasında məşhur qızıl ölüm maskası, qızıl tabutlar, müharibə arabaları, silahlar, zinət əşyaları və gündəlik istifadəyə aid müxtəlif ləvazimatlar var. Bu nadir artefaktlar ilk dəfə tam şəkildə bir yerdə nümayiş olunur.

Ziyarətçiləri II Ramsesin heykəli qarşılayır. Təxminən, 11 metr hündürlüyündə olan bu heykəl qədim Misirin qüdrətli hökmdarlarından birinin əzəmətini əks etdirir. Eyni zamanda, pişik şəklində təsvir olunan tanrıça Bastetə aid bürünc heykəllər, Giza qazıntılarından tapılan məzar əşyaları və qədim krallıq dövrünə aid sandıq şəklində daş məzarlar da muzeyin önəmli eksponatları sırasındadır.

Böyük Misir Muzeyi təkcə Misir tarixini deyil, bu qədim sivilizasiyanın dini inanclarını, sənətini və gündəlik həyatını daha yaxından tanımaq üçün unikal məkandır.

OXŞAR XƏBƏRLƏR