“Zorakılıq uşaqları” – Marta Kvest, yoxsa Dorris Lessinq?

Daha.az ingilis yazıçı-fantast, feminist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2007) Doris Lessinqin “Marta Kvest” əsəri haqqında Lamiyə Göycəyevanın yazısını təqdim edir.

 

Süjet Marta Kvest adlı bir qızın böyümə hekayəsi üzərində qurulub. Əsər yarı-avtobioqrafik xarakter daşıyır. Yazıçının həyatı ilə bəzi oxşar məqamlar var. Həmin oxşar məqamlara aydınlıq gətirmək üçün müəllifin həyatına qısa nəzər salaq.

Doris Lessinq 1919-cu ildə İranın Kirmanşah şəhərində anadan olub. Kapitan atası Britaniya ordusunda xidmət edib. Anası isə tibb bacısı olub. Valideynləri  hospitalda tanış olublar. Belə ki, yazıçının atası Birinci Dünya Müharibəsində yaralandıqdan sonra ayağı amputasiya edilib və o, sözügedən hospitalda müalicə alırmış.

Sonradan yazıçının ailəsi Cənubi Rodeziyaya köçüb. Cənubi Rodeziya Afrikada ingilis müstəmləkəsi olub. İndiki Zimbabve ərazisinə uyğun gəlir. Atası Afrikada yeni həyata başlayacağını düşünsə də, planları fiaskoya uğrayıb.
Lessinq ilk təhsilini kilsə məktəbində alıb, lakin sonradan təhsilini davam etdirməyib.

Müxtəlif peşələrdə çalışıb. Xəstə baxıcısı olub, telefon operatoru və jurnalist kimi fəaliyyət göstərib.

İki dəfə evlənib. Birinci evliliyindən iki uşağı dünyaya gəlsə də, onlar boşanıblar. Uşaqlar həyat yoldaşı ilə qalıb. İkinci əri alman emiqrantı Qotfrid Lessing (Gottfried Lessing) olub. Yazıçı onun soyadını daşıyır. Bu evliliyi də boşanma ilə nəticələndikdən sonra Lessing oğlunu da qultuğuna vurub Afrikanı tərk edib, Londonda yeni həyata başlayıb.

50-ci illərdə Britaniyanın kommunist partiyasına qoşulub. SSRİ macar üsyanını yatırdıqdan sonra partiyadan uzaqlaşıb və nüvə əleyhinə hərəkata qoşulub.

Aparteid siyasətini tənqid etdiyi üçün CAR və Rodeziyaya gedişinə qadağa qoyulub.

Yaradıcılığa realizm janrında əsərlər yazmaqla başlasa da, sufizmlə tanışlıq onu fantastik janra istiqamətləndirib.

Qatı feminist olub.Bütün bunları niyə sadaladım? Əsərin əsas qəhrəmanı Marta Kvest haqqında təsəvvürümüz olsun deyə. Qeyd etdiyim kimi bu obraz müəllifin prototipi hesab edilir.

“Marta Kvest” “Zorakılıq uşaqları” (“Children of Violence”) silsiləsinə daxil olan beş romandan birincisidir. Mən rusca oxudum.

Marta Kvestin valideynləri ingilisdir, onlar Afrikada Britaniya müstəmləkəsi hesab edilən Rodeziyada ferma sahibləridir.
Gözdən-qulaqdan uzaq ucqar qəsəbə. Qarğıdalı sahələri, antilop ovu, yaşadığı miskin yerə baxmayaraq, əsilzadə ənənələrini qoruyub saxlamağa çalışan ana, müharibə bitdikdən sonra yararlı olmadığını görən və bu səbəbdən gecə-gündüz müharibə arzusunda olan ata, hər gün eyni rutin, təkrarlanan eyni həyat…
Belə bir şəraitdə Marta qızımız darıxır.

Hərdən şəhərə gedir, tanışlarından oxumağa kitab götürür. Fəlsəfə, feminizm, sosiologiyadan bəhs edən kitablar oxuyur, çoxlu düşünür, özünü ağıllı, dünyagörüşlü hesab edir və belə olmadıqları  üçün valideynlərinə, qonşularına, ümumiyyətlə, ətrafında olan hər kəsə xor baxır.
Və bununla da Martanın üsyankar ruhu ortaya çıxır. Gənc, dəlisov, cırtqoz, səthi məlumatlı və qəzəbli. Marta məhz belə bir qızdır. Təəccüblü deyil. Yeniyetməlik dövründə hamımız olmasaq da, əksəriyyətimiz belə idik.
Dünyanın bizim ətrafımızda fırlandığını düşünürdük, valideynlərimizin kiçik, yöndəmsiz hərəkəti bizi hirsləndirir, onlara görə utanırdıq. Hər şeyə etiraz edirdik, etiraz etdiyimiz şeylə razılaşanlara da.

Daha sonra Marta tanışlarının “tapışı” ilə şəhərdə işə düzəlir. O, çap maşınında müxtəlif sənədlər yığmalıdır, paralel olaraq stenoqrafiya üzrə təhsil alır.

Ancaq şəhərdə qurduğu yeni tanışlıqlar gənc qəhrəmanımızı gecə ziyafətlərinə, rəqs və içki məclislərinə sürükləyir.

Budur, monoton, boz həyatdan qurtulmağa çalışan Marta istədiyi intellektual, ciddi, müasir mühitə düşür. Lakin o, yenə narazıdır.

Bütün bunlar oxuduğu kitablarda təsvir olunanlara oxşamır. Gözləntilərin, təsəvvüründə canlandırdıqların reallıqla uzlaşmırsa, – uzlaşmaq cəhənnəm, onların yanından heç yel olub keçə bilmirsə, onda Martanın gününə düşürsən. Bu, romantik idealistlərin əsas problemidir. Və mən də onlardan biri kimi uzun müddət puç olan gözləntilərin mənfi təsiri ilə mübarizə aparmışam. Özüm özümü müalicə etməyə çalışmışam. Amma hərdən yenə içimdəki Marta Kvest oynayır. Halbuki bu əsəri bitirənə kimi içimdə oynanan həmin məxluqun adını bilmirdim.

Hər şeyi ideallaşdırmaq, hər şeyi “oradakı” – canlandırdığın o ideal səhnədəki kimi istəmək… Evlilik təklifidirsə, diz çöküb edəcək; ölümdürsə, bütün yaxınların yanında olacaq, hamısına son sözünü deyə biləcəksən; dostluqdur­sa, sənə görə canından belə keçəcək. Sonra görürsən ki, bütün bunlar pafosdan başqa bir şey deyil.Hərdən mənə elə gəlirdi ki, Marta Kvest Madam Bovarinin uşaqlıq versiyasıdır.Fermaları kitablarda təsvir olunan fermalara oxşamadığı üçün hirs­lənirdi. Kitablarda verilən “dost” tərifinə uyğun gəlmədiyi üçün münasibət saxladığı qıza dost demirdi.
Sırf ətrafdakılar “bacarmayacaqsan”, “bəyənməyəcəksən” dediyi kitabı oxuyurdu.
“Filankəs sənin tayın deyil” diaqnozu qoyulan kişilərlə görüşürdü, həmin kişilərin, həqiqətən, bir köpüklük adam olmadığını bila-bilə. Demək olar, atdığı hər addım kiminsə acığına atılmış addım olurdu.

Ancaq bu üsyanını, mübarizəsini açıq-aydın aparmırdı, saman altından su yeridirdi. Ayağa qalxıb demirdi ki, siz hamınız qələt edirsiniz, mənim ürəyim belə istəyir.
Yediyi “qələtlərin”, inandığı dəyərlərin arxasında dura bilmirdi. Amma bu hərəkəti nədənsə məni hirs­ləndirmədi. Ya qocalıram, ya da insanların müxtəlif səbəblərdən dolayı müəyyən məsələlərə adekvat reaksiya verməməsinə öyrəşmişəm.

Guya bizim özümüzdə az olub?
Məclislərdə qohum-tanışların ədəbsiz suallarına, nəzakətsiz davranışlarına tuş gəlmişik, kimin­sə/nəyinsə xətrinə susmuşuq. Ortaq çevrələrdə olduğumuz insanlar müəyyən məsələlərə klişe reaksiya verəndə, baş qoşmamışıq.
Elə indiki dövrə tətbiq etsək, Bill Geytsin (Bill Gates) “çip siyasətindən”, “vaksin bazarından”, “masonların işindən” danışanlara “hə-hə, sən deyən­dir” deyib, yenə öz bildiyimizi müdafiə etmişik.

Bütün bunlara görə Martaya hirslənə bilmədim, əksinə, çatışmayan cəhətlərimi göstərdiyi üçün ona minnətdar oldum.

OXŞAR XƏBƏRLƏR