Günəş sistemimizin ən uzaq bölgəsində hələ də kəşf edilməmiş nəhəng planetin ola biləcəyi ehtimalı yenidən müzakirə olunur. “Doqquzuncu Planet” adlandırılan bu səma cismi astronomların uzun illərdir müşahidə etdiyi bəzi orbit sürüşmələrini izah edə bilər.
Daha.az xəbər verir ki, bu fikir ilk dəfə 1930-cu illərdə – Plutonun kəşfindən öncə “Planet X” nəzəriyyəsi kimi gündəmə gəlmişdi. Həmin dövrdə Uranın orbitində qeyri-adi hərəkətlər müşahidə olunmuş, bunun görünməyən bir planetin cazibə qüvvəsi ilə əlaqəli ola biləcəyi düşünülmüşdü.
Orbit sürüşmələri Günəşlə yanaşı daha böyük bir cazibə mənbəyinin də təsirindən qaynaqlana bilər. Həmin mənbənin isə Yer kürəsindən bir neçə dəfə böyük “Doqquzuncu Planet” olduğu düşünülür. İlkin skeptik yanaşmalara baxmayaraq, son illərdə artan müşahidələr bu orbit fərqliliklərinin real olduğunu göstərir. Bununla belə, bu nəzəriyyəyə qarşı çıxanlar da var. Əsas sual isə budur: “Əgər belə bir planet varsa, bəs niyə hələ tapılmayıb?”
Qeyd edək ki, 2023-cü ildə aşkarlanan 2023 KQ14 adlı bir cismin orbitinin sabitliyi bu nəzəriyyəyə meydan oxuyur. Bu, əgər “Doqquzuncu planet” varsa, onun Günəşdən, təxminən, 500 astronomik vahid uzaqlıqda yerləşə biləcəyini göstərir.