“Dirilik” məcmuəsinin təqdimat mərasimi keçirilib

Bakı Kitab Mərkəzində “Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun təqdimat mərasimi keçirilib.

Daha.az xəbər verir ki, toplu MİMTA Fondunun layihəsi əsasında British Petroleum (bp) şirkətinin dəstəyi ilə MİMTA Yayımlarında nəşr olunub.

Qeyd edək ki, toplu XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və ədəbi həyatında mühüm rol oynamış mətbuat orqanlarından “Dirilik” jurnalının transliterasiya olunmuş saylarını əhatə edir. 1914–1916-cı illərdə nəşr olunan, ümumilikdə 28 sayı işıq üzü görmüş jurnal Azərbaycanda milli kimlik və maarifçilik ideyalarının daşıyıcısı kimi fəaliyyət göstərib.

“Dirilik” məcmuəsi dövrün aparıcı fikir tribunalarından biri olmaqla yanaşı, həmçinin Azərbaycan xalqının milli özünüdərk prosesinə nəzəri və ideoloji əsaslar bəxş edib.

“Dirilik” məcmuəsinin transliterasiya toplusunun rəyçisi və ön sözün müəllifi Mətbuat Şurasının sədri Rəşad Məcid, akademik məsləhətçisi isə f.e.d., professor Nizami Cəfərov, redaktoru Əsəd Aslanoğludur. Transliterasiya toplusu MİMTA Fondunun tərcümə və nəşriyyat şöbəsinin əməkdaşları – Muxtar Cəfərli, Vüqar Mirzə və Əsəd Aslanoğlu tərəfindən transliterasiya edilib.

Qeyd edək ki, toplu XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi mühiti, milli fikrin təşəkkül dövrünü araşdıran tədqiqatçılar, ümumilikdə ötən əsrin ilkin onilliklərinə aid mətbuat və ədəbiyyat tarixi ilə maraqlananlar üçün qiymətli mənbədir.

OXŞAR XƏBƏRLƏR