Yaponiyada gündəlik həyatın bir parçası olan çətirlər, eyni zamanda qədim ənənələrin də simvoludur. Dünyanın bir çox yerində çətir, sadəcə, yağışdan və günəşdən qorunmaq üçün istifadə olunsa da, Yaponiyada mənası daha dərindir.
Daha.az xəbər verir ki, çətirlər yapon xalq inancında “yorişiro” adlandırılan anlayışla əlaqələndirilir. Bu anlayış, tanrı və ya ruhları özünə çəkən, onları çağırmaq üçün mənəvi maqnit mənasını daşıyır.
Qeyd edək ki, Yaponiyada çətirdən ilk dəfə 9-11-ci əsrlər arasında istifadə etməyə başlayıblar. Lakin bu dövrlərdə çətirlər, əsasən, yağışdan qorunmaq üçün yox, dini və siyasi gücün simvolu kimi istifadə olunurdu. Uzun saplı və diqqətçəkən dizayna malik “saşikake-gasa” adlanan çətirlər yalnız seçilmiş şəxslər üçün nəzərdə tutulurdu. Çətirin dairəvi forması ruhu, uzun sapı isə ruhun enə biləcəyi sütunu təmsil edir. Buna görə də çətir yaponlara görə, ruhun yerləşə biləcəyi mənəvi məkan hesab olunur.
Müasir Yaponiyada bu mənəvi simvolizm hələ də yaşayır və ənənəvi festivallarda özünü göstərir. Hər il keçirilən Yasurai Matsuri festivalında çiçəklərlə bəzədilmiş böyük çətirlərin xəstəlik və pis enerjiləri insanlardan uzaqlaşdırdığına inanılır.
Festival iştirakçıları bu çətirlərin altında yeriyərək arınma ayinində iştirak edirlər.