“Danışma, göstər” – Ədəbiyyat və kino

Daha.az Qismətin “Ədəbiyyat və kino” yazısını təqdim edir. 

 

Kino yarandığı gündən ədəbiyyata elçi düşsə də, bəlkə də, bu izdivacın ideya köklərini “danışma, göstər” deyən XIX əsr yazıçılarında – Stendalda, Balzakda, Floberdə,  Çexovda axtara bilərik. Əsrlər boyu rəssamlar bədii kitablara illüstrasiyalar çəkiblər, romanlardakı səhnələri vizuallaşdırmağa çalışıblar, kim bilir, bəlkə də, kino sənətinin ilkin rüşeymlərini bu arzuda axtarmalıyıq. Görkəmli ingilis yazıçısı və rəssamı Con Bergerin dediyi kimi, insan sözləri və dili kəşf edərək danışmamışdan qabaq görməyi bacarırdı, ona görə də tanımaq üçün əvvəlcə baxmaq, görmək istəyirik.

Ədəbiyyatla kinonun izdivacı Corc Meliesin fantastik ədəbiyyatın kult romanlarından olan Jül Vernin “Aya səyahət” əsərini ekranlaşdırmasıyla başlayıb. O vaxtdan bu çağacan kino ilə ədəbiyyat arasındakı yaxınlığa və fərqlərə xeyli adam toxunub. Məsələn, fransız aktyoru, romançı, kino tənqidçisi Aleksandr Astryuk 1948-ci ildə çap olunan məşhur “Camera-Stylo” (Kamera-qələm) nəzəriyyəsində deyirdi ki, yazıçı üçün qələm nə deməkdirsə, rejissor üçün də kamera həmin şey olmalıdır.

Elə bilirəm, bir vacib məqamı unutmaq olmaz: ədəbiyyat ilə kinonun bir-birinə verdikləri birtərəfli deyil. Belə ki, kino ədəbiyyatdan aldığı qədər ədəbiyyat da kinodan götürüb. Bu, xüsusilə Amerika romançılarının kinodan bəhrələnməsiylə başlayıb, sonradan, tutalım, Fransada “Yeni romançılar”ın yaradıcılığına keçib; Alen Rob Qriye, Natali Sarrot, Klod Simon, Mişel Byutor kimi yazıçılar kinodan öyrəndiklərini romanlarına tətbiq ediblər.

Bu gün türk kinematoqrafiyanın məşhur rejissoları olan Nuri Bilgə Ceylan qısa metrajlı ilk filmlərindən etibarən müstəqil kinonun, müəllif kinosunun təmsilçisi kimi istər Türkiyədə, istər beynəlxalq festivallarında, demək olar ki, bütün ekran işləriylə irili-xırdalı mükafatlara layiq görülüb. Amma Ceylanın bir xüsusiyyəti də onu digər həmkarlarından fərqləndirir: ədəbiyyata olan sevgisi. Rejissor dəfələrlə müsahibələrində deyib ki, yaza bilsəydim, rejissor olmazdım. Nuri Bilgə Ceylana ən çox təsir edən rus yazıçısı Anton Çexovdur. Ceylan “May sıxıntısı” filmini Çexova ithaf edib; bundan başqa “Qəsəbə”, “Bir zamanlar Anadoluda”, “Qış yuxusu” kimi filmlərində Çexovun hekayələrindən bəhrələnib.

Ceylanın filmləri də Çexov hekayələri kimi kəskin sujetlərdən çox, vəziyyətlərin, anların içinə sıxılmış informasiyanı ön plana çıxarır. Ceylan da Çexov kimi əyalətdəki, qəsəbədəki insanların həyatını, problemlərini danışır.

Ceylan ilk uzun metraj filmi “Qəsəbə”nin ssenarisini bacısının danışdığı bir əhvalata əsasən yazıb; bu filmdə rejissorun sonradan demək olar ki, bütün ekran işlərində görünən bir metod ilk dəfə istifadə edilib: çıxış nöqtəsi kimi avtobioqrafik bir əhvalat + konkret ədəbi mətnlərdən sitatların, yaxud fraqmentlərin ssenariyə qaynaq edilməsi. Rejissor bir müsahibəsində “Qəsəbə” filminə Çexovun təsiriylə belə deyib: “Filmdəki sinif otağı səhnəsini Çexovun hansısa hekayəsindəki bir təsvirdən təsirlənərək yazmışam, yazıçının təxminən “isti yaz günü riyaziyyat dərsində açıq pəncərədən içəri bir kəpənək girər və hamı ona baxanda bir cür xəyal qurar” tipində bir cümləsini oxudum, məni tutdu.”

Ceylan “Bir zamanlar Anadoluda” filmində Çexovun “Gözəllər” və “Dövlət xidmətində” hekayələrindən istifadə edib. Çexovun “Gözəllər” hekayəsi babasıyla səyahətə çıxan bir uşağın fasilə verdikləri bir evdə gördüyü 16 yaşlı qızla bağlı xatirədir. Səyahət nə qədər yorucu, bezdirici, uzun və bozdursa, fasilə verdikləri evdə gördükləri qızın gözəlliyi bütün bu qaramat atmosferə kontrast təşkil edəcək şəkildə həyat doludur. Ceylan Çexovun bu hekayəsinin motivindən “Muxtarın evi” səhnəsində istifadə edib. Gecənin qaranlığında yorucu meyit axtarışdan bezənlər yaxınlıqdakı kəndin muxtarının evində nəfəs dərməyə gedirlər və burada muxtarın gözəl qızı gecənin, həyatın qaranlığına kontrast təşkil edəcək çəkildə əlində lampa ilə bir-bir hamının üstünə və içinə işıq salır.

Çexovun “Dövlət xidmətində” hekayəsindəki meyit yarmaq üçün yola çıxan məhkəmə müstəntiqi ilə qəza həkimi arasındakı söhbətləri Ceylan öz filmində həkimlə prokuror arasındakı dialoqlara səpələyib. Hekayədə məhkəmə müstəntiqi öz peşəsində çox qəribə ölümlərlə rastlaşmağından bəhs edərək deyir ki, sağlam, gözəl bir qadın uşaq doğacağını, sonra isə öləcəyini deyib, vəsiyyətini yazıb və dediyi gün də ölüb. Elmi, rasional düşüncəni təmsil edən həkim buna inanmır və deyir ki, meyiti yarmamış buna mistikaya, səbəbsiz, özlüyündən baş verən şeyə bağlamaq olmaz. Onun fikrincə, qadın öləcəyi günü deyibsə, ola bilsin ki, intihar edib. Müstəntiq bu fikrə etiraz edir, ancaq söhbət dərinləşdikcə, müstəntiqin morfi haqqında sualına cavab kimi həkim morfinin insanı qısa müddətdə öldürə biləcəyini deyir və məsələ bir az daha aydınlaşır. Məhkəmə müstəntiqi etiraf edir ki, qadının yanında morfi var idi. Müstəntiq deyir ki, qadın ərinin bir gün sərxoş olanda ona xəyanət etdiyini öyrənib, ancaq ikisi də bunu şişirtməyiblər. Həkim isə deyir ki, cavan gəlinlər belə şeyləri elə də asan unutmurlar. Nəhayət, sonra müstəntiq etiraf edir ki, barəsində danışdığı qadın onun öz arvadı olub.

Ceylanın “Bir zamanlar Anadoluda” filmində eyni dialoq prokuror Nüsrət ilə həkim arasında baş tutur. Şübhəsiz ki, filmdə xırda dəyişiklər edilib, morfi yerinə başqa bir dərman adı çəkilir, üstəlik, hekayədəkindən fərqli olaraq filmdə prokuror ölənin öz arvadı olduğunu etiraf etmir, rejissor bunu tamaşaçıya sezdirir.

Ceylan kinonun ilk dövrlərindəki ekranlaşdırmalardan, yaxud daha çox komersiya filmlərinə xas olan məşhur bir əsəri çəkmək meylindən itələnərək, ssenarinin mərkəzinə (istər avtobioqrafik, istərsə də başqasının başına gəlmiş olsun) şahid olduğu, hiss etdiyi kiçik bir həyat situasiyasını qoyur; sonra bu xırda fraqmenti gözlə görünən yüksəkliyə qaldırmaq üçün ona ədəbiyyatdan sacayaq düzəldir. Lakin nə çıxış nöqtəsi kimi götürdüyü həyat fraqmentini, nə də ona əlavə etdiyi ədəbiyyatdan alınma şeyləri olduğu kimi, birəbir, dəyişmədən mətnə salır. Mütləq nələrisə dəyişir, əvvəllər yanaşı gəlməyənləri birləşdirir.

Çexovu azca rimeyk edərək bitirək:  Ceylan ömrünün birinci pərdəsində divardan asdığı kitab rəfini, ömrünün ikinci pərdəsində kinoya çevirib. Amma pərdə hələ qapanmayıb, çünki rəf doludur…

OXŞAR XƏBƏRLƏR