ChatGPT-yə yeni funksiya əlavə olundu

OpenAİ ChatGPT istifadəçilərinin uzun müddətdir gözlədiyi “söhbətin şaxələnməsi” funksiyasını istifadəyə verib. Bu yenilik istifadəçilərə eyni söhbət əsasında alternativ ssenarilər yaratmaq və fərqli fikirlər üzərində paralel işləmək imkanı verir.

Daha.az xəbər verir ki, istifadəçilər istənilən cavab üzərinə klikləyərək “daha çox seçim” menyusundan “yeni söhbətdə şaxələndir” funksiyasını seçə bilirlər. Bu zaman hazırkı söhbət surətlənir və yeni bir pəncərədə davam edir. Əsas dialoq saxlanılmaqla yanaşı, müxtəlif versiyalar üzərində işləmək mümkün olur.

Əvvəllər istifadəçilər ya mövcud söhbəti dəyişməli, ya da yeni bir dialoqa başlamalı idilər ki, bu da işin sürətinə və effektivliyinə təsir edirdi. Yeni funksionallıq isə bu problemi aradan qaldırmağı hədəfləyir, konteksti itirmədən alternativ ideyalar üzərində düşünməyə şərait yaradır.

Mütəxəssislər bu funksiyanı proqramlaşdırmadakı “Git branch” sisteminə bənzədirlər. Necə ki proqramçılar əsas kodu pozmadan fərqli versiyalar yaradır, ChatGPT istifadəçiləri də cavabları paralel şəkildə test edə biləcəklər.

Qeyd edək ki, Anthropic şirkətinin Claude modeli artıq bir ildən çoxdur oxşar funksiyanı təklif edirdi. Lakin ChatGPT-nin daha geniş istifadəçi bazasına sahib olması səbəbindən OpenAI-nin bu yeniliyinin daha böyük təsir yaratması gözlənilir.

OXŞAR XƏBƏRLƏR