Cazibənin göyqurşağı: orqazmın koordinat xətti

Daha.az Qismətin “Cazibənin göyqurşağı: orqazmın koordinat xətti” yazısını təqdim edir.

 

Entropiya qanunu da deyilən termodinamikanın ikinci qanunu bütün zamanlarda, ən müxtəlif müstəvilərdə maraqlı sualların yaranmasına səbəb olub.

Bu qanuna görə, hər cür fəaliyyət nəticəsində, kainatda istifadəyə yararlı enerjinin müəyyən qismi istifadəsiz hala gəlir, yəni istifadəyə yararlı enerji daim azalır. Sadələşdirək, avtomobillə səyahət edərkən, yanacaq çənindəki yanacağın bir hissəsi kinetik enerjiyə, hərəkət enerjisinə çevrilir, qalanı isə sürtünmə sayəsində başqa hala keçərək ətraf mühitə axır. Demək, həmişə qapalı sistemlərdə enerji israfı, enerji itkisi, entropiya baş verir. Hər şey maksimumdan minimuma, kosmosdan xaosa, doğumdan ölümə tərəf irəliləyir. İndi əgər bu yazını oxuyarkən çay içirsinizsə və başınız yazını oxumağa qarışıb, çayınız soyuyubsa, kənar enerji olmadan çayın təzədən isinməsi qeyri-mümkündür.

Dünyaca məşhur universitetlərdəki alimlər bəşəriyyətin gələcəyini təhlükə altında qoyan iqtisadi böhranları, işsizliyin artmasını, gəlir bölgüsündəki qeyri-bərabərliyi, ekologiyanın çirklənməsini, terrorun get-gedə adiləşməsini, idarəetmə modellərinin natamamlığını müzakirə edərkən, tez-tez entropiya qanununa müraciət edirlər. Entropiya artıq çoxdandır ki, təkcə termodinamikanın sahəsi olmaqdan çıxıb. Entropiya qanunu ilə informasiya problemlərinə yanaşan futuroloq-alimlər düşünürlər ki, informasiya maddədən və enerjidən daha vacibdir, belə ki, qlobal mənada entropiyanın qarşısının alınması üçün başlıca yol faydalı informasiya çoxluğu yaratmaq və informasiyanın yayılması sahəsində işbirliyi qurmaqdır. Söhbət informasiyanın faydalılığından və bu faydalı informasiyanın kompaktlığından gedir. Bu mənada deyə bilərik ki, bizdə informasiya ilə bağlı resurslar kor-təbiidir, məhduddur.

Gəlin elə ədəbiyyatı götürək, ədəbiyyatla bağlı öz dilimizdə faydalı informasiya mənbələrimiz nə qədərdir? Kor-təbii nəşriyyat sistemi, əndrabadi qonorar mexanizmi, yolaverdi ədəbi fəaliyyətin həyat tərzimizə çevrilməsi, təki birtəhər iş getsin deyə ucuz işçi qüvvəsinə canatım entropiyanı – aşınmanı sürətləndirir. Çağdaş futurologiya isə deyir ki, yalnız faydalı bilgi entropiya ilə tərs mütənasibdir.

Bir müddət ciddi şəkildə araşdırdığım böyük Amerika yazıçısı Tomas Pinçon “Entropiya” hekayəsi ilə sadaladığım məsələləri ədəbiyyat müstəvisinə köçürdü və entropiya terminini metaforaya çevirərək XXI əsr haqqında ötən əsrdə peyğəmbərcəsinə proqnozlar verdi. Pinçon təkcə, adı çəkilən hekayəsində yox, ümumən bütün romanlarında çağın problemlərinə və gələcəyinə dair narahatlıqlarını mənsub olduğu “qara yumor” xətti diliylə mükəmməl ifadə edib. Romanlarında tünd boyalarla işləyən yazıçı kəskin sarkazmını, öldürücü ironiyasını ən müxtəlif mövzulara tətbiq edilib.

Özünə ustad bildiyi Nabokovdan öyrəndiyi gözlənilməzliyi, müəmmanı, eniqmatizmi təkcə əsərlərinə yox, elə həyatına tətbiq edib. İndiyə qədər onun haqqında heç yerdə düz-əməlli məlumat yoxdur, aldığı mükafatların heç birinin təqdimetmə mərasimində iştirak etməyib.
Bir dəfə isə mükafatlandırma mərasiminə öz yerinə şoumen göndərib, sonralar şayiə yayılıb ki, o şoumen elə Pinçonun özüdür, lakin bu da tam təsdiqini tapmayıb. Selincer kimi gizlənməyi xoşlayan, mətbuatda görünməyi sevməyən Pinçonla bağlı indi də əfsanələr dolaşır. Dünyaca məşhur “Time” jurnalının üz qabığında görünməkdən imtina edəndən sonra isə şöhrəti və haqqındakı əfsanələr lap çoxalıb. Bu adda adamın ümumiyyətlə olmadığını deyənlər də var.
Tomas Pinçonun yaradıcılığını təkcə entropiya metaforası ilə məhdudlaşdırmaq olmaz, belə bir təsnifat mümkündür: nəticəsi olmayan axtarış, bölünmüşlük, parçalanmışlıq, müəmma, terror, silah alveri… Bütün yazdıqlarını ironiyaya tabe etdirsə də, qara yumorla yazsa da, onun yaradıcılığını nəsildaşları Con Bart, Donadl Bartelmidən fərqləndirən əsas cəhət eyni zamanda hədsiz stixiyalı dili, yüksək bədii üslubudur.
Postmodernist nəsrin nəhənglərindən hesab edilən Pinçonun şedevri “Cazibənin göyqurşağı” (Gravitys Rainbow) romanı hesab edilir. Roman ingilis dilindən yazılmış 100 ən yaxşı romandan biri sayılır. Əsərin ilk cümləsi bütün zamanlarda yazılmş ən təsirli giriş cümlələrindən sayılır: ttəxminən belədir: “Göy üzündən bir fəryad qopdu.”
Romanda İkinci Dünya Müharibəsindən sonra Almaniyadakı “Zona” adlı bir yerdə, cazibə qüvvəsinə tabe olmayan “V-2” raketini axtaran qəribə adamlardan bəhs olunur. Bu roker bir az kişi fallasın – kişi cinsinin orqanının, bir az da texnologiyanı müqəddəsləşdirməyin rəmzidir.
Pinçon deyir ki, elm və texnolgiya yeni dövrün mifologiyasıdır, artıq insan ilahi yox taleyə yox, mexaniki qismətin əsiridir. Müəllif bu qəribə dünyanı başa düşməyin, qavramağın yeganə yolu paranoyadır. Paranoya – artıq xəstəlik deyil, dünyanı başa düşmək alətidir. Pinçonun fikrincə, indi iqtidarların əsas silahı həqiqətə əngəl olmaq yox, sadacə hansı sualların veriləcəyinə nəzarət etməkdir.

760 səhifəlik “Cazibənin göyqurşağı” romanında bir dəfə görünüb itən personajlar, əsas sujeti kəsən elmi nəzəriyyələr, hədsiz açıq-saçıq səhnələr, populyar mahnılar, dil oyunları… bir sözlə şüurun səyahətində icazə verilən hər şey var. Müəllif bilərəkdən təhkiyənin məntiqini pozur, çünki müharibə məntiqsizliyin stixiyasıdır. Pinçon elə bil demək istəyir ki, müharibə haqqında bütün məntiqli əsərlər məntiqsizdir, bütün məntiqsiz əsərlər məntiqlidir. Romanın əsas personajı (bilmirəm ona əsas personaj demək olarmı?) Tiron Slotrop əsərin əvvəlində kəşfiyyat zabitidir, ancaq get-gedə başqa adama çevrilir. Pinçon yazır ki, Slotropun orqazmları ilə V-2 raketlərinin düşdükləri yer eyni koordinat xəttindədir.

Romanın adı çoxmənalıdır: bir tərədə yerin cazibə qüvvəsi var, digər tərəfdə göyqurşağı – Pinçon insanın poetik, metafizik, xəyali, göyə dartınan arzusunu – göyqurşağı ilə, onu yerə dartan, aşağı çəkən fizika qüvvəsini eyni ifadədə birləşdirib. İşığın qırılması olan göyqurşağı yağışdan sonra çıxsa da, Pinçonda bu bombaların sonra görünən radioaktiv təbəssümdür.

Mən bilən, Pinçonun bircə cümləsi belə bizim dildə yoxdur.

OXŞAR XƏBƏRLƏR