Daha.az Orxan Saffarinin “Cəsarət, yoxsa Danninq-Kruger sindromu?” yazısını təqdim edir.
İnsanaxas müsbət, əksərən lazımlı, hətta ziyanları olsa da, çox vaxt birmənalı şəkildə müsbət qarşılanan bir xüsusiyyət də cəsarətdir.
Fəqət nədir bu cəsarət? Bəlkə, daha çox romantizmdir? İnsanın cəsarətli olmasının şişirdiləməsi artıq iş deyilmi? Ümumiyyətlə, insan küllən cəsarətli ola bilərmi? Bu, doğuşdan belədir, yoxsa sonradan formalaşır?
İtirməyə heç nəyi olmayan adamın sonda itiriləcək özü qalır və bu, elə insanın ən böyük itkisi olur. İstənilən müstəvidə can qorxusu ən dəhşətli qorxudur. Demək, əslində, cəsarət doğuşdan olmadığı üçün, çox da təbii hiss deyil.
Bu məqamda danılmaz bir məhfumu yada salmalıyıq: “Cahil cəsarəti”
Bəs cahilin də cəsarəti, daha dəqiq, cəsarətin xüsusən cahillik olduğu bir məhfum necə böyük, müqəddəs, ali bir xüsusiyyət ola bilər? Niyə hansısa insanın cəsarətli olması xüsusi vurğulanmalıdır? Üstəlik, bu anlayış məhəlli xarakter daşıyırsa?
Əslində, insan heç vaxt cəsarətli ola bilməz, o, təbiətcə ən çox da özündən qorxan varlıqdır. Təbiətcə insanda vəhşilik olsa və bəzən qarışdırılsa da, bunun adı cəsarət deyil.
Cəsarət anlayışı tarixən filmlərdə və bədii əsərlərdə romantikləşdirilib, ancaq bu, daha çox həm də siyasətdir. Cəsarətli olmaq fikrini cəmiyyətə təqdim edənlərin bir niyyəti də, insanları öz yollarına alət etməkdir. Adətən, liderlər cəmiyyəti və ya fərdləri bu cür irəli vermək, təqdimat etməklə, onları fədakar obraza salmaqla öz gedişlərini edirlər.
Bəs insanın bu oyuna getməsində səbəb nədir? Əlbəttə, “Cahil cəsarəti”, “Məlumatsız gözüyumulu qəhrəmanlıq” və yaxud da, “Mərkəzi park solçuluğu”.
Bu cür anlayışa daha çox Danninq-Kruger effekti kimi də baxa bilərik. Yəni, savadı, biliyi, intellekti az olan insan, özünü daha çox bilikli, savadlı, intellekti görə bilir və buna uyğunda risklər edir, bir növ cəsarət göstərir.
Xülasə, cəsarət və düşünə bilməmək arasında incə bir xətt var. Bu xətti qoruya bilməyənlər isə cəsarətli insanlar hesab edilir.
Cəsarət digər bir anlamda isə düşüncə ilə həyata keçən bir əməl olur. Daha dəqiq, öz qorxunla tanış olub, qorxunu bilib hərəkətə keçməkdir, yəni, instiktdir.
Yaxşı, bəs qorxusu ilə üzləşməyən insanın cəsarətini hara yazmaq lazımdır? Bunun adı nədir?
Məsələyə romantik yanaşanda, əslində, bizim cəsarətimiz bizə yox, daha çox başqalarına lazımdır və elə əksərən də hansısa formada başqalarına təsir edir.
Platon üçün cəsarət, qorxunun qarşısında ruhun sabit qalmasıdır. Bu sabitlik isə ancaq və ancaq intellektlə mümkündür.
Xüsusi ilə belə bir məqamda cahil cəsarət ifadəsi də mahiyyətini itirir. Cahil qorxunun nə olduğunu bilmir, edəcəyi cəsarətin nə ilə nəticələyindən də məlumatsızdır. Belə olan halda bunun yeni adını fikirləşmək lazım gəlir. Bu, hər nədirsə, dəqiq cəsarət deyil. Platon bu baxımdan həm də belə deyirdi: “Cəsarət, nədən qorxmaq və nədən qorxmamaq lazım olduğunu bilməkdir”.
Cəsarət fəlsəfədə tarixən başqa cür necə qiymətləndirilib?
Fransız filosof Simona Veylə görə, cəsarət bəzən, hətta daha çox sadəcə susmaqdır.
O, deyirdi : “Bəzən susmaq, dözmək və davam etmək cəsarətin ən yüksək formasıdır”
Yəni, əslində, cəsarət daha çox bilmədən edilən bir instiktdir və bilmədən göstərilən “qəhrəmanlıq” isə həm də düşünməzlikdir.
Müasir dövrdə və şərtlər altında cəsarət hər şeydən çox göstəriş, bəzən natamamlıq, eqo və daha çox da özünütəsdiq etmə instiktidir.
Cəsarətli olmaq həm də natamamlıq və eqoizmdir.
Göründüyü kimi, cəsarət əslində, heç də göründüyü kimi deyil. Ancaq bu bir həqiqətdir, əksər insanlar cəsarətli hesab etdikləri insanları tamamilə qorxusuz adamlar hesab edirlər. Onlar elə bilirlər ki, bu cür adamlar bütün qorxulardan arınmış insanlardır.
Ancaq “The Princess Diaries” filmində də deyildiyi kimi: “Cəsarət qorxunun olmaması deyil, qorxunun içində hərəkət etməkdir”.