Cəmiyyətə “YAD”, ədəbiyyata doğma yazıçı

Fransız yazıçı, filosof, tənqidçi, ekzistensializm cərəyanının ən görkəmli nümayəndələrindən biri Albert Kamyunu nə qədər tanıyırsınız?

  • Atası əslən Elzaslı, anası isə ispan mənşəli idi. Özü isə Əlcəzairdə doğulmuşdu. Albertin bir yaşı tamam olmamış, atası I Dünya müharibəsi zamanı həlak olmuş, bundan sarsılan anasının dili tutulmuşdu. Çətin uşaqlıq keçirən Albert onu saхlamaq üçün evlərdə qulluqçuluq edən anasının və nənəsinin himayəsində böyümüşdür.

  • Uğurlu təhsil həyatı keçirən Alber Kamyunun şəхsiyyət kimi yetişməsində müəllimi Lui Jermenin xüsusi rolu olmuşdur. Şagirdinin istedadını kəşf etdikdən sonra ona əlindən gələn köməyi göstərmişdir. Əzmlə çalışaraq dövlət hesabına təhsil alan Kamyu Əlcəzair universitetinin fəlsəfə fakültəsini magistr dərəcəsi ilə bitirmişdir. Fəlsəfə diplomuna rəğmən heç vaxt özünü filosof saymamışdır. Diplomunu alana qədər müхtəlif sahələrdə işləmiş, həyatın və insanların hər üzünü bu dövrdə görmüşdür.
  • 17 yaşına qədər futbol onun həyatında əhəmiyyətli rol oynamış, həyata və əxlaqa dair hər şeyi bu sayədə öyrəndiyini hər zaman dilə gətirmişdir. Vərəm xəstəliyindən əziyyət çəkdiyi üçün yaxşı qapıçı olmasına baxmayaraq futbola əlvida demək məcburiyyətində qalmışdır.
  • Təhsil həyatının əksinə, ailə həyatı elə də uğurlu olmamışdır. 21 yaşında ilk dəfə varlı ailədən bir qızla evlənmiş, həm həyat yoldaşının narkotik aludəçisi olması, həm də qarşılıqlı xəyanət ailənin sonunu yaxınlaşdırmışdır. İkinci evliliyində iki qız övladı dünyaya gəlsə də, sədaqətsizlik bu münasibətin də məhvinə səbəb olmuşdur.
  • 30-cu illərdə Alber Kamyu artıq Əlcəzairin əsas yazıçı və intellektuallarından biri sayılırdı. O, təkcə dramaturq, rejissor və aktyor kimi fəaliyyət göstərmir, eyni zamanda ölkənin əsas qəzeti olan “Alger Republica”nın redaktoru, siyasi icmalçısı və ədəbi şərhçisi idi.
  • Yazıçı fransız Alpına, İtaliya, İspaniya, Çeхoslovakiya, Amerika və Fransaya səyahət etmişdir. ABŞ-a səfəri zamanı Nyu Yorkda qaldığı müddətdə Sentral Parkdakı heyvanxananı təxminən 20 dəfə ziyarət etmişdir.
  • Həyatda siqaret çəkmək ən böyük zəifliyi idi, heç vaxt tərgidə bilməmiş, hətta saxladığı pişiyə belə “Siqaret” adı qoymuşdur.
  • Yaradıcılığında fəlsəfi esselər yazmağa üstünlük verən Kamyu özünü ekzistensialist hesab etmirdi. Özünü hansısa ideologiyanın çərçivəsi ilə məhdudlaşdırmağı xoşlamırdı.
  • Ədəbiyyat üzrə Nobel mükafatını 1957-ci ildə qazanan yazıçı qısa Nobel nitqində bütün yaradıcılıq növlərinin aparıcı vəzifəsinin “ağ yalandan qaçmaq və zülmə qarşı mübarizə aparmaq” olduğu fikrini ifadə etmişdir. Nobel mükafatını qazanan ikinci ən gənc yazar olmuşdur.
  • Nobel mükafatını qazanarkən 44 yaşı olan yazıçı, yaradıcılığının ən yetkin dövründə planlarını həyata keçirə bilmədən, 3 il sonra avtomobil qəzasında həyata gözlərini əbədi yummuşdur. Bu zaman cibindən tapılan istifadə olunmamış qatar bileti isə qəribə taleyi xatırladan bir xatirə kimi onu sevənlərin yaddaşında özünə yer etmişdir. Qəza anında Kamyunun üzərində avtobioqrafik romanın bir hissəsi də tapılmışdır. Sonradan bu roman “İlk adam” adı ilə qızı tərəfindən nəşr edilmişdir. Ölüm hadisəsindən sonra küsülü olduğu köhnə dostu Jan Pol Sartr onun haqqında mədhiyyə yazmışdır. Bu, ədəbiyyat dünyasında Sartrın dostuna vəfa borcu kimi qiymətləndirilmişdir.
  • “Yad” povestində insanın tədricən yadlaşmasının, özgələşməsinin fəlsəfi-psiхoloji təsvirini vermiş, “Vəba” romanında Əlcəzairin Oran şəhərindəki vəba epidemiyasının təsviri ilə simvolik olaraq Fransanı və bütün Avropanı bürüyən faşizmin, ümumiyyətlə, ölümün və pisliyin portretini yaratmağa çalışmış, “Sizif əfsanəsi” ilə əbədi dünyada vəd olunan rahatlıq haqqında хristian ideyasına qarşı çıхaraq həyatın mənasını daimi hərəkətdə, gündəlik işdə, bitib-tükənmək bilməyən mübarizədə gördüyünü bəyan etmişdir. “Yad” romanı əsasında biri italyan, digəri türk rejissor tərəfindən iki film çəkilmişdir.
OXŞAR XƏBƏRLƏR