“Bir zamanlar… Hollivudda” mənim ən sevdiyim filmimdir, “Şərəfsiz əclaflar” isə ən yaxşısıdır…”
Daha.az xəbər verir ki, bu sözləri iki dəfə Oskar mükafatı qazanmış Kventin Tarantino “The Church of Tarantino” (“Tarantino kilsəsi”) adlı podkastda deyib.
Rejissorun sözlərinə görə, “Billi öldürmək” ən zirvədəki Kventin filmidir:
“Çünki onu başqa heç kim çəkə bilməzdi. Hər detal mənim təxəyyülümdən, təhtəlşüurumdan, ehtiraslarımdan və asılılıqlarımdan çıxıb. Buna görə də kino çəkmək üçün yaradıldığım film “Billi öldürmək”dir, “Şərəfsiz əclaflar” şah əsərimdir, “Bir zamanlar… Hollivudda” isə favoritimdir.”
“Kriminal qiraət” filminin rejissoru ssenariləri arasında ən yaxşı hesab etdiklərini belə sıralayıb:
“Məncə, ən yaxşı ssenarim “Şərəfsiz əclaflar”dır. Onun dalınca “Mənfur səkkizlik” və “Bir zamanlar… Hollivudda” gəlir. Amma bunu da əlavə etməliyəm: “Mənfur səkkizlik” rejissorluq baxımından yazdıqlarımı səhnəyə ən yaxşı köçürdüyüm işim ola bilər. Çünki ssenari onsuz da sağlam idi, orada əlavə nəsə yaratmaq lazım olmadı. “Billi öldürmək”də olduğu kimi, məsələ sıfırdan qurmaq əvəzinə, olanı ən yaxşı formada ifadə etmək idi. Bu baxımdan rejissor kimi öz materialıma ən yaxşı xidmət etdiyim film olduğunu düşünürəm.”
Qeyd edək ki, Tarantino “Bir zamanlar… Hollivudda” filminin Netfliks üçün çəkiləcək növbəti versiyasının rejissoru olmayacağını apreldə açıqlamışdı.
Yeni filmdə Kliff Buts rolunu Bred Pit canlandıracaq, rejissor isə Devid Finçer olacaq.




