Braziliyanın qəlbini kəşf edərkən: Sehrbazlar, oğrular və yarıçılpaq qızlar

Əməkdaşımız Anar Rəhimov Braziliyanın Federal Espiritu Santu universitetində akademik, mədəni-ədəbi ezamiyyətdə olub.

Daha.az Anar Rəhimovun Braziliyadan reportajının birinci hissəsini təqdim edir.

Cənubi Amerika ilə bağlı yazılarıma son iki günümüzdən, Braziliyanın Bahia ştatının Salvador şəhərindən başlayıram. Həm təəssüratlarım həyəcanlıdır, həm də qitə ilə bağlı bölüşməyə çox məqamlar var.

Son 13 gündə 31-32 min km yol qət etmişik. Braziliya, Argentina, müxtəlif ştatlar, şəhərlər.

Bu yazımda, əsasən, Braziliyanın şimal-şərq ştatı olan Bahianın ən böyük şəhəri, üç yüz ilə yaxın Braziliya paytaxı olan Salvadordan bəhs etmək niyyətindəyəm.

Salvador Braziliyanın şimal-şərqinin zəngin tarixini təcəssüm etdirən enerjili, yatmayan, ruhu olan şəhərdir (San Paolodan, Londondan, Milandan fərqli olaraq). İnsanı tanışlığın ilk dəqiqələrindən sehrinə salır. Mənim kimi yüzlərlə şəhər görmüş biri ilə bunu etmək isə hər şəhərin hünəri deyil. Buraya gələn hər bir ziyarətçi elə ilk saatlarda tarixin, yeməklərin, kapoeyranın, ətirli qəhvənin, küçə musiqiçilərinin sehrinə düşür. Şəhər səni itələmir, sənə doğma olur, özünə çəkir, yaxın hiss etdirir. Bənzərsiz şarma sahibdir Salvador. Burada havada əsl Braziliya ruhu var.

Salvdorun rəngbərəng donlarda, gözəl bədən quruluşlu, bir neçə boyunbağını üst-üstə taxan xanımlardan danışmasam olmaz. Salvador xanımları çox gözəl olur və üstünlük verdikləri ənənəvi geyimlərə görə “Shabby Bahians” kimi tanınırlar. Küçədə,  restoranda, şəhər meydanında hər yerdə bu şirin gülüşlü, ənənəvi geyimli, xüsusi hörüklü saça sahib xanımlara rast gələ bilərsiniz. Nə isə…mənə problem lazım deyil, səfərlərimin davamlı olması üçün zərif cinsin nümayəndələrinin təsvirini burada yekunlaşdırıb keçirim başqa mətləblərə.

Taksi bizi birbaşa Salvadorun mərkəzinə Pelourino adlanan rayona gətirir.

Salvadorun tarixi mərkəzində gəzərkən çeşidli, canlı rənglər, kolonial dövrün valehedici arxitekturası, saraylar, qəsrlər, kilsələr məni heyran qoyur. Pelourino yerə döşənmiş qənbər daşları, bəzəkli, təmtəraqlı kilsələri, son dərəcə qədim abidələri ilə adamı orta əsrlərə salır.

Burada küçələri Afro-Braziliya musiqi sədaları doldurub. Yadıma gəlmir nə vaxtsa musiqi sümüyümə belə düşsün. Özümü saxlaya bilmirəm, bir əlimdə ənənəvi Bahia Salvador tapiokası, o biri əlimdə selfi çubuğu küçənin ortasında dingildəyirəm.

Bu şəhər, xüsusən bu rayon heç bir yerin edə bilmədiyini edir: xalis Braziliya ruhunu özündə əks etdirir. Əgər San Paolo çox qarışıqdırsa, 20 milyonluq əhali ilə xaotik maliyyə, ticarət, iqtisadi mərkəzdirsə, əgər Rio de Jenero illik rekord turist sayı ilə çoxdan Braziliya ruhunu itiribsə, üçüncü böyük şəhər olan Salvador sənə uşaqlıqdan xəyalını qurduğun, bu ölkənin adı gələndə yadına düşən hər şeyi xatırladır: futbol, samba, karnaval, yarıçılpaq qızlar, qumlu, geniş çimərliklər, rəqslər…

Tarixi mərkəz Pelourinoda gəzirik, zaman durub burada sanki, müasir dünya ilə bağlılıq yoxdur, qədim tikililər, uçuq-tökük evlər, küçə satıcıları, sehrbazlar, küçə musiqiçiləri.

İnsanlar çox mehriban və ünsiyyətcildir. Sadəcə, portuqal dilində danışırlar. Başqa  heç bir dil bilmir Braziliyada insanlar. Yeri gəlmişkən, hər ştatın öz ləhcəsi, özünəməxsus dialekti var. Gah sözləri qısaldır, gah uzadır, gah şəxs əvəzliklərini fərqli formada istifadə edirlər. Portuqal dilini bilmək Braziliyada həyat, bilməmək isə ölüm deməkdir. Hətta ingilis dilini bilməsi gözlənilən, xidmət sahəsində çalışan taksi sürücüsü, hotel işçisi, avtovağzal polisi belə ingiliscə bir kəlmə də bilmir. Portuqal dili bacarığımı yeni mühitdə, yeni dialektlə işlətmək fürsəti üçün də xeyli həyəcanlı idim. İnsanlar son dərəcə köməksevər, danışan, köhnə dost kimi adama yapışandır. Yetər ki, portuqalca danış. Yanına düşüb soruşduğun yerə aparan kim,  evinə bir fincan qəhvəyə, bir qədəh kaşasa içməyə çağıran kim…

Tarixi aura, orta əsrlər ambiansı məni o qədər tutmuşdu ki, heç cür buralardan ayrıla bilmirdim.

Küçə rəqqasları, musiqiçilər, kapoeyranı musiqi sədaları altında ifa edən yaşlılar və cavanlar… Hərəsinə ağzımı açıb bir az baxandan sonra artıq günortadan keçmişdi.

Ümumiyyətlə, Cənubi Amerikada, (Argentinada yox) xüsusən Braziliyada bir doğmalıq, istilik hiss edirəm. Bilənlər bilir, hətta mənə Bakı qədər doğma olan Osloda belə 4-5 gündən çox qala bilmirəm. Buraların insanları, atmosferi, küçələri, gördüyüm səmimiyyət, hamının göründüyü kimi olması insana rahatlıq və gümrahlıq verir.

Düzdür, çox kasıbdırlar, hətta bəzilərinin yatmağa yeri yoxdur, küçələrdə, körpü altında yatırlar. Bir qarın yeməyə möhtac yüzminlərlə insan var. Dünyada kasıblarla varlılar arasında ən böyük uçurumun olduğu ölkədir. Bu baxımdan bura hətta Hindistanı da geridə qoyub…Kasıblığın dibini yaşayan, yeməyə bir qarın yeməyi, geyinməyə paltarı olmayan yerli əhali çox vaxt turistləri hədəf seçir. Bircə saniyə çantana, mobil telefonuna, pulqabına qarşı diqqətsizlik etdinsə, artıq yoxdur. Vəssalam, motosiklet, yaxud yanından sürətlə qaçan adam götürüb getdi. Biz də bir neçə dəfə belə aqibət üzləşdik. Sadəcə, son dərəcə ayıq-sayıq olmağımız və davamlı olaraq yerli dostların əhatəsində olmağımız pulunu hələ verib qurtarmadığım ayfonumun favella dələduzlarına qismət olmasını əngəllədi.

Braziliyalı dostumdan bizi yerli mətbəx təqdim edən restorana aparmasını xahiş etdik. Joao özü də bilmirdi. Deyir, mən restorana zada getmirəm. Axır soruşub, öyrənib bizi Mercado Modelo ( Bizim yerli kolxoz bazarı kimi) Feira de Sao Joaquim restoranına gətirdi. Yeri gəlmişkən, ora taksi tutmadıq, saat yarım piyada yol getdik, həm də okean kənarı meşə ilə. Restoran Afro-Brazilian, yerli hindu və Portuqal mətbəxindən yeməklər təqdim edirdi. Çox uzatmadan yeməklərin əsasən nədən bişirilməsi haqqında qısa danışım.

Ən məşhur üç yemək: Akaraje: İçi krevetka, araxis və yerli ədvalarla doldurulmuş qarğıdalı unundan yoğrulmuş xəmir kündələri.

Mokueka– kakos südündə, yerli ədvalarla bişmiş dəniz məhsulları, yaxud balıq (bu ən sevimli yeməyimdir).

Fejoada (əzmə lobya, yaxud noxud yağsız dana əti ilə).

Burada qəribə bir şeyə şahidlik etdim. Əgər Avropada, Amerikada, hətta Afrikanın şimalında olduğum ölkələrdə də yeməyin hərəyə ayrı boşqablarda gəldiyini görmüşdümsə, burada yemək sosiallaşma,  birgəlik, eyni qabdan yemək deməkdir. Əksər hallarda yemək qazanda, ya tavada ortaya gəlir, bütün dostlar, ailə mehribanlıqla həmin qabdan yeyirlər.

Bahia mətbəxi regionun mədəni irsinin dadlı-ləzzətli təzahürdür. Yeməklər çox dadlıdır. Nə Pakistan və Hindistandakı kimi adamı ağladacaq qədər acıdır, nə də Skandinaviyadakı kimi şit. Hər şey yerində, təmiz.

İçki içən olmadığımdan 45 dərəcəlik alkoqoldan, kaşasadan imtina edib desertə bolluca sevimli kokos tortu yedim.

Axşam Servantes adına ədəbiyyata dəstək universitetində görüşümüz vardı. Gecə isə yerli rəqs-şouda iştirak edəcəkdik…

ardı var…

OXŞAR XƏBƏRLƏR