Böyük mübarizə nəticəsində əldə edilən özəl gün

        8 Mart Beynəlxalq Qadınlar Günü tarixdəki əsas qadın hərəkatının və qadınların azadlıq mübarizəsinin bir simvoludur. Hər il bu xüsusi gün bütün dünyada qadınların sosial, iqtisadi, mədəni və siyasi sahələrdə əldə etdiyi nailiyyətləri qeyd etmək və gender bərabərsizliyinə diqqət çəkmək üçün müxtəlif tədbirlərlə, aksiyalarla qeyd olunur.

İlk dəfə 1910-cu ildə Klara Setkinin təklifi ilə qəbul edilən bu gün, zaman keçdikcə qlobal bir qeyd və maarifləndirmə gününə çevrildi. Beynəlxalq Qadınlar Günü qadınların kişilərlə bərabər hüquqlara sahib olmaq və iş mühitində qaneedici imkanlar əldə etmək uğrunda mübarizəsinin nəticəsidir.

Bu bayramın ilk qığılcımları 1908-ci ildə ABŞ-da bir qrup işçi qadının öz hüquqları uğrunda apardığı mübarizə, 8 Mart tarixində keçirilən nümayişlər və tətillər nəticəsində ortaya çıxdı. Bu dövrdə cərəyan edən hadisələr sonradan beynəlxalq aləmdə dönüş nöqtəsi oldu.

1908-ci ildə Nyu-Yorkda tikiş fabriki işçilərinin məvacibin aşağı, iş şəraitinin pis olması və iş saatının uzunluğu kimi problemlərə qarşı başlatdıqları tətil, qadınların sosial hüquqları uğrunda apardıqları ilk böyük mübarizə kimi tarixin səhifələrində öz əksini tapdı. Nümayişlər zamanı 129 qadın işçi yanğında həyatını itirmişdi və bu faciəli hadisə dünya miqyasında qadınların hüquqları uğrunda mübarizəsi üçün oyanışa səbəb oldu.

Alman sosialisti Klara Setkin 1910-cu ildə Kopenhagendə keçirilən Beynəlxalq Sosialist Qadınlar Konfransında Beynəlxalq Qadınlar Gününün hər il eyni gündə qeyd olunması təklifi ilə çıxış etdi. 17 müxtəlif ölkədən konfransa qatılan 100 qadın Zetkinin təklifini yekdilliklə qəbul etdi. Bu təklif, qadın hüquqları uğrunda mübarizəni qlobal müstəviyə çıxarmaq üçün başlanğıc rolunu oynadı.

Rusiyada 1917-ci ildə qadınlar Birinci Dünya Müharibəsi illərində fəhlələrin hüquqları, yemək və sığınacaq tələbi ilə 8 Martda küçələrə axışdı. Bu hadisə Rus inqilabına aparan əhəmiyyətli addım idi. Qadınların bu kütləvi etirazları bütün dünyada qadın hüquqları hərəkatına böyük təkan verdi.

1975-ci ildə Birləşmiş Millətlər Təşkilatı rəsmi olaraq Beynəlxalq Qadınlar Gününü təqvimə daxil etdi və hər il 8 Martda qadınların sosial, iqtisadi, mədəni və siyasi uğurları qeyd olunmağa başladı. BMT hər il üçün xüsusi bir mövzu müəyyən edir və tədbirlər bu konseptə uyğun keçirilir. 1996-cı ildə ilk mövzu kimi “Keçmişi qeyd etmək, gələcəyi planlaşdırmaq” şüarı seçilmişdi. Bundan əlavə, bu özəl gün gender bərabərsizliyi və qadınlara qarşı zorakılıq kimi problemlərin gündəmə gətirilməsi üçün mühüm fürsətdir.

Hal-hazırda 8 Mart Beynəlxalq Qadınlar Günü bir çox ölkədə rəsmi dövlət bayramıdır. Qlobal səviyyədə bir sıra tədbirlər – yürüşlər, çıxışlar, konsertlər, sərgilər və müzakirələr keçirilir. Qadınlar üçün 8 Mart hüquq, bərabərlik, azadlıq və həmrəyliyi təmsil edir. İtaliyada Beynəlxalq Qadınlar Günü Festa della Donna adlanır. 1984-cü ildən Beynəlxalq Qadınlar Gününün qeyd olunduğu Uqandada hökumət hər il fərqli bir mövzu müəyyən edir. Serbiya, Albaniya, Makedoniya və Özbəkistan kimi bəzi ölkələrdə Beynəlxalq Qadınlar Günü və Analar Günü eyni günə təsadüf edir. Mart ayı ABŞ-da “Qadınların Tarixi Ayı”dır. Hər il Amerika qadınlarının nailiyyətlərini qeyd edən prezident bəyannaməsi hazırlanır.

Bu günün özünəməxsus rəngləri də müəyyən olunub: bənövşəyi, yaşıl və ağ. Bənövşəyi ədalət və ləyaqəti, yaşıl gələcəyə ümidi, ağ isə saflıq və məsumluğu ifadə edir. Rənglər 1908-ci ildə İngiltərədəki Qadınların İctimai və Siyasi Birliyi tərəfindən seçilib.

OXŞAR XƏBƏRLƏR