Bixu Parex: “Multikulturalizm üçün tərəflər arasında güc bərabərliyi şərtdir”

Daha.az İngiltərə Vestminster və Hall unversitetlərinin Siyasət Fəlsəfəsi və Tarixi üzrə professoru Bixu Parexlə müsahibəni təqdim edir.

Bixu Parex Lord ünvanına malikdir. Elmi multikulturalizmin banilərindən biridir, “Rethinking Multiculturalism: Cultural Diversity and Political Theory”(Multikulturalizmə Yenidən Baxış: Mədəni Müxtəliflik və Siyasi Nəzəriyyə) adlı əsəri bu sahədə ilk onluğa daxildir.

 

Dr. Rəşad İlyasov: Salam, dəyərli professor, sizi Bakıdan, Azərbaycandan salamlayırıq. İlk sualım belədir: dəyərli professor, bu gün dünyada identiklik və multikultural fərqliliklər çox vacib mövzulardandır və bəzən münaqişələrə səbəb olur. Bu məsələyə dair fikirləriniz necədir?

Professor Bixu Parex: Burada bir neçə sual var. İdentiklik məsələsi çox önəmlidir, çünki bu məsələ yalnız biz identikliyə dəyər verdiyimiz üçün ortaya çıxır. Əgər biz identikliyə dəyər verməsəydik, multikulturalizmə də dəyər verməzdik.

Mənim üçün əsas məsələ budur: identiklik ətrafında gedən bu müzakirələrdə bəzən özümə sual verirəm, bu sözü düzgün istifadə edirəmmi? Çünki bununla bağlı kitablar  oxuyursunuz və görürsünüz ki, identiklik 20 fərqli şəkildə tərif olunur. Bəzi insanlar deyir ki, bizim çoxsaylı identikliyimiz var və mən öz-özümə sual verirəm, necə yəni, bizim birdən çox identikliyimiz ola bilər? Bəziləri isə deyir: “Mənim identikliyim təhdid altındadır”, sanki bu identiklik onun üçün vacib, dəyişməz bir şeydir. Başqa sözlə desək, identiklik anlayışı o qədər fərqli şəkildə işlədilir ki, artıq insanlar nədən danışdıqlarını tam bilmirlər.

Ona görə də sizin təşkilat və digərləri üçün cavab verilməli ilk sual budur: “Siz ‘identiklik’ dedikdə nəyi nəzərdə tutursunuz?” Məsələn, deyirsiniz ki, immiqrantların təsiri altında yerli əhalinin mədəni identikliyi dəyişir. Burada “identiklik” dedikdə nəyi nəzərdə tutursunuz? Əgər bir nəfərin çoxsaylı identikliyi varsa, onda identikliyin dəyişməsi normal bir proses ola bilər. Əsas məsələ budur ki, identiklik bir növ sevgi ilə bağlıdır – insanın özü ilə bağ qurması ilə.

Növbəti məsələ isə multikulturalizmdir. Multikulturalizm, sadəcə, insanların identikliyinə hörmətlə yanaşmaq və onların inkişafına, çiçəklənməsinə şərait yaratmaq deməkdir. Və buradan sual yaranır: Bir mədəniyyət necə bir identiklik yaratmalı və ya qəbul etməlidir? Bunu necə etmək olar? Multikulturalizmə dair bütün bu suallar şəxsi identiklik anlayışından başlayır.

Cavablarınıza görə təşəkkür edirəm, çox dəyərli fikirlər səsləndirdiniz. Beləliklə, ikinci sual: dəyərli professor, Avropada, xüsusilə də Birləşmiş Krallıqda multikulturalizm siyasətinin uğurları və çatışmazlıqları nələrdir? Zəhmət olmasa, fikirlərinizi bölüşərdiniz.

–  Burada da yenidən “multikulturalizm” dedikdə nəyi nəzərdə tutduğumuzu dəqiqləşdirməklə başlamaq lazımdır. Bəzi insanlar üçün multikulturalizm mədəni gettolarda yaşamaq deməkdir , yəni hər bir qrup yalnız öz mədəniyyəti çərçivəsində qiymətləndirilir. Başqaları üçün isə multikulturalizm digər mədəniyyətlərə açıq olmaq və onlardan öyrənmək deməkdir. Beləliklə, bu anlayış iki fərqli şəkildə istifadə olunur. Əgər birinci mənayla mədəni gettolar şəklində izah edilən formanı  nəzərdə tuturuqsa, mən bunda heç bir üstünlük görmürəm. Bu yanaşma problemləri həll etməkdən daha çox yeni problemlər yaradır və mövcud problemlərin də əsasını təşkil edir. Amma əgər multikulturalizm mədəniyyətlərarası dialoq anlamında başa düşülürsə, yəni mən müəyyən bir mədəniyyətə məxsusam, amma başa düşürəm ki, hər bir mədəniyyətin məhdudiyyətləri var və mən bu məhdudiyyətləri digər mədəniyyətlərlə dialoqa girərək aşmağa çalışıram, bu halda bu yanaşma mənim üçün dəyərli bir mövqedir.

Əgər multikulturalizmi bu meyarla qiymətləndiririksə, onda Britaniya təcrübəsi tam fərqli görünür. Əgər siz multikulturalizmi mədəni silo (qrup) və ya gettolar, yəni insanların öz mədəniyyətləri daxilində qapalı qalması mənasında başa düşürsünüzsə, Britaniya belə etməyib. Britaniya bu baxımdan daha açıq olub. Məsələn, ingilis dili, bu dil fransız və alman dillərindən, bəlkə də, hind dillərindən də geniş şəkildə sözlər götürüb. Eyni şəkildə, Britaniya digər mədəniyyətlərdən bəzi elementləri mənimsəyib və multikultural bir identiklik formalaşdırıb.

Britaniyada yaşamaq o deməkdir ki, siz hər gün müxtəlif mədəniyyətlərlə, müxtəlif musiqi növləri, müxtəlif hekayələr və s. ilə qarşılaşırsınız. Ona görə də mən deyərdim ki, ümumilikdə multikulturalizmi müsbət bir qüvvə kimi görürəm. Amma başa düşürəm ki, bu anlayış mənfi bir gücə də çevrilə bilər – əgər insanlar yalnız öz mədəniyyətləri içində “kilidlənərsə”, başqa mədəniyyətlərlə ünsiyyətə təşviq olunmazsa və dialoq olmazsa. Əgər bu baş verərsə, o zaman multikulturalizm bir fəlakətə çevrilə bilər. Bu istiqamətdə müəyyən meyllər də müşahidə olunub. Məsələn, Britaniyada bəzi müsəlman icmaları və başqa qruplar bu yöndə hərəkət ediblər.

–  Çox təşəkkür edirəm, əziz professor. Beləliklə, üçüncü sual: siz tez-tez mədəniyyətlərarası dialoqun vacibliyini vurğulayırsınız. Bəs belə bir dialoq hansı şəraitdə mümkündür?

Əslində, dialoq bir çox şəraitdə mümkündür. Bəziləri deyə bilər ki, fanatik adamlarla dialoq mümkün deyil. Məsələn, bələdiyyə sədri mənə bomba ilə hədə-qorxu gəlirsə, mən onunla necə dialoq qurum? Amma mən deyərdim ki, normal, bərabərhüquqlu insan münasibətləri çərçivəsində mədəniyyətlərarası dialoq mümkündür lakin bunun üçün bəzi şərtlər lazımdır: Güc bərabərliyi olmalıdır.
Əgər bir tərəf digərinə tam nəzarət edirsə, onu o qədər əzir ki, qarşı tərəfin heç bir mövqe ifadə etməyə, öz fikrini bildirməyə fürsəti qalmır. Bu baxımdan güc balansı çox önəmlidir. Qarşı tərəf sizə o qədər nəzarət etməməlidir ki, siz özünüz düşünmək haqqından belə məhrum olasınız. Bu vəziyyət, məsələn, imperializm dövründə baş verirdi. Britaniya imperiyası Hindistanda ilk illərində ingilis mədəniyyətini zorla tətbiq edirdi və hindlilərə nə razılaşmaq, nə də etiraz etmək imkanı verilirdi. Bu isə dialoq deyil, təktərəfli ünsiyyət idi. Cavab yoxdur, qarşılıqlı fikir yoxdur, yalnız bir tərəf danışır. Bunun saysız-hesabsız nümunəsini verə bilərəm. Məsələn, Hindu dininə mənsub olanlarla  xristian missionerləri arasında gedən “söhbətləri” götürək. Missionerlər hindlilərə deyirdilər: “Sizin Tanrınız haradadır? ”Hindlilər cavab verirdilər: “Bizim çoxlu Tanrımız var. “Missionerlər isə deyirdilər: “Bu, boş şeydir. Bu, düzgün ola bilməz. siz çaşmısınız”. Sonra soruşurdular: “Sizin Bibliyanız hanı? Tanrının iradəsini izah edən bir kitab?” Hindlilər cavab verirdilər: “Bizim bir Bibliyamız yoxdur, müxtəlif dövrlər üçün fərqli kitablarımız var”. Sonra sual edirdilər: “Bəs sizin peyğəmbəriniz hanı? İsa haradadır?” Hindlilər iki cür cavab verirdilər. Sinifdən bir nəfəri göstərib deyirdilər: “Bax, bu adam bizim İsa Məsihimizdir” Və ya deyirdilər: “Bizim İsa Məsihimiz yoxdur. Bizə görə Tanrı öz oğlunu göndərməz, öz-özünə gəlir. Bizim məlumatlarımız bu şəkildədir”. Belə söhbətlər əsl dialoq olmur. Bu tip müzakirələr mənasız mübahisələrə çevrilir və real qarşılıqlı anlayışa gətirib çıxarmır. Ona görə də mən deyərdim ki, interkultural dialoq üçün bu şərtlər vacibdir: Güc bərabərliyi və qarşılıqlı hörmət bərabərliyi.  Mən qarşı tərəfə hörmət etməliyəm.

Əgər bu, yoxdursa, dialoq yerinə yetmir. Məsələn, Britaniya imperiyasının Hindistandakı dövrünü götürsək, o zaman britaniyalılar o qədər güclü və üstün idilər ki, yoxsul hindlilər onların qarşısında heç nə deyə bilmirdi. Bu səbəbdən də heç bir mədəniyyətlərarası dialoq mümkün olmurdu. Hindlilər dialoq tələb etməyə başlayanda, britaniyalılar onları ələ salırdı. Məsələn, hindlilər deyirdilər: “Bizim öz dinimiz var”. Britaniyalılar isə cavab verirdilər: “Yox, sizin dininiz yoxdur. Sizin dininiz cəfəng və bütpərəst xurafatdır”. Bu cür münasibətlər hindliləri o qədər kiçik və əzilmiş hiss etdirirdi ki, bir çoxu Hind dini ənənələrini xristianlığa uyğunlaşdırmağa çalışırdı, sanki, öz dinlərini xristianlığın əlavəsinə çevirmək istəyirdilər. Bu isə faciəli nəticələrə gətirib çıxarırdı.

Ona görə də mən deyirəm ki, mədəniyyətlərarası dialoq üçün üç əsas şərt vacibdir: Tərəflər arasında güc bərabərliyi, hörmət bərabərliyi və ən önəmlisi, həqiqi maraq, yəni siz qarşı tərəfin nə düşündüyünü səmimi şəkildə bilmək istəməlisiniz. Əgər siz maraqlı deyilsinizsə, sadəcə, formal və səthi müzakirələr aparırsınız. Amma əgər siz, doğrudan da, qarşınızdakı insanın mədəniyyətini, baxışlarını dərindən öyrənmək istəyirsinizsə, o zaman onunla birgə oturmalı, öyrənməli, suallar verməlisiniz – bax bu zaman əsl dialoq baş verir.

– Çox təşəkkür edirəm, dəyərli professor. İndi sözü həmkarım Elnur Qasımova verirəm.

– Salam, əziz professor. Sizi müsahibəmizdə görməkdən çox məmnunam. Sualım budur: Multikulturalizmə yönələn tənqidlərə münasibətiniz necədir? Bu tənqidlər arasında doğru hesab etdiyiniz məqamlar varmı?

– Baxın, mən əvvəl də dediyim kimi, hər şey multikulturalizmin necə başa düşülməsindən asılıdır. Əgər multikulturalizm bu deməkdirsə ki, “Mənim mədəniyyətim mənə məxsusdur, başqalarının onu müzakirə etməyə və ya tənqid etməyə haqqı yoxdur”, onda bu saxta bir yanaşmadır və mən bunu ciddi qəbul edə bilmərəm. Multikulturalizmi iki cür başa düşmək olar:

  1. “Hər kəs öz mədəniyyətində yaşasın, heç kəs başqasının mədəniyyətinə qiymət verməsin”, bu, qapalı və təcridedici yanaşmadır.
  2. “Mədəniyyətlər bir-birinə açıq olsun, qarşılıqlı ünsiyyət və öyrənmə baş versin” bu, inkişafa aparan yanaşmadır.

Mən deyərdim ki, ikinci anlamda başa düşülən multikulturalizm böyük üstünlüklərə malikdir, birinci anlayış isə sadəcə uzaqlaşdırıcı və nəticəsiz bir mövqedir.

– Dəyərli professor, mənim son sualım budur: Sizin “Siyasi nəzəriyyə və multikultural cəmiyyət” adlı bir məqaləniz var. Əgər icazə versəniz, bu məqaləni Azərbaycan dilinə tərcümə edə bilərikmi?

– Buyurun, məqaləni tərcümə edib istifadə edə bilərsiniz.
Hətta sizi maraqlandıran digər məqalələri də tərcümə etməkdə tam sərbəstsiniz.
Mən sizə tam icazə verirəm, müəlliflik hüquqları da sizindir, mən onlara iddia etmirəm. Onlar sizin kimi alimlər və tədqiqatçılar üçündür.
Beləliklə, sizə tam razılığımı verirəm.

Müsahibəyə görə sizə dərin təşəkkür edirik. Gələcəkdə sizi Azərbaycana dəvət edə bilərikmi?  Beynəlxalq konfrans, seminar və tədbirlərdə iştirak etməyinizi çox istərdik.

–  Əlbəttə! Çox təşəkkür edirəm.

– Rəşad İlyasov: Bu müsahibə Azərbaycanlı tədqiqatçılar üçün çox önəmli oldu. Ümid edirik ki, Dehli, London və ya Bakıda yenidən görüşəcəyik.

– Professor Bixu Parex: Təşəkkür edirəm. Uğurlar! Hər şey yaxşı olsun!

OXŞAR XƏBƏRLƏR