Bezdik sözün tozunu almaqdan… – Aqşin Yenisey

Daha.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

 

Bəzi suallar var ki, cavabını çoxdan yazmışam. Amma o vaxt sual ortada olmayıb deyə cavab önəmsiz görünüb. Cəmiyyətin əqli düşüncəsi də o səviyyədədir ki, gərək saqqızın orucu pozduğunu hər il yenidən söyləyəsən.

Bu gün Hüseyn Cavid və Mir Cəlalın əhvalatına aid yazdığım statusda hər iki şəxs mənim üçün iki anlayışı ifadə edirdi. Mədəniyyətin üzünü keçmişə və bu günə, gələcəyə çevirən iki anlayışı. Yazı mədəniyyətindən uzaq adamlar anlayışlarla düşünə bilmədiyi üçün söhbəti hərfi mənasıyla anladılar.

İzah edirəm.

Umberto Eko “Gündəlik həyatdan sənətə” kitabında yazır ki, orta əsrlərin alimləri belə düşünürdülər ki, onlar özlərindən heç nə yarada bilməzlər. Hər şeyi Avqustin, Aristotel kimi nəhənglər deyiblər. Onların işi sələflərinin yaratdıqlarını təqdir və təbliğ etməkdir. Bu düşüncə Dekarta qədər davam etdi. Dekart Avropa düşüncəsinin üzünü gələcəyə çevirdi. Ekonun orta əsrlər düşüncəsi dediyi bu köhnəpərəstlik bu gün bizim mədəniyyətin lokomotividir.

Xüsusilə gənclər akademik elitanın gəlir mənbəyi olan tədris proqramlarından kənara çıxıb müstəqil müəllif obrazı yaratmağa cəsarət etmirlər. Mütləq keçmişdə yazıb-yaratmış bir və bir neçə müəllifin arxasına sığınmalıdırlar ki, yazı adamı olduqlarını təsdiqləyə bilsinlər. Hətta Ramiz Rövşən kimi div şair də qorxusundan yazır ki, “mən sözün tozunu aldım”.

Mədəniyyətin yaradıcı gücü olduğu kimi, dağıdıcı gücü də var. Bir dəfə Mədəniyyət nazirliyinin məsul işçisinə dedim ki, siz mədəniyyətin dağıdıcı gücündən istifadə etməsəniz, ölkədə heç nə dəyişməyəcək. Hələ də küslüyük.

Mədəniyyət o vaxt inkişaf edir ki, orada köhnə bazara mütləq təzə nırx qoyanlar ortaya çıxır. O fikir kökündən yanlışdır ki, mədəniyyət ancaq keçmişdə baş verə bilərdi və baş verib. Daha bir yanlış düşüncə isə mədəniyyətdə baş verənlərin tarix üzərindən şərh olunması, mədəniyyəti tarixin bir xidmətçisi, qulluqçusu kimi görməkdir.

Mədəniyyət və tarix ayrı-ayrı proseslərdir, hətta bəzən bir-birinə zidd olan hadisələr axınıdır. Məsələn, cahil Avropa cəngavərləri zirehli geyimləri ilə xaçlı müharibələrinə hazırlaşanda Avropa aydınları humanizm düşüncəsinin ilk əsərlərini yaradırdılar. Dante özünəqədərki bütün tarixi doldurmuşdu öz “Cəhənnəm”inə. Keçmişi cəhənnəmə həbs etmişdi.

Bütün ictimai sərmayənin mədəniyyətin keçmişinə yatırılması bizə necə zərər verir? O cür zərər verir ki, SSRİ tarix olaraq rəsmən 1991-ci ildə dağılır, amma biz Ramiz Mehdiyevlə bu gün də mübarizə aparırıq. Niyə? Çünki arxasında ideoloji bir mədəniyyət var və ənənə bizi o mədəni keçmişə sadiq qalmağı əmr edir.

Bu yerdə illər əvvəl yazdığım bir neçə cümləni təkrarlayacağam:

“Müstəqil Azərbaycanın müstəmləkə Azərbaycanı qarşısında mədəni bir suçluluq kompleksi var. Sanki, müstəqil olduğu üçün peşman olub müstəmləkəçilikdən bağışlanmasını istəyir, üzrxahlıq edir.

Mədəniyyətimizi bu gün inkişafdan saxlayan da müstəmləkəçiliyə qarşı duyduğumuz bu üzrxahlıq ehtiyacıdır.

Azərbaycanın müstəqilliyi otuz ildir müstəmləkəçiliyin könlünü almaqla, azadlıq əldə etdiyi üçün ondan üzr istəməklə məşğuldur və müstəqilliyimiz müstəmləkəçiliyin onu bağışlamayacağından qorxur, ehiyat edir.

Azadlığımız əsarətimizin qarşısında aşkar bir gözükölgəlilik hiss edir və bu boynubüküklük bütün dünyadan görünür.
Bütün dünyadan görünür ki, müstəmləkəçiliyimiz nə buyurursa, müstəqilliyimiz qaça-qaça onu edir. Müstəqilliyimiz müstəmləkəçiliyimizin bir sözünü iki eləmək cəsarətinə sahib deyil.

Bu gün Azərbaycanda “mədəniyyət” kəlməsi dilə gələn kimi müstəqilliyimiz qaçıb gizlənir, ya da özümüz onu gözə görünməsin deyə şifonerə soxub ağzını bağlayırıq. Ən yaxşı halda müstəqilliyimiz ortalıqda özünü müstəmləkəçiliyin kənizi kimi aparır.

Müstəmləkəçilik bu gün müstəqil Azərbaycanda özünün ikonaları ilə təmsil olunur. Mədəniyyətimizin bütün sahələri bu ikonaların donuq simaları qarşısında oğlunu qurban kəsməyə hazır olan İbrahimin vəziyyətində dayanıb.

Kommunizm mənşəcə dini ideologiya idi; protestantlıqdan sonra ənənəvi xristianlığa qayıdış cəhdi də deyə bilərik. Kommunizmin daxili strukturunu yaradan utopik sosializm klassik xristianlığın kollektiv ruhu xoşbəxt edən cənnət vədini gerçəkləşdirmək iddiası idi. Kommunizm protestantlığın xristianın şüurunda boş qoyduğu o dünyadakı cənnətin yerini bu dünyadakı cənnətlə doldurmaq öhdəliyi kimi ortaya çıxmışdı.

Kommunizm kilsədə doğulmuşdu. İnsanlıqla allahın arasını eyhamlarla, ehkamlarla deyil, sərəncamlarla kəsən bir din olaraq düşünülmüşdü.

Və aydındır ki, özünün peyğəmbərlərini, kahinlərini, ikonalarını yaratmağa məcbur olacaqdı. Ancaq heç kimin kitab yazıb-oxuya bilmədiyi qədim dünyadan fərqli olaraq, hamının kitab yazıb-oxuduğu dünyada müqəddəsləşdirilimiş kommunist heyət əyalətdən mədəniyyətə deyil, mədəniyyətdən əyalətə yayılacaqdı. Kommunizm bir din olaraq mədəniyyətdən törəyəcəkdi, Çin dinləri kimi. (Kommunizmin Çində uğurunu təmin edən də budur, Çin dinləri ilə mənşəcə uyğun gəlməsi.)

 

Kommunizm özünün cənnəti kimi vəd etdiyi utopik sosializm xoşbəxtliyini yarada bilməsə də, bu cənnətin çarçıları olan peyğəmbərlərini, kahinlərini, ikonalarını yarada bildi və onları gecə-gündüz təbliğ edib avam xalqın şüuraltısına yeritməyi bacardı.
Bu gün Azərbaycanda müstəqilllik şüur hadisəsidir, müstəmləkəçilik şüuraltı. Bu gün mədəniyyətimizdə gedən mübarizə şüurumuzla şüuraltımız arasında gedir. Şüuraltımız şüurumuzu inkar edir, hədələyir, onda suçluluq, üzrxahlıq duyğusu yaradır.
Biz şüuraltı olaraq müstəmləkəçiliklə, müstəmləkəçiliyi təmsil edən ikonalarla bərabər hələ də həsrətində olduğumuz onun cənnətini də biryolluq itirəcəyimizdən qorxuruq.

Şüuraltında biz hələ azad xalq deyilik, hətta olmaq da istəmirik.

Bizə vəd olunmuş, həm də bu dünyada vəd olunmuş cənnəti itirmək qorxusudur müstəqilliyimizi müstəmləkəçiliyimizin kənizinə, köləsinə çevirən duyğu. Mədəniyyətimizin müstəmləkəçilik dövründə yaradılmış mədəni ikonalar qarşısında üzrxahlıq, suçluluq duyğusu hiss etməsinin səbəbi iradəmizə tabe olmayan şüuraltımızdan ötürülən bu dini instinktdir.

Azadlığımıza milli günahımız kimi baxırıq, bu kommunist ikonaların bizi bağışlaması üçün əlimizdən gələn hər şeyi edirik”.

Keçmişi yaşatmaq nə deməkdir? Onu öyrənmək və yad etmək. Amma biz keçmişi indinin və gələcəyin yerinə qoyuruq. Səhvimiz budur. Mir Cəlal öz dövrünün qadın şairələrindən yazanda Hüseyin Cavid Füzulidən yazmağı təklif etməklə eynən bu səhvə yol verir. Keçmişi indinin yerinə qoyur. İndinin yerinə qoyulan keçmiş isə daha sonra gələcəyin yerinə qoyulur.

Əziz-giramilər, keçmişi qorumaq başqa şeydir, yaşatmaq başqa şey. Siz keçmişi qorumursunuz, yaşadırsınız. Ona görə də özünüz yaşaya bilmirsiniz.
OXŞAR XƏBƏRLƏR