Alimlər ölümündən, təxminən, iki əsr sonra Lüdviq van Bethovenin əsl üzünü rəqəmsal şəkildə yenidən yaradıb.
Daha.az xəbər verir ki, Bethovenin üzünü Braziliyalı qrafik dizayneri Sisero Morais bərpa edib.
19-cu əsrin kəllə şəkilləri, toxuma qalınlığı məlumatları və süni intellektlə modelləşdirmə üsullarından istifadə edilən bu araşdırma Bethovenin tarixi portretlərdəki sərt ifadəsini təsdiqləyib.
Morais bu rəqəmsal üzü “təsirli və bir qədər qorxulu” olaraq xarakterizə edərək, bu araşdırmanın musiqi tarixinin ən nüfuzlu simalarından birinin şəxsiyyətinə və yaradıcı dühasına işıq tutduğunu bildirib.
Görüntüdən yeni məlaumatlar da əldə edilib. Belə ki, 2023-cü ildə “Current Biology” jurnalında dərc edilən bir DNT araşdırması Bethovenin həyatı boyu üzləşdiyi sağlamlıq problemləri ilə bağlı əhəmiyyətli məlumatlar vermişdi. Bəstəkara aid olduğu təsdiqlənən beş tükdən əldə edilən genetik analiz Bethovenin qaraciyər çatışmazlığından öldüyünü göstərir. Bu vəziyyətin xroniki alkoqol istehlakı, hepatit B infeksiyası və genetik meyl kimi amillərin birləşməsinin nəticəsi olduğu müəyyən edilmişdi.
Bundan əlavə, Bethoven 1821-ci ildə başlayan sarılıqdan əziyyət çəkirdi və bu simptomların qaraciyər xəstəliyinin xəbərçisi olduğu düşünülür.
Get-gedə eşitmə qabiliyyətini itirən dahi bəstəkar 40 yaşının ortalarında tamamilə kar olub.