Bayronun qızı Ada – rəqəmsal tarixin ikonası

Daha.az. Valter İsaksonun “İnnovatorlar” kitabından Bayronun qızı Ada haqqında olan bir hissəni təqdim edir.

Poetik elm

Ada Bayron 1833-cü ilin mayında, 17 yaşı olanda, İngilis Kral sarayına təqdim edilən gənc qızlar sırasındaydı. Əsəbi və azad təbiətli olduğu üçün ailəsi narahat idi ki, görəsən, sarayda özünü necə aparacaq. Amma anasının sonralar dediyinə görə, özünü “xeyli yaxşı”, tərbiyəli aparmışdı. Adanın o axşam tanış olduğu adamlar arasında açıq sözlü xarakterinə heyran qaldığı Vellinqton qrafı və “yaşlı bir meymun”a oxşatdığı fransız səfiri Taleyran da vardı.

Şair Lord Bayronun yeganə qanuni övladı olan Ada atasının romantik ruhunu miras almışdı. Anası ona riyaziyyat təhsili verməklə bu romantik tərəfi tarazlamağa çalışdı. Bu sintez Adanın “poetik elm” dediyi şeyə vurulmasına, rəqəmlərin sehri ilə üsyankar təxəyyülü birləşdirməsinə gətirib çıxardı. Atası da daxil olmaqla, xeyli adamın fikrincə, Romantik dövrün zərif həssaslıqları Sənaye İnqilabının gətirdiyi texnoloji həyəcanla düz gəlmirdi. Amma Ada bu iki dövrün qovuşağında olmaqdan məmnun idi.

Saray dəbdəbəsinin Adaya olan təsiri bir neçə həftə sonra başqa bir tədbirdə Çarlz Bebbic ilə tanışlığın yanında sönük qaldı. Qırx bir yaşlı dul Çarlz Bebbic riyaziyyat və elm dünyasında parlayan bir adam idi. Londonun parıltılı sosial mühitində böyük hörmət qazanmışdı. Anası bir rəfiqəsinə belə demişdi: “Ada çərşənbə günü baş tutan ziyafətdə heç bir məclisdə olmadığı qədər xoşbəxt idi. Orada bir neçə alimlə tanış oldu. Aralarında Çarlz Bebbic də vardı və Ada ona heyran oldu.”

Bebbicin təşkil etdiyi, qonaq sayının üç yüzə qədər çıxdığı həftəlik ziyafətlərdə quyruqlu pencəkləriylə lordlar, aşırmalı donlarıyla leydilər, yazıçılar, sənayeçilər, şairlər, aktyorlar, dövlət adamları, botaniklər və Bebbicin yaxın dostlarının tapdıqları terminlə desək, digər “elmçilər” toplaşırdılar. Tanınmış bir geoloqun sözləriylə desək, Bebbic alimləri bu cür yüksək mühitdə toplayaraq “elmin cəmiyyət mərtəbələrindəki həqiqi yerini nişan vermişdi”.

Bu ziyafətlərdə müxtəlif dəniz məhsulları, ət yeməkləri, ov təamları, ekzotik içkilər və soyuq desertlər təqdim olunur, rəqslər edilir, mahnılar oxunur, oyunlar oynanır, mühazirələr deyilirdi. Qadınlar məşhur tablolardakı kimi geyinərək həmin əsərləri canlandırırdılar. Astronomlar teleskoplarını qurur, tədqiqatçılar mexaniki və elektronik icadlarını nümayiş etdirirdilər; Bebbic icazə verirdi ki, qonaqlar onun mexaniki oyuncaqlarıyla oynasınlar. Bu ziyafətlərin əsas hadisəsi, Bebbicin qonaqları çağırmasının başlıca səbəbi isə onlara “Fərq Maşını”nın kiçik modelini göstərmək idi. Bu azman mexaniki hesablama mexanizmini qonşuluqda – yanğına dayanıqlı bir tikilinin içində saxlayırdı. Bebbic maşını böyük bir təntənə ilə təqdim edir, ona müxtəlif hesablamalar etdirirdi; dinləyicilər darıxmağa başlayanda isə maşına daxil edilən kodları dəyişdirir və patternlərin qəfildən necə çevrildiyini  göstərirdi. Xüsusi maraq göstərənlər isə həyətin o biri başına – əsl böyük maşının saxlandığı tikiliyə dəvət olunurdu.

Bebbicin polinom tənlikləri həll edən “Fərq Maşını” insanlara fərqli formada təsir edirdi. Vellinqton qrafı demişdi ki, bu maşın bir generala müharibəyə girməmişdən qabaq fərqli dəyişənlər arasında müqayisə aparmaqda yardımçı ola bilər. Adanın anası Leydi Bayron heyranlıqla bunun düşünən bir maşın olduğunu söyləmişdi. Sonralar məşhurlaşacaq “Qeydlər”ində “maşınların həqiqi mənada qətiyyən düşünə bilməyəcəklərini” yazan Adanın reaksiyasını isə oradakı bir rəfiqəsi belə nəql etmişdi:“Missis Bayron cavan olsa da, maşının necə işlədiyini başa düşmüş və bu icadın möhtəşəm gözəlliyini görmüşdü”.

Ada həm şeirə, həm də riyaziyyata bəslədiyi sevgiylə hesablama maşınındakı gözəlliyi anlamışdı. O, romantik elm dövrünün – icadlara və kəşflərə bəslənən lirik həvəs əsrinin bir nümayəndəsiydi. Riçard Holms “Möcüzələr əsri” kitabında yazırdı ki, bu dövr “elmi tədqiqatlara yaradıcı intensivlik və ehtiras gətirmişdi. İnsanların əksəriyyətində özünü kəşfə həsr etməklə bağlı intensiv, hətta dəlisov ortaq bir ideal vardı”.

Kəsəsi, indi içində yaşadığımız dövrdən çox da fərqli deyildi. Rəqəmsal İnqilabın gətirdiyi kompüter, mikro-çip və internet kimi yeniliklər bizim dünyamıza necə təsir etdisə, Sənaye İnqilabının buxar maşını, mexaniki toxuma dəzgahları və teleqraf kimi kəşfləri də XIX əsrə elə təsir göstərmişdi. Hər iki dövrün qabaqcılları da təxəyyülü, ehtirası və yeni texnologiyaları birləşdirənlər oldu. Adanın “poetik elm”ini formalaşdıran və XX əsr şairi Riçard Brotiqanın “maşınların sevgi dolu zərifliyi” dediyi məsələ elə bu sintez idi.

Valter İsakson
Valter İsakson

Lord Bayron

Ada poetik və üsyankar xarakterini atasından alsa da, maşınlara olan sevgisinin mənbəyi o deyildi. Hətta Lord Bayron maşınlaşmanın əleyhinəydi. 1812-ci ilin fevral ayında, iyirmi dörd yaşında olarkən o, Lordlar Palatasındakı ilk çıxışında toxuma dəzhahlarına müharibə elan edən Ned Ludun tərəfdarlarını müdafiə etmiş, sözügedən dəzgahları yandıranlara ölüm cəzası verilməsiylə bağlı qanunu parlamentdən keçirməyə çalışan Nottingemli fabrik sahiblərinə iynəli sözlər demişdi: “Bu maşınlar sizin üçün fürsət ola bilər. Fəhlələri işdən çıxarmaq üçün əlinizə yaxşı fürsət düşüb. Fəhlələr ac qalır, ölümün cənginə atılır. Ancaq işə baxın ki, işsiz qalan bu naşükürlər bəşəriyyətə bu qədər faydalı olan, özü də əsl sənət şedevri olan bu maşınlara görə sevinmək əvəzinə, cahil korluğu ilə özlərini bu yeniliyin qurbanı sayırlar”.  

Bayron iki həftə sonra Portuqaliya, Malta və Yunanıstan səyahətlərinin romantik xronikası olan “Çayld Haroldun həcc səyahəti” adlı epik şeirinin ilk iki kantosunu çap etdirdi. Sonralar belə deyəcəkdi: “Bir səhər oyandım və gördüm ki, məşhuram”. Gözəl, təsirli, kədərli, cinsi baxımdan macərapərəst bir tip kimi bu şeirin arxetipik obrazı da Bayronik idi. Bayron birdən London ədəbi mühitində ən axtarılan müəllifə çevrildi. Gündə üç ziyafətə çağrılırdı. Leydi Karolina Lambın təşkil etdiyi dəbdəbəli gündüz rəqsləri də bunların içindəydi.

Sonradan baş nazir seçilən güclü bir aristokratla evli Leydi Karolina dəlicəsinə Bayrona aşiq oldu. Bayron onun “çox sısqa” olduğunu düşünsə də, cinsi cazibəsindən və sehrindən təsirlənmişdi (Leydi Karolina qulluqçu kimi geyinməyi sevirdi). Təbəddülatlı münasibətləri bitəndən sonra belə qadın ondan əl çəkmədi. Sonradan dilə-dodağa düşən sözləriylə Bayronun “dəli, pis və təhlükəli” olduğunu demişdi. Həqiqətən də Bayron beləydi. Amma Karolina da ondan fərqli deyildi.

Leydi Karolinanın ziyafətində Bayron “daha sadə geyimli” dediyi başqa bir qadını yadında saxlamışdı. Annabel Milbenk 19 yaşındaydı və ailəsi varlı idi. Ziyafətdən bir gün əvvəl “Çayld Harold”u oxumuşdu, qarışıq hisslər içindəydi. “Dəbdəbəli üslubdan daha artığıdır,” – deyə yazmışdı. “Ən çox da duyğuların dərinliyindən bəhs edərkən mükəmməlləşir”. Bayronu ziyafət salonunda görəndə hissləri təhlükəli dərəcədə qarışıq idi. “Onunla tanış olmaq fikrində deyildim. Bütün qadınlar dəli kimi ətrafına yığışmışdılar və onun atmacalarından öz paylarını almaq istəyirdilər” – deyə yazmışdı anasına. “Mənim belə bir arzum yoxdur, amma təbii bir tanışlıq fürsəti ayağıma gəlsə, rədd etmərəm”.

Fürsət ayağına gəldi. Rəsmən tanış edildikdən sonra Bayran qərar verdi ki, ondan yaxşı həyat yoldaşı olar. Bu, Bayron üçün məntiqin romantizmə üstün gəldiyi nadir anlardan biriydi. Ehtiraslarını gücləndirmək yerinə ram edən və onu dəbdəbədən uzaq tutacaq qadına oxşayırdı. Və əlbəttə ki, borclarını ödəyəcək. Bir məktub yazıb soyuq bir evlənmə təklif etdi. Annabel isə həssas davranaraq bu təklifi rədd elədi. Bayron daha abırsız münasibətlərə yelkən açdı. Bunların arasında bacılığı (atabir, ana ayrı) Avqusta Li də vardı. Amma bir il sonra Annabel eşqbazlığını yenidən bərpa etdi. Bayron ehtiraslarını cilovlamağın və əməllicə batdığı borc bataqlığından xilas olmağın yollarını axtarırdı. Ehtimal daxilindəki bu münasibətdə romantizm yox, məntiq görürdü. Annabelin xalasına belə etiraf etdi: “Məni evlilikdən, özü də təcili evlilikdən başqa heç bir şey xilas edə bilməz. Əgər alınacaqsa, bacı qızınızı seçərəm, yoxsa üzümə tüpürməyəcək ilk qadınla evlənməliyəm”. Lord Bayronun romantik olmadığı dövrlər də vardı. Annabel ilə 1815-ci ilin yanvarında evləndilər.

Bayron evliliyə bayronik tərzdə başladı. Toy günü ilə bağlı belə yazdı: “Leydi Bayrona şam yeməyindən qabaq divanda sahib oldum”. İki ay sonra bacılığıgilə qonaq gedəndə münasibətləri hələ aktiv idi, çünki Annabella o ərəfələr hamilə idi. Annabel şübhələndi ki, ərinin Avqusta ilə münasibəti bacı-qardaşlıqdan o yanadır. Xüsusilə Bayron divanda uzanıb ikisindən də sırayla onu öpmələrini istəyəndə. Evlilik çat verməyə başlamışdı.

Lord Bayron Annabelin riyaziyyat təhsilinə rişxənd eləyirdi. Eşqbazlıq etdikləri dövrdə rəqəmlərin dəqiqliyini vecinə almamaqla bağlı zarafatlar edirdi. Belə yazmışdı: “İki üstəgəl ikinin dörd elədiyini bilirəm. Bunu isbat edə bilsəm, lap xoşbəxt olardım. Amma bir metod tapıb iki üstəgəl ikidən beş düzəldə bilsəm, sevincdən uçardım”. Əvvəl-əvvəl Annabeli “Pareleloqram Şahzadəsi” deyərək əzizləyirdi. Amma evlilikləri pisləşməyə başlayanda bu riyazi obrazı bir az daha dəqiqləşdirdi: “Biz yanaşı gedən, amma heç vaxt kəsişməyəcək iki paralel xəttik”. Sonralar “Don Juan” şeirinin ilk qitəsində onu belə lağa qoyacaqdı: “Ən sevdiyi elm riyaziyyat idi… O, yeriyən bir hesablama əməliyyatı idi.”

10 dekabr 1815-ci ildə qızlarının anadan olması da evliliklərini xilas etmədi. Qıza Avqusta Ada Bayron adını qoydular. İlk adı Bayronun çox sevdiyi bacılığının adı idi. Leydi Bayron ərinin sədaqətsizliyindən əmin olandan sonra qızını ikinci adıyla çağırmağa başladı. Beş həftə sonra da əşyalarını bir at arabasına yükləyib çağasıyla birlikdə ailəsinin yanına qayıtdı.

Ada bir də atasını görmədi. Lord Bayron da o ilin aprel ayında, Leydi Bayron gedəndən sonra ölkəni tərk elədi. Leydi Bayron ərinin ona qoşduğu “Riyazi Medeya” ləqəbinə layiq şəkildə yazdığı dəqiq məktublarında Lord Bayronu insest və homoseksual münasibətlərini el-obaya yaymaqla təhdid edərək qızının vəlayətini tamamilə alaraq ondan ayrıldı.

Lord Bayron bir neçə həftə sonra “Çayld Harold”un üçüncü kantosunda Adanı ilham pərisini kimi təsvir etdi:

Gözəl balam! Ananamı çoxdur sənin bənzərin?
Ada! Mənim həm evimin, həm könlümün bircəsi!
Son görüşdə gülümsədi kiçik mavi gözlərin,
Sonra isə tutdu bizi ayrılığın gecəsi…

Bayron bu sətirləri şair Persi Şelli və onun gələcəkdəki arvadı Meri ilə birlikdə qaldığı Cenevrə gölü sahilindəki bir villada yazdı. Fasiləsiz yağış yağırdı. Günlər boyu evdə qalmalı oldular, Bayron təklif elədi ki, qorxu hekayələri yazaq. Bayronun yazdığı vampirli hekayə parçası nə qədər bu mövzudakı ilk ədəbi işlərdən sayılsa da, əsasən Merinin yazdığı klassikaya çevriləcəkdi: “Frankenştayn və ya Çağdaş Prometey”. Gildən insan yaradan və tanrılardan atəşi oğurlayaraq insanlara verən antik yunan qəhrəmanı Prometey əfsanəsinə əsasən yazılan Frankenştayn, bədən üzvlərini birləşdirərək düşünən canlı insan yaradan bir alimdən bəhs edirdi. Bu, texnologiya və elmlə bağlı xəbərdarlıq tonunda bir əsər idi. Əsər Adanın sonralar düşündüyü bir suala cavab axtarırdı: İnsanın yaratdığı maşınlar həqiqətən düşünə bilərmi?

“Çayld Harold”un üçüncü kantosu Annabelin qızını atasız böyüdəcəyi ilə bağlı proqnozla bitirdi, elə də oldu. Evlərində Lord Bayronun bir portreti vardı, amma Leydi Bayron onu həmişə gizlətdi, Ada iyirmi yaşına çatana qədər o portreti görmədi.

Ancaq Lord Bayron hara gedir-getsin Adanın bir şəklini özüylə gəzdirdi. Adanın yeddi yaşı olanda Bayron Avqustaya belə yazdı: “Kaş Leydi B-dən Ada haqqında nəsə öyrənə biləsən. Fantaziyası güclüdür? İstəklidir? Kaş tanrılar ona poetik olandan başqa hər şeyi nəsib etsin. Bir ailəyə bir dəli bəs edər”. Leydi Bayron cavab kimi yazmışdı ki, qızı fantaziyasını “mexaniki bacarıqları üçün” istifadə edir.

O ərəfədə İtaliyada gəzən, yazan, hər cür münasibətə girən Bayron bezib darıxdı və Osmanlı İmperiyasına qarşı müstəqillik mübarizəsi aparan yunanlara qoşuldu. Gəmiylə Mesolongiyə getdi və orada bir türk qalasına hücuma etməyə hazırlaşan üsyan ordusuna qatıldı. Amma müharibəyə girməyə fürsət tapmamış ağır soyuqdəymə keçirdi. Həkimin çirkli qanı axıtma metodu pis nəticə verdi, halı lap pisləşdi. 19 aprel, 1824-cü ildə öldü. Qulluqçusunun dediklərinə inansaq, son sözləri beləydi: “Ah, mənim zavallı sevgili balam! Sevgili Adam! Tanrım, kaş onu görə biləydim. Ona xeyir-duamı çatdırın”.

 

ADA     

Leydi Bayron qızının ata yoluyla getməyəcəyindən əmin olmaq istəyirdi. Strategiyasının bir hissəsi kimi ona poetik fantaziyanın anti-virusu saydığı ciddi riyaziyyat təhsili verdi. Ada beş yaşında coğrafiyaya da maraq göstərməyə başlayanda Leydi Bayron bu dərslərin yerinə əlavə arifmetika dərslərinin də keçilməsini əmr etdi. Mürəbiyyəsi qısa müddətdən sonra qürurla dedi ki, qız beş və altı mərtəbəli rəqəmləri rahatca toplaya bilir. Bu cəhdlərə baxmayaraq, Ada atasına bənzər meyillər göstərirdi. Hələ ərgənlik yaşında müəllimlərindən biriylə münasibətə girdi. İşin üstü açılanda müəllim qovuldu, Ada onunla birlikdə olmaq üçün evdən qaçmağa cəhd etdi. Üstəlik, coşğunluqla ümidsizlik arasında gedib-gəlməyinə səbəb olan qəfil ovqat dəyişiklikləri olurdu. Həm fiziki, həm psixoloji xeyli problemi oldu.

Ada anasının bayronik meyilləri cilovlamaq adına riyaziyyata baş vurmaq fikrini qəbul etdi. Müəllimi ilə yaşadığı təhlükəli münasibətdən sonra və Bebbicin “Fərq Maşını”ndan aldığı ilhamla, on səkkiz yaşında öz-özünə bir silsilə yeni dərsə başlamaq qərarını verdi. Yeni müəlliminə belə yazdı: “Öz zövqlərim üçün yaşamaqdan əl çəkməliyəm. Anladım ki, fantaziyamın yoldan çıxmasını bircə elmi mövzu ilə yaxından və intensiv şəkildə məşğul olmaqla cilovlaya bilirəm… Mənə elə gəlir ki, əvvəlcə riyaziyyat dərslərinə başlamaq lazımdır”. Müəllim bu resepti qəbul etdi: “Haqlısan ki, əsas qaynaq və xilaskar ciddi intellektual təhsildir. Niyyətin budursa, heç nə riyaziyyatla müqayisə oluna bilməz”. Reseptinə Evklid həndəsəsi, sonra isə bir az da triqonometriya və arifmetika əlavə etdi. Bu müalicənin hədsiz bədii və romantik tərəfləri olan hamıda nəticə verəcəyində həmfikir idilər.

Adanın texnologiyaya marağı anasının onu İngiltərənin mərkəzi bölgələrində yeni qurulan fabrikləri və maşınları görmək üçün apardığı gəzintidən sonra xeyli alovlandı. Ada xüsusilə deşikli kartlardan istifadə etməklə qumaşın əvvəlcədən müəyyənləşdirilən şəkildə çıxmasına imkan yaradan avtomatik toxuma dəzgahından təsirlənmişdi. Necə işlədiyini vizuallaşdıran bir eskiz çəkdi. Atası texnologiyanın bəşəriyyətə gətirəcəklərindən qorxmuş, Lordlar Palatasındakı məşhur çıxışında toxuma dəzgahlarını sındıran maşın əleyhdarlarını müdafiə etmişdi. Amma Ada maşınlara get-gedə daha poetik gözlə baxdı və onlarla bir gün kompüter olacaq şey arasındakı əlaqəni gördü. “Bu maşın mənə Bebbici və onun bütün maşınların cövhəri olan maşınını xatırlatdı”, – deyə yazdı.

Adanın tətbiqi elmə olan marağı Britaniyanın ən məşhur qadın riyaziyyatçısı və alimlərindən biri Meri Somervil ilə tanış olmasıyla daha da artdı. Somervil böyük əsərlərindən sayılan “Fiziki elmlərin əlaqəsi haqqında” adlı astronomiya, optika, elektrik, kimya, fizika və geologiyadakı kəşfləri ümumiləşdirən kitabını təzəcə bitirmişdi. Kəşflərə bütöv şəkildə baxmağa çalışan kitab çox vacib bir baxış bucağı təklif edirdi. Birinci cümləsindən iddialı idi: “Çağdaş elmdəki, xüsusilə son beş ildəki inkişaf təbiət qanunlarının sadələşdirməsi və müxtəlif şaxələri ümumi prinsip ətrafında birləşdirməsi baxımından çox effektiv oldu”.

Somervil Adaya həm dost, həm müəllim, həm ilham qaynağı, həm də yol göstərən oldu. Ada ilə mütəmadi görüşdü, ona riyaziyyat kitabları göndərdi, həll etməsi üçün problemlər hazırladı, səbrlə düzgün cavabları izah etdi. O, eyni zamanda, Bebbicin də yaxın dostu idi. 1834-cü ilin payızında Ada ilə birlikdə tez-tez Bebbicin şənbə məclislərində iştirak edirdilər. Somervilin oğlu Voronsov Qreq Kembricdəki keçmiş sinif yoldaşlarından birinə Adanın yaxşı (ən azı maraqlı) bir həyat yoldaşı olacağını deyərək evlənmək istəyinə yardımçı oldu.

Vilyam Kinqin sosial çevrəsi və maddi vəziyyəti yaxşı idi, çox da ağıllı idi. Adanın əksinə, lal-dinməz bir adam idi. Ada kimi elm sevdalısı idi, amma poetik yox, praktik idi. Ən çox maraqlandığı sahələr əkinlərin rotasiyası və heyvandarlıqdakı istehsal texnikasındakı inkişaf idi. Ada ilə tanış olandan bir neçə həftə sonra ona evlilik təklif etdi, Ada qəbul etdi. Anası ancaq bir psixiatrın düşünə biləcəyi dərinlikdə səbəblərlə qərar verdi ki, Adanın müəllimi ilə qaçmaq təşəbbüsünü Vilyama demək lazımdır. Vilyam eşitdiklərinə baxmayaraq, evlənmək qərarından geri çəkilmədi və onlar 1835-ci ilin iyununda evləndilər. Leydi Bayron qızına məktubunda belə yazdı: “Bağışlayan Tanrı böyük mərhəmətilə sənə təhlükəli yollardan qayıtmaq üçün fürsət, dost və qoruyucu verdi”. Və əlavə etdi ki, bunu qəribəliklərə, kaprizlərə və şıltaqlıqlara əlvida demək üçün fürsət saymalısan.

Bu, hesab-kitab evliliyi idi. Adaya daha nizamlı və ayağı yerə dəyən həyat vəd edirdi, ən vacibi anasının kölgəsindən çıxmaq şansı. Vilyam üçün isə zəngin və məşhur bir ailədən gələn, cazibədar, qeyri-adi bir qadınla evlənmək fürsəti.

Leydi Bayronun əmisiuşağı Vikont Melburn (rəhmətlik Leydi Karolina Lamb ilə evlənmək bəxtsizliyinə düçar olan) baş nazir olmuşdu və kraliça Viktoriyanın şərəf siyahısına Vilyamı saldı, onun Lavleys qrafı olmasını təşkil elədi. Arvadı Ada da Lavleys qrafinyası oldu. Beləcə, bundan sonra Ada Lavleys və ya Leydi Lavleys olaraq çağrıldı. Daha çox isə Ada Lavleys kimi tanındı.

1835-ilin yeni ilində Adaya anasından bir hədiyyə gəldi: atasının böyük portreti. Tomas Filipin çəkdiyi rəsmdə Lord Bayron romantik şəkildə üfüqə baxarkən, ənənəvi alban paltarları olan qırmızı pencək, mərasim qılıncı və başlığı ilə təsvir edilmişdi. Bu rəsmlər əsrlər boyunca Adan nənəsi və ulu nənəsinin evindəki divar sobasının üstündə asılı durmuş, amma anası ilə atası ayrılandan sonra üstü yaşıl parça ilə örtülmüşdü. İndi isə Adanın rəsmi təkcə görməsinə yox, ona sahib olmasına icazə verilmişdi. Üstəlik, atasının qələmini və yazı dəstini də göndərmişdi.

Lavleys ailəsinin ilk övladları dünyaya gələndə anası daha heyrətamiz bir şey etdi. Ərinin xatirəsini rədd etsə də, Adadan xahiş etdi ki, uşağa Bayron adı qoysun. Ada da razı oldu. Növbəti il Adanın bir qızı oldu. Ona da anasının adı qoydu. Ada sonra anlaşılmaz bir xəstəlik ucbatından aylarca yataqda qaldı. Yaxşılaşandan sonra üçüncü uşağı oldu. Ona da Ralf adını verdilər, amma Adanın sağlamlığı hələ də get-gəlliydi. Həzm və nəfəs darlığı problemləri vardı. Davamlı şəkildə opium, morfi və fərqli növ tiryəklərdən istifadə edirdi. Bu da ruhi vəziyyətindəki ani dəyişikliklərə və arabir hallüsinasiya görməyinə səbəb olurdu.

Ada hətta Bayron ailəsi üçün belə ağlasığmaz olan bir sensasiya ilə sarsıldı. Söhbət Bayronun vaxtilə sevgi münasibətində olduğu bacılığı Avqustanın qızı Medora Li idi. Dedi-qodulara görə, Medora Bayronun qızıydı. Ailədəki qaranlıq məqamları göstərmək üçün bacısının  əriylə münasibətə girib yasaq meyvəsini dünyaya gətirmək üçün Parisə getmişdi. Leydi Bayron böyüklük göstərərək Fransaya getdi və Medoranı xilas etdi. Sonra da Adaya atasının insest hekayəsini danışdı.

Bu “qəribə və tükləri biz-biz edən” hekayə, elə bil, Adanı təəccübləndirməmişdi. “Qəti heyrətlənmədim, – deyə yazdı anasına. – Sadəcə, neçə illərdir eşitdiyim şayiəni təsdiqləmiş oldun”. Qəzəblənmək əvəzinə güclənmiş kimiydi. İzah etdi ki, atası heç bir avtoritet tanımırmış. Onun “yanlış istifadə edilmiş dühasına” istinadən anasına belə dedi: “Dühasından mənə bircə damcı belə keçibsə, bunu böyük həqiqətləri və prinsipləri ortaya çıxarmaq üçün istifadə edəcəyəm. Məncə, mənə belə bir vəzifə miras qoyub. İçimdə bununla bağlı çox güclü bir hiss var və bu mənə böyük ləzzət verir”.

Ada yenidən özünə gəlmək üçün riyaziyyata yönəldi. Bebbici razı salmağa çalışdı ki, müəllimi olsun. “Qəribə bir öyrənmək metodum var. Mənə ən uğurlu şəkildə təhsil verəcək adam qəribə olmalıdır”. – deyə yazdı. Ya tiryək, ya da boya-başa çatmaq tərzi, bəlkə də, hər ikisinə görə, öz istedadlarını şişirtməyə və özünü dahi kimi görməyə başladı.

“Elə bilməyin ki, özündən razının biriyəm, amma bu cür məşğuliyyətlərdə ürəyimcə olan ən son nöqtəyə qədər gedə biləcək gücümün olduğuna inanıram. Bundan zövq alıram; bəlkə də, buna təşnəlik deməliyəm. Hətta bu barədə bir az dühaya sahib olub-olmadığımı da özümdən soruşuram”.

Bebbic işini ağıllı tutub Adanı başqa adama yönləndirdi. Beləliklə, həm daha vacib bir əməkdaşlıq üçün dostluqlarını qorumuş oldular, həm də Ada yüksək səviyyəli bir riyaziyyat müəllimi tapmış oldu: simvolik məntiq sahəsində qabaqcıl, səbirli bir cənab olan Avqustus De Morqan. O, Ada üçün sonralar çox vacib olacaq bir konsept irəli sürmüşdü. Cəbr tənlikləri rəqəmlərdən başqa şeylərə də tətbiq oluna bilərdi. Simvollar arasındakı əlaqələr (məsələn, a+b=b+a), riyazi olmayan şeylərə də tətbiq edilərək müəyyən bir məntiq əmələ gətirə bilərdi.

Ada onu çox yüksək mərtəbəyə çıxarmağa çalışanların iddia etdiyi kimi riyaziyyatçı deyildi. Amma həvəsli tələbəydi və kalkulasiyanın əsas anlayışlarını başa düşürdü. Sənətə olan meylinə görə tənliklərlə ifadə edilən əyriləri gözündə canlandırmağı sevirdi. De Morqan onu tənliklərin üstündə işləyərək qaydalara köklənməkdə cəsarətləndirməyə çalışsa da o, bunların özülündəki anlayışları müzakirə etməyə daha çox istəkliydi. Eynilə, həndəsədəki suallarda da vizuallaşdırmağa yönəlirdi.

Adanın riyaziyyatdakı gözəlliyi təqdir etməsi, özünə intellektual deyənlər də daxil olmaqla, xeyli adama təsir etdi. O, riyaziyyatın kainatdakı ahəngi təsvir edən və bəzən poetik olan gözəl bir dil olduğunu görmüşdü. Anasının cəhdlərinə baxmayaraq, atasının qızıydı Ada. O, bir tənliyi təbiətin fiziki möhtəşəmliyini rəsmə çevirən bir fırça zərbəsi kimi görən poetik həssaslıq yiyəsiydi. Eynilə “şərab tündlüyündə dəniz” və ya “gecə kimi gözəllik içində yeriyən” bir qadını gözündə canlandırdığı kimi… Amma riyaziyyatın cazibəsi daha dərin idi. Ruhani idi. “Riyaziyyat elə bir dildir ki, təbiətin möhtəşəm həqiqətlərini ancaq onunla tam ifadə edə bilərik” – demişdi. Onun fikrincə, riyaziyyat yaradılışı anlamağa kömək edən “qarşılıqlı münasibətlərdəki inkişafı” təsvir edirdi. “Riyaziyyat elə bir vasitədir ki, zəif insan ağlı Yaradanın əsərini ən təsirli şəkildə başa düşür.”

Təxəyyülü elmə tətbiq etmək istedadı həm sənaye, həm də kompüter inqilabının fərqləndirici xüsusiyyəti idi və Ada bunların müqəddəsi mərtəbəsinə yüksələcəkdi. Bebbicin dediyinə görə, atasından gələn istedadıyla şeir ilə analiz arasındakı əlaqəni başa düşə bilirdi. “Atamın heç vaxt mənim analist olduğum kimi bir şair olduğuna (ya da ola biləcəyinə) inanmıram. Bu ikisi mənim üçün bir-birindən ayrılmaz şəkildə bağlıdır”.

Anasına yazmışdı ki, riyaziyyata qayıtmaq yaradıcılığını hədsiz məhsuldar edib: “Riyaziyyat təxəyyülümü elə inkişaf etdirdi ki yaradıcılığa davam eləsəm, şübhəsiz bir müddət sonra şair olacam”. Fantaziya anlayışı, xüsusilə onun texnologiyaya tətbiqi ilə çox maraqlanırdı. 1841-ci ildə yazdığı bir essedə “Fantaziya nədir?” deyə soruşurdu. “Birləşdirmə bacarığıdır. Əşyanı, həqiqətləri, fikirləri, yeni, orijinal, sonsuz və hər cür kombinasiyada bir yerə gətirməkdir. Ətrafımızdakı görünməyən dünyaların və elmin dünyasının içini görməyimizə imkan yaradan şeydir”.

O vaxtlar Ada “gizli şeyləri fəhmlə hissetmə” şəklində adlandırdığı məxsusi, hətta fövqəltəbii bir gücü olduğuna inanırdı. Bu cür böyük bacarıqlara sahib olduğunu düşünməsi Viktoriya dövründəki aristokrat qadınlarda, eləcə də analarda olması qeyri-mümkün olan istəklərin yaranmasına və onların dalınca getməsinə səbəb oldu. Anasına 1841-ci ildə yazdığı bir məktubda bunu belə ifadə etmişdi: “İstedadlarım elə bir kombinasiyada birləşir ki, təbiətin gizli həqiqətlərini ən yuxarı şəkildə kəşf etməyimə yarayır. Kainatın hər küncündən vahid bir fokus nöqtəsinə şüalar göndərə bilərəm.”

Ada Çarlz Bebbicin ilk dəfə səkkiz il qabaqkı dəvətlərinə yenidən getməyə başlamağa qərar verəndə də bu cür düşüncələr içindəydi.

Çarlz Bebbic və maşınları

Bebbicin kiçik yaşlarından etibarən insanların işlərini görəcək maşınlara marağı vardı. Uşaqlıqda anası onu 1800-cü illərin əvvəllərində Londonda qəfildən geniş yayılan muzeylərə və sərgi salonlarına aparmışdı. Hanover meydanındakı bir salonun sahibi olan Merlin adlı bir adam onu mansarddakı emalatxanasına dəvət etmişdi. Emalatxanada “avtomat” adıyla tanınan müxtəlif mexaniki oyuncaq kuklalar vardı. Bunlardan biri qolları zərifliklə hərəkət edən 30 sm ölçüsündə gümüş rəqqasə idi. Üstəlik, bir əlində tutduğu quş lələyini yelləyə, qanad çala, dimdiyini yumub-aça bilirdi. Uşaq gümüş rəqqasənin hisslərini və xarakterik cəhətlərini ifadə etməsindən çox təsirlənmişdi. “Gözləri fantaziya ilə dolu idi” – dediyi bu gümüşü rəqqasəni illər sonra bir hərrəcda satın aldı. Gümüş rəqqasə texnologiyanın möcüzələrini qeyd etdikləri ziyafətlərin əyləncəsinə çevrildi.

Kembric Universitetində oxuyarkən içində Con Herşel və Corc Pikokun da olduğu, riyaziyyatın tədris formasından narazı olan bir qrupla tanış oldu. “Analitik dərnəyi” adında bir klub yaratdılar. Dərnək universitetin məzunlarından olan Nyutonun tapdığı kalkulyator simvolunun atılması və onun yerinə Leybnitsin tapdığı dxdy simvollarının (qısaca, d notasiyası) istifadə edilməsiylə bağlı bir kampaniya başlatdılar. Bebbic “Universitetin Köhnə Nöqtəvi Anlayışı Əleyhinə Saf D-çiliyin Prinsipləri” adlı bir manifest yazdı.

Bebbic bir gün “Analitik Dərnəyin” otağında ziddiyyətlərlə dolu bir alqoritm üzərində işləyərkən,  Herşel nə fikirləşdiyini soruşdu. Bebbic belə cavab verdi: “Tanrıdan bu hesabları həll edəcək bir buxar maşını diləyirəm”. Onun alqoritmləri mexaniki şəkildə cədvəlləşdirmək fikrinə Herşel “Bu, mümkündür” – dedi. 1821-ci ildə Bebbicin ağlında artıq belə bir maşın yaratmaq vardı.

Hesablama aparan mexanizmlər yaratmaq işiylə illər içində xeyli adam maraqlanmışdı. 1640-cı illərdə fransız riyaziyyatçı və filosof Blez Paskal vergi müfəttişi atasının məsuliyyətini azaltmaq üçün mexaniki bir hesab maşını düzəltmişdi. Maşının 0-dan 9-a qədər xanaları olan metal təkərləri vardı. Fırladaraq nömrəsi yığılan köhnə telefonlardakı kimi toplamaq və çıxılmaq istənən rəqəmlər çevrilirdi. Patenti alınan və satılan ilk hesab maşını idi.

Otuz il sonra, alman riyaziyyatçı və filosof Qotfrid Leybnits, Paskalın mexanizmini “mərhələli bloklar” ilə inkişaf etdirərək vurma və bölmə funksiyalarını da əlavə etdi. Ədəd təkərlərini çarxlar vasitəsilə fırladan və əllə çevirən bir silindr vardı. Amma Leybnits rəqəmsal əsrdə də təkrarlanan bir problemlə qarşılaşdı. Elmi nəzəriyyələri mexaniki dühasıyla birləşdirən bacarıqlı bir mühəndis olan Paskalın əksinə, Leybnitsin mühəndislik bacarıqları məhdud idi və ətrafında bu xüsusiyyətlərə sahib adamlar yox idi. Beləcə, praktik məsləkdaşları olmayan xeyli böyük nəzəriyyəçi kimi öz maşınının fərqli xüsusiyyətlərlə işləyən modelləri istehsal edə bilmədi. Yenə də “Leybnits təkəri” olaraq tanınan konsept Bebbicin dövrünə qədər hesablama maşını yaradanlara təsir etdi.

Bebbicin Paskal və Leybnitsin maşınlarından xəbəri vardı, amma daha mürəkkəb bir şey düzəltməyə çalışırdı. Loqarifmləri, sinus, kosinus və tangensləri hesablayacaq bir mexanizm yaratmağa çalışırdı. Bunun üçün fransız riyaziyyatçı  Qaspar de Proninin 1790-cı ildə irəli sürdüyü bir fikri tətbiq etdi. Proni loqarifm və triqonometriya hesablamalarını toplama və çıxma əməliyyatlarından ibarət sadə hala gətirmişdi. Beləcə, çox az riyaziyyat biliyinə sahib işçilər asan təlimatlara əsasən hesablama aparır, tapdıqları nəticələri növbəti qrupdakılara ötürürdü. Başqa cür desək, Adam Smitin bir iynə fabrikindəki iş bölgüsü təyininə əsasən analiz etdiyi konveyer fikrini hesablamaya tətbiq etmişdi. Proninin metodunu eşitdikdən sonra Parisə gedən Bebbic, “Birdən birə baş sındırdığım o azman işə eyni metodla yanaşmağın mümkünlüyünü və iynə kimi alqoritm də istehsal edə biləcəyimi başa  düşdüm”. – dedi.

Bebbic mürəkkəb riyaziyyat problemlərinin belə sadə toplama və çıxma əməliyyatlarının istifadə edildiyi “sonlu fərqlər” ilə addımlara bölünə biləcəyini başa düşmüşdü. Məsələn, kvadrat cədvəli düzəltmək üçün (12, 22, 32, 42 və s.) ilk rəqəmləri belə bir sırayla siyahıya ala bilərik: 1, 4, 9, 16… Bu, A sütunu olsun. Onun yanında B sütununa bu rəqəmlərin arasındakı fərqləri yazın: 3, 5, 7, 9… C sütununa da B sütunundakı rəqəmlərin fərqlərini yazaq: 2,2, 2,2… Bu prosesi belə sadə hala gətirdikdən sonra tərsinə də çevirə, təhsilsiz işçilər arasında bölüşdürə bilərik. Bir nəfər B sütunundakı son rəqəmə 2 əlavə etmə vəzifəsində məsul olur, sonra tapdığı nəticəni yanındakına ötürür. O da nəticəni A sütunundakı son rəqəmə əlavə edir və beləcə kvadrat cədvəlində olan növbəti sayı tapır.

Bebbic bu prosesi mexaniki hala gətirməyin bir yolunu da tapdı və buna Fərq Maşını adını verdi. Bu maşın hər cür polinomial funksiyanı hesablaya bilir və differensial tənliklərdə təxminən bir say nəticəsi tapa bilirdi.

Fərq Maşını necə işləyirdi bəs? Fərq Maşınında hər hansı bir rəqəmə dönə bilən disklər və onlara bağlı şaquli millər vardı. Bu millər o sayı yandakı diskdəki sayla toplayacaq (və ya çıxaracaq) dişlilərə bağlıydı. Hətta mexanizm ara nəticəni başqa bir mildə saxlaya bilirdi. Ən böyük mürəkkəblik, bizim qələmlə 36+19 və ya 42-17-ni hesablayarkən etdiyimiz kimi, lazım olanda əldələrin necə danışanacağı idi. Paskalın maşınından ilham alan Bebbic, dişlilər və millər sayəsində bu işin də öhdəsindən gələn dahiyanə mexanizmlər qurdu.

Maşın nəzəriyyədə fövqaladə idi. Hətta Bebbic 10 milyona qədər sadə ədəd cədvəli tərtib etməyin bir yolunu tapdı. İngilis hökuməti çox təsirlənmişdi. Ən azı ilkin mərhələdə… 1823-ci ildə verdiyi 1700 sterlin on il boyunca 17 min sterlin oldu. Bu bir müharibə gəmisinin xərcinin iki qatıydı. Amma layihənin iki yekunu vardı. Birincisi, Bebbic və yanında işləyən mühəndis maşını işlək hala gətirəcək qədər istedadlı deyildi. İkincisi, Bebbic daha yaxşı bir şey təsəvvür etməyə başlamışdı.

Bebbicin 1834-cü ildə tapdığı yeni fikir verilən fərqli proqramlara görə fərqli əməliyyatlar edəcək ümumi bir kompüter idi. Bir işi yerinə yetirdikdən sonra digərini keçə biləcəkdi. Hətta öz özünə bir işdən o birinə keçə biləcək, Bebbicin deyimiylə, “hərəkət nizamını” dəyişdirə biləcəkdi. Bebbic maşının adını Analitik Maşın qoydu. Zamanının yüz il irəlisindəydi.

Analitik Maşın, Ada Lavleysin təxəyyül gücüylə bağlı essesində “birləşdirmə bacarığı” dediyi şeyin məhsulu idi. Bebbic digər sahələrdəki yenilikləri bir yerə gətirmişdi. Əvvəlcə millərin necə fırlanacağını yoxlamaq üçün mismarlı metal bir tamburdan istifadə edib, amma sonradan eynilə Ada kimi o da Cozef-Meri Jakar adlı fransızın 1801-ci ildə ipək toxuma sənayesində inqilab yaradan avtomatik toxuma dəzgahını analiz etmiş və fikrini dəyişdirmişdi. Bu dəzgahlarda çəngəllər seçilmiş çözgüləri çəngəllərlə yuxarı qaldırır, sonra bir çubuq çarpaz iplikləri altdan itələyirdi. Jakar prosesi nəzarətdə saxlamaq üçün deşik-deşik kartlardan istifadə etdiyi bir metod icad etmişdi. Deşiklər toxuma əməliyyatının hər keçidində hansı çəngəllərin və çubuqların hərəkətə keçəcəyini müəyyənləşdirir və mürəkkəb patternləri avtomatlaşdırırdı. İpliyin hər yeni keçidi üçün yeni bir dəlikli kart işə düşürdü.

30 iyun 1836-ci ildə Bebbic “Qaralama dəftəri”nə yeni bir başlıq əlavə etdi. Bu, kompüterlərin eramızdan əvvəli kimi bir mərhələ idi. “Tamburlar əvəzinə Jakarın toxuma dəzgahından istifadə etməyi düşündüm”. Dəmir tamburlar yerinə dəlikli kartlardan istifadə etmək sonsuz sayda təlimatın yüklənməsi demək idi. Üstəlik, təlimat sırasını dəyişdirmək olardı. Bu da çox məqsədli və yenidən proqramlanması mümkün bir maşın dizayn etməyi asanlaşdırırdı.

Bebbic, Jakarın bir portretini aldı və dəvətlərində sərgiləməyə başladı. Alim bir stulda oturub və dördbucaq şəklindəki dəlikli kartların üstündə bir pərgar tutub. Arxa planda toxuma dəzgahı görünürdü. Bebbic qonaqlarından bunun nə olduğunu soruşaraq zarafatlaşırdı. Əksəriyyəti bunun eləcə möhtəşəm bir naxış olduğunu düşünürdü. Onda Bebbic bunun əslində hər biri üçün fərqli dəlikli kartlar istifadə edilərək iyirmi dörd min sıra iplikdən toxunmuş ipək bir parça olduğunu deyirdi. Kraliça Viktoriyanın əri Şahzadə Albert, Bebbicin evinə qonaq gələndə ondan niyə bu toxuma dəzgahını bu qədər maraqlı saydığını soruşdu. “Mənim Analitik Maşın adını verdiyim hesablama maşınımı izah etməyə köməyi dəydiyi üçün” – deyə cavab verdi Bebbic.

Yenə də çox az şəxs Bebbicin yeni maşınındakı gözəlliyi gördü və ingilis hökürmətinin buna dəstək vermək niyyəti olmadı. Təəssüf ki, Bebbic nə populyar medianın, nə də elmi dərgilərin diqqətini çəkə bildi.

Ancaq ona inanan bir nəfər vardı. Ada Lavleys ümumişlək xarakterli bu maşın fikrini dəstəkləyirdi. Daha da vacibi, onu daha möhtəşəmləşdirəcək bir şey xəyal edirdi. Maşında təkcə sayları yox, musiqidə və sənətdə istifadə ediləcək simvolik ifadələri də işləmək potensialı vardı. Bu fikirdə poeziya görür və bunu görməsi üçün başqalarını da cəsarətləndirməyə çalışırdı.

Bebbicə dalbadal məktublar yazdı. Aralarındakı 24 yaşlıq fərqə baxmayaraq, bəzi məktublarında həyasızlığın sərhədlərinə gəlib çatmışdı. Bir məktubunda 26 daşla oynanan bir oyun təsvir etmişdi. Oyunun məqsədi bircə daş qalana qədər daşları tullandırmaq idi. Özü bu oyunda ustalaşmışdı. “Həll yolunu və simvolik dilə çevriləcək riyazi formulu tapmağa çalışıram”, deyəndən sonra əlavə edirdi: “Ümid edirəm, fantaziyam sizə həddən artıq gəlmir”.

Məqsədi Analitik Maşını reallaşdıracaq dəstəyi tapmaq üçün Bebbicin meneceri və ortağı olmaq idi. “Sizinlə danışmağı səbirsizliklə gözləyirəm” yazdı 1841-ci ilin əvvəllərində. “Sizə bir ipucu verim. Mənə elə gəlir ki, yaxın gələcəkdə başım tamamilə sizin məqsədləriniz və planlarınız üçün kölə kimi işləyəcək. Əgər elədirsə, əgər sizin istifadənizə layiq ola bilsəm, başım tamamilə sizə aid olacaq”.

Bir il sonra axtardığı fürsət qarşısına çıxdı.

Leydi Lavlaysın qeydləri

Analitik Maşına dəstək tapmaq axtarışındakı Bebbicə, Torinoda, İtalyan Elm Adamları Qurultayında çıxış etmək üçün dəvət gəlmişdi. Oradakı çıxışına qulaq asıb qeyd götürənlər arasında gənc hərbi mühəndis olan Kapitan Luici Menabrea da vardı. Gələcəyin baş naziri Menabrea, Bebbicin köməyi ilə 1842-ci ilin noyabr ayında sözügedən maşın haqqında fransızca təfsilatla bir məqalə çap etdirdi.

Bir dostu Adadan xahiş etdi ki, Menabreanın məqaləsini elmi jurnal “Scientific Memoirs” üçün tərcümə eləsin. Bu, Bebbicə xidmət etmək və istedadını göstərmək üçün bu fürsət idi. Tərcüməni bitirəndə Bebbic həm sevinmiş, həm də təəccülənmişdi. “Ondan soruşdum ki, çox yaxşı bildiyi bu mövzuyla bağlı niyə orijinal bir məqalə yazmır”.  Ada bunun ağlına gəlmədiyini dedi. O illərdə bir qadının elmi məqalələr çap etdirməsi nadir hadisə idi.

Bebbic xahiş etdi ki, Ada Menabreanın məqaləsinə bəzi qeydlər əlavə etsin. Ada təklifi sevinclə qarşıladı. “Tərcüməçinin qeydləri” adını verdiyi hissə üzərində işləməyə başladı və 19.136 sözlük bir mətn yazdı. Bu, Menabreanın məqaləsindən iki dəfə artıq idi. Avqusta Ada Lavleys mənasında “A.A.L” deyə imzaladığı bu qeydlər məqalədən daha məşhur olacaq, onu kompüter tarixinin ikonik fiqurlarından biri halına gətirəcəkdi.

1843-cü ildə, Surreydəki bağ evində sözügedən qeydlərin üstündə işləyərkən Bebbic ilə tez-tez məktublaşdı. Londondakı evinə qayıdanda tez-tez görüşdülər. Fikirlərin nə qədərinin onun, nə qədərinin Bebbicin olmasıyla bağlı cinsi ayrı-seçkilik rakursundan xırda polemikalar həmişə davam edib. Bebbic xatirələrində yazır ki, tərif Adanın haqqıdır. “Xeyli eskiz üzərində mübahisə etdik. Bəzilərini mən təklif etdim, amma seçim tamamilə ona aid idi. Xeyli fərqli problemin həlli üçün lazımlı olan cəbr tənliklərini çözən də o idi. Mən ancaq Bernoulli ədədləriylə bağlı bəzi problemlərdə onu hamballıqdan xilas etmək üçün özüm də işə girişdim. Ki onda da buraxdığım böyük bir səhvi düzəltmək üçün yazdıqlarımı mənə geri göndərdi”.

Ada bu “Qeydlər”də bir əsr sonra kompüter yarananda yenidən gündəmə gələcək dörd anlayışı analiz etdi. Bunlardan birincisi, ümumişlək məqsədə xidmət edən maşınla bağlı idi. Belə bir maşın təkcə bir vəzifəni yox, təzədən proqramlana bilməsi sayəsində sərhədsiz vəzifəni yerinə gətirəcəkdi. Başqa cür desək, Ada çağdaş kompüteri fikrində canlandırmışdı. Bu anlayış “A qeydi”nin əsasını əmələ gətirir və Bebbicin birinci Fərq Maşını ilə yeni Analirik Maşını arasındakı fərqi ortaya qoyurdu. “Fərq Maşınının” inteqral dəyərlərini tapmaq üçün tərtib etdiyi elementar funksiya Δ⁷uₓ = 0-dır” – deyə başlayır və məqsədin dənizçilik cədvəllərinin hesablanması olduğunu deyirdi. “Analitik Maşın” isə müəyyən bir funksiyanın nəticələrini cədvəlləşdirməyə yox, hər cür funksiyanı inkişaf etdirməyə və cədvəlləşdirməyə yarayır.”

“Bunu etmək üçün,” – deyə yazmışdı, “Jakarın ən mürəkkəb naxışları parçaya toxumaqda istifadə etdiyi dəlikli kartlar prinsipi mənimsəndi.” Ada bunun əhəmiyyətinin Bebbicdən belə daha çox fərqindəydi. Bu, maşının bizə bu gün təbii gələn kompüterlər kimi ola biləcəyi demək idi: yəni təkcə bəsit bir arifmetika vəzifəsini yerinə yetirən bir mexanizm yox, ümumişlək xarakterli bir maşın idi. Belə izah edirdi:

“Kartdan istifadə etmək fikri ilə arifmetikanın sərhədləri keçilmiş oldu. Analitik Maşın bəsit “hesab maşınlar”ından çox fərqlidir. Tamamilə özünəməxsus bir yeri var. Ümumi simvolları sərhədsiz müxtəlifliklə bir yerə gətirərək maddənin işləməsiylə mücərrəd intellektual proseslər arasında bir əlaqə qurur”.

Bunlar bir az dolayı ifadələr olsa da, diqqətlə oxunmalıdırlar, çünki çağdaş kompüterin mahiyyətini ifadə edirlər. Ada bu anlayışı şairanə ifadələrlə təsvir edirdi. “Jakarın çiçəkləri necə çiçəkləri və yarpaqları toxuyursa, Analitik Maşın da cəbr naxışlarını toxuyur”, – deyə yazdı. Bebbic “A qeydi”ni oxuyanda çox təsirləndi və heç bir dəyişiklik etmədi. “Yalvarıram heç nəyi dəyişdirmə” – dedi.

Adanın diqqətə dəyər ikinci anlayışı ümumişlək xarakterli maşının tərifindən yaranırdı. Buradakı əməliyyatların riyaziyyatla və ədədlərlə məhdudlaşmaq məcburiyyəti olmadığını gördü. De Morqanın struktural məntiqə cəbrlə gətirdiyi yenilikləri təhlil edərkən Analitik Maşın kimi bir maşının simvolları depolamaq, dəyişdirmək və emal etmək imkanlarını anladı. Bunlar sözlər, məntiq, musiq və ya simvollarla ifadə ediləcək hər şey ola bilərdi.

Bu fikri izah etmək üçün bir kompüter əməliyyatının nə olduğunu açıqladı. “Bunu “əməliyyat” sözüylə açıqlamaq gözəl ola bilər. Əməliyyatdan qəsdimiz, iki və ya daha çox şeyin bir-biriylə əlaqəsini dəyişdirəcək hər hansı prosesdir. Bu necə əlaqə olursa, olsun”. Bir kompüter əməliyyatının təkcə ədədlər arasındakı yox, aralarında məntiqi əlaqə olan hər cür simvollar arasındakı əlaqəni dəyişdirə biləcəyini qeyd etdi. “Ədədlərdən başqa, aralarında əməliyyatların mücərrəd elmi diliylə ifadə ediləcək əlaqələr olan nəsnələrə də tətbiq oluna bilər”. Analitik Maşın, nəzəriyyədə musiqi notasiyaları üzərində belə əməliyyat apara bilirdi. “Məsələn, musiqi kompozisiyası və harmoniya elmindəki səslər arasındakı əsas əlaqələrin belə ifadələrə və improvizasiyalara əlverişli olduğunu nəzərə alaraq, maşın hər cür mürəkkəb və elmi musiqi parçaları bəstələyə bilər”. Bu tam da Adaya uyğun olan “poetik elm” konsepti idi. Bir maşın tərəfindən bəstələnmiş təfsilatlı və elmi musiqi parçası. Atası eşitsə, tükləri biz-biz olardı.

Bu intuisiya rəqəmsal əsrin əsas konseptini əmələ gətirəcəkdi: musiqi, mətn, rəsm, ədəd, simvol, səs və ya video olsun, hər cür məzmun, data və informasiya rəqəmsal şəkildə ifadə oluna biləcək və maşınlar tərəfindən emal oluna biləcəkdi. Bebbic belə bunu tam görməmiş və ədədlərə köklənmişdi. Amma Ada çarxlardakı xanaların riyazi elementlərdən fərqli şeyləri də ifadə edə biləcəyini göstərmişdi. Beləcə, hesab maşınlarından bu gün kompüter dediyimiz şeyə konseptual bir sıçrayış gerçəkləşdirdi. Bebbicin maşınları mövzusunda ixtisaslaşmış kompüter tarixçisi  Doron Sveyd, Adanın tarixi mirasını bu sözlərlə müəyyənləşdirir: “Harada olduğunu tapmaq üçün tarixə baxanda, transformasiyanı 1843-də ildə yazdığı məqalə ilə Adanın reallaşdırdığını görürük”.

Adanın “G qeydi”ndə etdiyi üçüncü yenilik bu gün kompüter proqramı, ya da alqoritm dediyimiz şeyin addım-adım açıqlanmasıydı. İstifadə etdiyi örnək isə ədədlər nəzəriyyəsində fərqli şəkillərdə xeyli rolu olan, son dərəcə mürəkkəb bir sərhədsiz silsilə olan Bernulli ədədlərini hesablayan bir proqram idi.

Ada “Analitik Maşın”ın Bernulli ədədlərini formalaşdıracağını göstərmək üçün bir silsilə əməliyyatı ifadə etdi və bunların maşına necə kodlanacağını göstərən bir diaqram hazırladı. Bu arada sətiriçi altproqram (kosinus və ya mürəkkəb faizi hesablamaq kimi konkret bir vəzifəni yerinə yetirən və lazım olan daha geniş bir proqramın içinə yerləşdirilə bilən təlimat silsiləsi) və sonsuz dövr (özünü təkrarlayan təlimat silsiləsi) kimi anlayışların icadına yardımçı oldu. Bunları mümkün edən, dəlikli kart mexanizmi idi. (…)

(…) Adanın qeydlərində toxunduğu vacib başqa bir anlayış isə Meri Şellinin Lord Bayronla keçirdiyi həftə sonunda yazıdğı Frankenştayn hekayəsi ilə bağlı idi. Kompüterlərlə bağlı bu gün də hələ ən təsirli metafizik mövzu olan süni zəka haqqındadır bu: Maşınlar düşünə bilərmi?

Ada inanırdı ki, düşünə bilməzlər. Bebbicinki kimi bir maşının ona verilən təlimatlarla əməliyyatlar həyata keçirə biləcəyini, amma özünə aid fikri və niyyəti olmayacağını deyirdi. “Analitik Maşının nəsə icar etmək kimi bir iddiası ola bilməz”, – deyə yazdı qeydlərində. “Həyata keçirməsi üçün hansı təlimatları versəniz, onu edəcək. Analizləri izləyə bilər, amma hər hansı bir həqiqəti və ya analitik əlaqəni təxmin etmək gücü yoxdur.” Bir əsr sonra bu iddia, kompüterin öncüsü olan Alan Turinq tərəfindən “Leydi Lavleysin etirazı” şəklində ifadə ediləcəkdi. (…)

(…) 1843-cü ilin sentyabr ayı idi. Adanın tərcüməsi və “Qeydlər”i nəhayət “Scintific Memoirs” jurnalında çap olundu. Bir müddət dostlarının tərifindən ləzzət aldı və yol göstərəni Meri Somervil kimi elm və ədəbiyyat çevrələrində ciddiyə alınacağını düşündü. Bir vəkilə “Qeydlər”in çap olunmasının onu axır ki, “tam peşəkar” hiss etdirdiyini yazdı. “Siz necə bağlısınızsa, mən də elə bağlıyam artıq”.

Amma belə olmadı. Bebbic maşınlar üçün dəstək tapmadı, onları bitirə bilmədi və kasıblıq içində öldü. Leydi Lavleys isə başqa elmi məqalə çap etdirə bilmədi. Həyatı çöküşə keçdi. Qumar və tiryəkdən asılı oldu. Qumar oynadığı bir nəfərlə əlaqədə oldu. Adam daha sonra onu təhdit etdi ki, ailə qır-qızıllarını ona versin. Həyatının son illərində uşaqlıq ağzı xərçəngi ilə çox ağrılı bir mübarizə apardı, heç kəsilməyən qanaxmaları oldu. 1852-ci ildə, 36 yaşında öləndə, son istəklərindən birini yerinə yetirdilər, onu şəhər kənarındakı məzarlıqda, onunla eyni yaşda ölən, heç vaxt tanımadığı atasının yanında basdırdılar.

İllər keçdikcə Ada Lavleys bir feminizm ikonası və kompüterin öncüsü qəbul edildi. Məsələn, Amerika Müdafiə Nazirliyi yüksək-səviyyəli obyekt-yönümlü proqramlama dilinə Ada adını qoydu. Digər tərəfdən, hallüsinasiyalı və havalı təbiətinə görə altında imzası olan “Qeydlər”də çox az zəhməti olduğu deyilərək, lağa da qoyuldu. “Qeydlər”ində Analitik Maşından danışarlən, əslində, öz enişli-yoxuşlu şöhrətindən bəhs edir elə bil: “Yeni bir mövzunu təhlil edərkən, adətən maraqlı və vacib bir şeyə həddindən artıq dəyər vermək meyli var. Sonra isə təbii bir reaksiya ilə olduğundan daha adi hesab edilir”.

Məsələ burasındadır ki, Adanın qatqısı həm çox dərin, həm də ilham verici idi. Maşınların insanların zehni dünyasına ortaq olacaqlarını, birlikdə Jakarın dəzgahlarından çıxanlar qədər gözəl naxışlar toxuyacaqlarını – bu gələcəyi Bebbicdən də, o dövrdə yaşamış hamıdan da qabaq Ada görmüşdü. Poetik elmə heyranlığı sayəsində o dövrün elm dünyasının əhəmiyyət vermədiyi bir maşına dəyər verdi və belə bir maşının əməliyyat gücünün necə hər cür bilikdə istifadə olunacağının fərqinə vardı. Beləcə, Lavleys Qrafinyası Ada yüz il sonra tumurcuqlanacaq rəqəmsal əsrin toxumlarının atılmasına yardımçı oldu.

Tərcümə edən: Qismət           

OXŞAR XƏBƏRLƏR