“Balet günləri”ndə ilk axşam – “Min bir gecə”

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı “Balet günləri” adlı yeni layihəyə başlayıb. 

Daha.az xəbər verir ki, Heydər Əliyev Sarayında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” tamaşasının nümayişi ilə layihənin açılışı olub.

Tamaşa axşamı dirijor pultunun arxasında Xalq artisti Cavanşir Cəfərov olub. Əsas partiyaları Əməkdar artistlər Anar Mikayılov (Şəhriyar) və Nigar İbrahimova (Şəhrizadə) ifa ediblər. Rəqs partiyalarında çıxış ediblər: Nuridə – Liya Praqa, Nuridənin sevimli qulu – Seymur Qədiyev, Sindbad – Timur Oduşev, Qız – Dinara Məmmədova, Ruh quşu – Andrey Lobaçev, Ələddin – Seymur Qədiyev, Budur – Nigar Əliyeva, Cadugər – Rüstəm Hacıyev, Cin – Faiq Qubadov, Mərcanə – Liana Berianidze, Quldurbaşı – İslam Məmmədov, Əlibaba – Aydın Mustafayev.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Min bir gecə” baletinin ilk tamaşası 15 iyun 1979-cu ildə olub. Baletin librettosunu “Min bir gecə” nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar yazıb. Xoreoqrafik quruluşu Nailə Nəzirova, səhnə tərtibatını Toğrul Nərimanbəyov verib. 1980-ci ildə baletin yaradıcıları (bəstəkar, baletmeyster, rəssam, baş rolların ifaçıları) SSRİ Dövlət mükafatına layiq görülüblər.

Qeyd edək ki, noyabrın 11-dək davam edəcək layihə üzrə teatrın repertuarından seçilmiş balet tamaçaların nümayişi ilə yanaşı, tanınmış balet artistlərinin iştirakı ilə ustad dərsləri, akademik və ictimai müzakirələr də nəzərdə tutulub.

 

OXŞAR XƏBƏRLƏR