Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunacaq “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalı başlayır.
Daha.az xəbər verir ki, oktyabrın 31-dən noyabrın 2-dək davam edəcək üçgünlük zəngin proqrama paytaxtın müxtəlif məkanlarında keçiriləcək 40-dan çox tədbir daxildir.
Festivalda iştirak etmək üçün onlayn qeydiyyat tələb olunur. Qeydiyyatdan keçmiş bütün iştirakçılara elektron poçt vasitəsilə QR kod göndəriləcək. Festivala dəstək göstərən əsas təşkilatlardan biri olan “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri QR kodlarını yoxlayacaq və qonaqlara tədbir məkanlarında düzgün istiqamətləndirəcəklər.
Qeyd edək ki, Uşaqları əyləncə proqramında iştirak edəcək valideynlər də qeydiyyatdan keçməlidirlər.
Festivalın bütün tədbirləri pulsuzdur və geniş auditoriya üçün açıqdır. “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” layihəsinin rəsmi saytında qeydiyyatdan keçmək mümkündür: www.bakuartweekend.az.
Əlavə məlumat və suallar üçün info@bakuartweekend.az ünvana müraciət etmək olar.




