Moldovanın paytaxtı Kişineuda dünya opera sənətinin görkəmli simalarından biri olan Mariya Biyeşunun 90 illik yubileyinə həsr olunmuş 33-cü Beynəlxalq Opera Festivalı keçirilib.
Daha.az xəbər verir ki, müxtəlif ölkələrin tanınmış opera səhnələrinin ulduzlarını bir araya toplayan festivalda 12 ölkədən 20 xüsusi qonaq – Fransa, Almaniya, Ukrayna, Yunanıstan, Azərbaycan, Çili, Kuba, Polşa, İtaliya, Rumıniya, Niderland və İspaniyadan dirijor və müğənnilərlə bərabər Moldova Milli Opera Teatrının aparıcı solistləri, simfonik orkestri, xoru və balet truppasının iştirakı ölkənin önəmli mədəni hadisələrindən birinə çevrilib.
Festivalın ən gözlənilən hadisələrindən biri 4 ölkənin ifaçılarının bərabər səhnələşdirdikləri Cakomo Puççinin “Turandot” operası olub.
Qeyd edək ki, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru, Respublikanın Əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyevin idarə etdiyi tamaşada Fransadan dəvət olunmuş soprano Kristel di Marko və tenor Diyeqo Qodoyun (Çili) ifaları ayaq üstə alqışlarla qarşılanıb.




