Avstraliyada 100 milyon il yaşı olan inci fosili tapılıb.
Daha.az xəbər verir ki, fosil Kvinslend əyalətinin Riçmond bölgəsində yerləşən Kronosaurus Korner Muzeyinin qazıntı sahəsindən çıxıb.
Kvinslend Universitetinin paleontoloqu Qreqori Vebbin sözlərinə görə, iki santimetr ölçüsündə olan bu qədim incinin uzun araşdırmalardan sonra Təbaşir dövrünə – yəni təxminən, 100 milyon il əvvələ aid olduğu müəyyən edilib.
Fosil inci artıq Kronosaurus Korner Muzeyində sərgilənir. Mütəxəssislərin fikrincə, bu tapıntı həm təbiət tarixi, həm də qədim dənizlər haqqında əhəmiyyətli məlumat mənbəyi olacaq.