Avropanın yenidən doğulması – Jak Derrida

Daha.az Jak Derridanın Yürgen Habermasın məqaləsi haqqında yazısını təqdim edir.

Yurgen Habermas və mənim üçün eyni zamanda bir çağırış olan bu analizin altına birgə imza atmağımız çox əhəmiyyətlidir. Bu gün alman və fransız mütəfəkkirlərinin bizi keçmişdə ayıra biləcək mübahisələri nəzərə almadan, birlikdə səslərini ucaltmalarını çox zəruri və təxirəsalınmaz hesab edirik. Asanlıqla başa düşüldüyü kimi, bu mətn Yurgen Habermas tərəfindən yazılmışdır. Buna baxmayaraq, mən Yurgen Habermasa bu çağırışı onunla birlikdə imzalamağı təklif etdim. Mən onun bu mövzu ilə bağlı aşağıdakı öncəliklərini və perspektivlərini bölüşürəm: Avropa üçün hər cür Avropa-mərkəzçiliyinin fövqündə yeni siyasi məsuliyyətlərin təyin edilməsi; dövlətlərarası hüququn, onun qurumlarının və xüsusən Birləşmiş Millətlər Təşkilatının varlığının bir daha vurğulanması və səmərəli şəkildə dəyişdirilməsi; dövlətin qüvvələr ayrılığı və s. prinsiplərinin, Kant ənənəsinə uyğun bir ruhla, ya da ən azı bu ənənə mənasında yenidən tərtib edilməsi və tətbiqi. Yurgen Habermasın fikirləri bir çox nöqtədə, bu yaxınlarda nəşr olunan “Voyou-Deux Essais sur la raison” (Galilee 2002) adlı kitabımda irəli sürdüklərimlə üst-üstə düşür. Yurgen Habermasın və mənim Nyu-Yorkda, 11 sentyabr 2002-ci il hadisəsindən sonra, bir neçə gün ərzində ayrı-ayrılıqda verdiyimiz iki müsahibənin yer aldığı bir kitabımız nəşr olunmuşdur.  Yanaşmalarımızın və əsaslandırmalarımızın görünüşdəki bütün fərqliliyinə baxmayaraq, dövlətlərarası hüquq institutlarının gələcəyi və Avropanı gözləyən yeni vəzifələr mövzusundakı görüşlərimiz bir-birinə yaxındır.

    Jak Derrida

 

İki tarixi unutmamaq lazımdır: qəzet oxucularını heyrətə salaraq İspaniya Baş nazirinin digər Aİ-dəki həmkarlarına xəbər vermədən, müharibəyə meylli Avropa hökumətlərinin nümayəndələrini dəvət edərək Buşa sədaqətini bəyan etdiyi gün; və London, Roma, Madrid, Barselona, Berlin və Parisdə nümayişə çıxan kütlələrin bu təzyiqə cavab verdiyi 15 fevral 2003-cü il tarixi. Geriyə nəzər saldıqda İkinci Dünya Müharibəsindən bəri baş verən ən böyük aksiyalar olan bu möhtəşəm nümayişlərin eyni vaxtda keçirilməsi, bəlkə də, yeni bir Avropa ictimai rəyinin yaranmasının işarəsi olaraq tarix kitablarına düşəcəkdir.

İraq müharibəsinin başlamasından əvvəlki bir neçə ayın qurğuşun ağırlığındakı atmosferində əxlaqsız bir əmək bölgüsü hissləri coşdurdu. Qarşısıalınmaz hərbi yığıncaq nəhəng bir logistik əməliyyat və humanitar yardım təşkilatlarının hərarətli fəallıqları bir mexanizmin dişliləri kimi bir-birinə uyğunlaşırdı. Bu komediya qurbanı olacaq və hər cür təşəbbüsdən məhrum edilmiş bir xalqın gözü qarşısında həyasızca səhnələşdirilirdi. Bəli, şübhəsizdir: Hisslərin gücü Avropa vətəndaşlarının kollektiv oyanışına səbəb oldu. Lakin müharibə, digər tərəfdən, avropalıların ortaq xarici siyasətlərinin çoxdan yaxınlaşan iflasını dərk etmələrinə imkan verdi. Beynəlxalq hüququn özbaşına şəkildə pozulması, bütün dünyada olduğu kimi, Avropada da beynəlxalq nizamın gələcəyi ilə bağlı bir müzakirə başlatdı. Lakin bu müzakirəni alovlandıran düşməncəsinə arqumentlər bizə daha dərin zərbə vurdu.

Bu müzakirə sayəsində məlum olan qırılma nöqtələri daha da aydınlaşdı. Supergücün rolu, gələcək dünya nizamı, beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının əhəmiyyəti ilə bağlı ziddiyyətli fikirlər gizli qalmış qarşıdurmaları üzə çıxardı. Bir tərəfdən kontinental Avropa ilə Anqlo-Sakson ölkələri, digər tərəfdən isə “Köhnə Avropa” ilə Mərkəzi/Şərqi Avropadan Avropa Birliyinə namizəd olan ölkələr arasındakı uçurum tədricən dərinləşdi. Böyük Britaniyanın ABŞ ilə xüsusi münasibətləri danılmazdır; bu münasibət Dauninq Strit üçün hələ də prioritetlərin zirvəsindədir. Mərkəzi və Şərqi Avropa ölkələri də Aİ-yə daxil olmağa çalışsalar da, yeni qazandıqları suverenliklərini yenidən məhdudlaşdırmaq istəmirlər.

İraq böhranı, sadəcə, bir katalizator rolunu oynadı. Brüsseldəki Konstitusiya Komissiyasında da Aİ ilə inteqrasiya etmək istəyən millətlərlə, hökumətlərarası idarəetməni mövcud formada saxlamaq və ya yalnız səthi şəkildə dəyişdirmək kimi anlaşılan bir gözləntisi olan millətlər arasındakı ziddiyyət aydınlaşır. Bu qarşıdurmanı daha çox gizlətmək artıq mümkün deyil. Gələcək konstitusiya vasitəsilə bir Avropa xarici işlər nazirimiz olacaq. Bəs bu ölkələr yalnız “öz maraqları” anlayışında həmfikir olsalar, nə olacaq? Əgər Avropanın dağılmaması vacibdirsə, bu ölkələr Nitsada qərarlaşdırılan “daha güclü əməkdaşlıq” mexanizmini işə salmalıdırlar ki, “fərqli sürətlərə malik Avropa”da ortaq bir xarici, təhlükəsizlik və müdafiə siyasəti həyata keçirilə bilsin.

Bu mexanizm başda ortaq pul vahidindən istifadə edən ölkələr olmaqla, digər üzv ölkələrin də zamanla qarşı dura bilməyəcəyi bir “cazibə” effekti yaradacaqdır. Tərəqqi istisna etmək demək deyil. Avanqard “Nüvə Avropa” kiçik bir Avropa formalaşdırmamalı, əvvəllər dəfələrlə olduğu kimi, lokomotiv funksiyasını öz üzərinə götürməlidir. Aİ-nin daha sıx əməkdaşlıq edən ölkələri zatən öz maraqları üçün belə olsa, qapılarını açıq saxlayacaqdır.

“Nüvə Avropa” öz hüdudlarından kənarda nə qədər tez hərəkətə keçsə, mürəkkəb bir dünya cəmiyyətində parçalanmalarla yanaşı, müzakirə gündəmlərinin, sosial münasibətlərin və iqtisadi maraqların gücünün də mühüm olduğunu nə qədər tez sübut etsə, dəvət edilənlər də bu qapılardan o qədər sürətlə daxil olacaqlar.

Dünyamızda siyasi münaqişələrin müharibə və sülh çərçivəsində gərginləşdirilməsinin heç bir faydası yoxdur. Avropanın etməli olduğu şey ABŞ-ın birtərəfli üstünlüyünə tarazlıq yarada bilmək üçün beynəlxalq arenada və Birləşmiş Millətlər Təşkilatı çərçivəsində öz çəkisini ortaya qoymaqdır. Avropa dünya iqtisadi zirvələrində, Dünya Ticarət Təşkilatının qurumlarında, Dünya Bankında və Beynəlxalq Valyuta Fonunda gələcək dünya siyasətlərinin formalaşdırılmasında öz təsirini göstərməlidir.

Ancaq bu gün Avropa Birliyi genişləndikcə idarəetmə imkanları tükənir. İndiyə qədər ortaq bir iqtisadiyyat və valyuta zonası yaratmaq üçün zəruri olan funksional tələblər islahatları sürətləndirirdi. İndi o mühərrik dayanıb. Üzv ölkələrdən təkcə rəqabətə mane olan amillərin aradan qaldırılmasını deyil, həm də ortaq bir iradə tələb edən qurucu bir siyasət, vətəndaşları səfərbər edən fundamental ideyalara və təfəkkür formalarına bağlıdır.

Xarici siyasətdə müxtəlif nəticələrə gətirib çıxaracaq addımlar barədə səs çoxluğu ilə qərarların qəbulu çoxluğun gücsüz azlıqlarla həmrəylik içində olmasından asılıdır. Lakin bunun da ön şərti siyasi mənada bir birlik hissidir. Vətəndaşlar milli kimliklərini “yüksəltməli” və ona Avropa ölçüsünü də əlavə etməlidirlər. Bu gün belə olduqca mücərrəd olan və öz millətimizlə məhdudlaşdırdığımız vətəndaşlararası həmrəylik düşüncəsi gələcəkdə digər millətlərdən olan Avropa vətəndaşlarını da əhatə etməlidir.

Bu vəziyyət “Avropa kimliyi” problemini aktuallaşdırır. Susdurulmuş azlıqları çoxluğun iradəsinin maneələrindən ancaq ortaq bir siyasi tale və ortaq bir gələcəyə dair inandırıcı bir perspektiv qoruya bilər. Əsas məsələ budur ki, bir millətin vətəndaşı digər millətin vətəndaşına “bizdən biri” deyə bilməlidir. Bunun olmaması məsələyə şübhə ilə yanaşanların verdiyi bu sualı ortaya çıxarır: Avropa vətəndaşları üçün əzablarına birlikdə qatlanılacaq, birgə inşa ediləcək bir siyasi tale şüurunu yaradan tarixi hadisələr, ənənələr və nailiyyətlər varmı? Gələcək Avropa üçün cazibədar, hətta yoluxucu bir “ideal” göydən nazil olmayacaq. Bu gün bu ideal ancaq narahatlıq yaradan bir çarəsizlik duyğusundan doğa bilər.

Məcburi olmayan məsələlər üzərində razılığa gəlmək asandır. Hamımız sülhsevər, kooperativ, digər mədəniyyətlərə açıq və bu mədəniyyətlərlə dialoq qabiliyyətinə malik bir Avropa obrazını təsəvvür edirik. 20-ci əsrin ikinci yarısında iki problemə nümunəvi həll yolu tapan Avropanı hörmətlə salamlayırıq. Avropa Birliyi özünü artıq indidən post-millətçi quruluşlara nümunə ola biləcək bir “millət-dövlət fövqündə bir idarəetmə” forması kimi təqdim edir.

Yürgen Habermas
Yürgen Habermas

Avropanın rifah dövlətləri də uzun müddət yaxşı nümunələr idi. Bu gün bu dövlətlər millət-dövlət səviyyəsində müdafiə mövqeyinə keçiblər. Amma sərhədləri genişlənmiş bir kapitalizmi ram etmək üçün gələcəkdə həyata keçiriləcək siyasətlər də bu dövlətlərin müəyyən etdiyi sosial ədalət meyarlarından geri qalmamalıdır. Bu miqyasda iki problemlə bacarmış bir Avropa nə üçün rəqabət aparan layihələr qarşısında beynəlxalq hüquq əsasında kosmopolit bir nizamı qorumaq və inkişaf etdirmək kimi başqa bir çətin vəzifəni də öz üzərinə götürməsin?

Təbii ki, bütün Avropanı əhatə edəcək bir diskurs müəyyən mənada stimullaşdırıcı olmalı, öz daxilində konsensus prosesini gözləməli və mövcud formalar üzərində qurulmalıdır. İki reallıq bu cəsarətli fərziyyə ilə ziddiyyət təşkil edir: Avropanın mühüm tarixi nailiyyətləri məhz dünya miqyasında təmin etdikləri uğura görə kimlik yaratma güclərini itirməmişdirmi? Özünə güvənən millətlər arasında davam edən rəqabətin başqa heç bir regionda olmadığı səviyyədə həlledici olduğu bir bölgədə birliyi təmin edəcək olan nədir?

Xristianlıq və kapitalizm, təbiət elmləri və texnika, Roma hüququ və Fransa Mülki Məcəlləsi, dövlətin və cəmiyyətin dünyəviləşməsi digər qitələrə də yayıldığı üçün bu nailiyyətlər artıq bir kimlik formalaşdırmır. Mənşəyini İudaizm-Xristianlıq təlimindən götürən Qərb təfəkkür tərzinin spesifik xüsusiyyətlərinin olduğu mübahisəsizdir. Lakin Avropa millətləri, fərdiyyətçilik, rasionalizm və praqmatizmin damğasını vurduğu bu təfəkkür tərzini ABŞ, Kanada və Avstraliya ilə paylaşır. “Qərb”  bir intellektual paradiqma olaraq Avropadan daha geniş bir sahəni əhatə edir.

Buna həmçinin Avropanın özlərini polemikalar vasitəsilə bir-birindən fərqləndirən millət-dövlətlərdən təşəkkül tapdığını da əlavə etmək gərəkdir. Milli dil, milli ədəbiyyat və milli tarixin formalaşdırdığı milli şüur uzun müddət partlamağa hazır bir bomba rolunu oynamışdır. Təbii olaraq, bu millətçiliyin dağıdıcı gücünə bir reaksiya kimi bənzərsiz və həlledici mədəni plüralizmi ilə bugünkü Avropaya, qeyri-avropalıların nəzərində xüsusi bir kimlik bəxş edən perspektivlər də formalaşdı.

Əsrlər boyu kəndlə şəhər, kilsə ilə dünyəvi qüvvələr arasındakı münaqişələrin, inanc və elm arasındakı rəqabətin, siyasi iqtidarlarla antaqonist siniflər arasındakı mübarizənin ortasında bütün digər mədəniyyətlərdən daha çox sıxışıb parçalanmış olan bu mədəniyyət fərqliliklərin necə ünsiyyət qura biləcəyini, ziddiyyətlərin necə institusionallaşdırıla biləcəyini və gərginliklərin necə tarazlaşdırıla biləcəyini əzablar çəkərək öyrənmək məcburiyyətində qalmışdı.

Fərqliliklərin – başqasının fərqliliyinin qarşılıqlı olaraq – qəbulu da ortaq bir kimliyin göstəricisi ola bilər. Bunun ən yaxşı nümunələri Avropa Birliyi çərçivəsində sinfi ziddiyyətlərin sosial dövlət tərəfindən tənzimlənməsi və dövlət suverenliyinin özünü məhdudlaşdırmasıdır. 20-ci əsrin üçüncü rübündə Dəmir Pərdənin bu tərəfində Erik Hobsbaumun təbiri ilə desək, öz “qızıl çağını” yaşadı. O vaxtlardan sonra başqa ölkələrdəki insanlar bizi daha fərqli görməyə başladılar. Məsələn, Honkonqda ya da Təl-Əvivdə artıq bizə “bu almandır, bu fransızdır” demirdilər, sadəcə “avropalıdır” deyirdilər. Bu da onu göstərirdi ki, Avropada ortaq bir fikir yaranmağa başlayıb.

Bəli, doğrudur; Avropa cəmiyyətlərində dünyəviləşmə nisbətən daha irəli səviyyədədir. Burada vətəndaşlar siyasətlə din arasındakı sərhədin aşılmasına daha böyük şübhə ilə yanaşırlar. Avropalılar bazarın fəaliyyətinə şübhə ilə yanaşarkən, dövlətin təşkilatlanma qabiliyyətinə nisbətən böyük bir inam bəsləyirlər. “Maarifçiliyin dialektikası”nın onlar üçün aydın bir mənası vardır; lakin texniki tərəqqi ilə bağlı olaraq hər zaman optimist bir gözlənti içində deyillər.

Rifah cəmiyyətinin təmin etdiyi təhlükəsizlik və həmrəylik kontekstindəki tənzimləmələr onlar üçün prioritetdir. Kobud güc qarşısında tolerantlıq səviyyələri nisbətən aşağıdır. Onlar üçün qanunlarla müəyyən edilmiş çoxtərəfli beynəlxalq nizam tələbi, islahatlardan keçmiş Birləşmiş Millətlər Təşkilatı çərçivəsində effektiv dünya siyasəti ümidi ilə birləşir. İmtiyazlı Qərbi Avropalılara Soyuq Müharibənin kölgəsində belə bir anlayışı inkişaf etdirmək imkanı verən formasiyalar 1989/90-cı illərdən bəri dağılmışdır. Lakin 15 Fevral göstərdi ki, bu anlayış yarandığı çərçivəni aşaraq mövcud olmağa davam edir.

Bu vəziyyət “Köhnə Avropa”nın supergüc və müttəfiqlərinin hegemon siyasətləri qarşısında niyə özünü aşmaq zərurətini hiss etdiyini də izah edir. İzah etdiyi başqa bir məsələ də odur ki, Səddamın devrilməsini bir qurtuluş olaraq müsbət qarşılayan bir çox avropalı, beynəlxalq hüquqa zidd, birtərəfli, qabaqlayıcı, eyni zamanda heyrətləndirici və kifayət qədər əsaslandırılmayan hərbi müdaxiləni mahiyyət etibarilə rədd etmişdir. Bu anlayış nə dərəcədə möhkəmdir? Onun mənşəyi daha dərin tarixi təcrübə və ənənələrdədirmi?

Bu gün biz bilirik ki, öz “təbii” görkəmləri daxilində avtoritetdən güc alan bir çox siyasi ənənə, əslində, “icad edilmişdir”.  Halbuki ictimai rəyin işığında yaranacaq bir Avropa kimliyinin daxilində əvvəldən “yaradılmış” bir şeylər olacaqdır. Lakin bu kimlik də təsadüfilikdən doğan “kortəbiilik” qüsurunu daşıyacaqdır. Şərh elmində (hermenevtikada) öz daxilində razılaşma proseslərini yaradan siyasi-etik iradə “təsadüfilik” deyil. Bizə çatan irslə imtina etmək istədiyimiz irsi bir-birindən ayırmaq həm diqqət, həm də bu irsə sahib çıxarkən onu necə şərh edəcəyimizə dair bir qərar tələb edir.

Tarixi təcrübələr şüurlu bir şəkildə mənimsənilməyə namizəd olmaqdan kənara çıxmır. Mənimsənilmə olmadan bu təcrübələrin kimlik yaradan bir güc qazanması mümkün deyildir.
Və sonda, Avropadakı müharibədən sonrakı düşüncə tərzini daha aydın göstərə biləcək bu cür “namizədlər” haqqında bir neçə söz: Müasir Avropada dövlət və kilsə münasibətləri Pireney dağlarının bu və o tərəfində, Alp dağlarının şimalında və cənubunda, Reyn çayının qərbində və şərqində fərqli şəkildə inkişaf etmişdir.

Dövlət hakimiyyətinin ideoloji neytrallığı müxtəlif Avropa ölkələrinin hər birində fərqli bir hüquqi formaya malikdir. Lakin din, vətəndaş cəmiyyətinin bütün sferalarında qeyri-siyasi, oxşar bir status əldə etmişdir. İnanc dünyasının cəmiyyətdə bu şəkildə özəlləşdirilməsi müəyyən baxımlardan kədərlə qarşılansa da, siyasi mədəniyyət baxımından arzuolunan nəticələrə də gətirib çıxarır. Bizim coğrafiyamızda yerləşən bir ölkədə gündəlik rəsmi işlərinə xalqın qarşısında dua ilə başlayan və mühüm siyasi qərarlarını ilahi bir missiya ilə əsaslandıran bir dövlət başçısını təsəvvür etmək çox çətindir.

Avropada burjua cəmiyyətinin zülmkar rejimlərin himayəsindən qurtulması, hər yerdə müasir dövlət idarəçiliyinin əldə edilməsi və demokratikləşməyə doğru forma dəyişdirməsi ilə iç-içə keçməmişdir. Lakin Fransız İnqilabının bütün Avropaya yaydığı intellektual aydınlıq, digər tərəfdən, burada siyasətin niyə hər iki formada da, yəni həm azadlığı təmin edən bir vasitə, həm də təşkilatlanma gücü olaraq müsbət bir məna daşıdığını izah edir. Kapitalizmin bərqərar olması eyni zamanda kəskin sinfi ziddiyyətlərlə birləşir. Digər tərəfdən, bunu yaddaşlarda canlandırmaq bazarın tərəfsiz bir şəkildə qiymətləndirilməsinə mane olur.

Siyasətin və bazarın fərqli dəyərlərə malik olması avropalıların dövlətin sivilləşdirici gücünə olan inamını gücləndirə bilər və dövlətdən “bazarın iflasının” düzəldilməsi gözlənilə bilər. Fransız İnqilabı ilə yaranan siyasi partiyalar sistemi dəfələrlə təqlid edilmişdir. Lakin bu sistem yalnız Avropada, kapitalist modernləşməsinin sosial-patoloji nəticələrini daimi bir siyasi təhlilə tabe tutan ideoloji rəqabətə xidmət etmişdir. Bu, vətəndaşların inkişafın daxilindəki ziddiyyətlərə (paradokslara) qarşı həssaslığını artırır. Mühafizəkar, liberal və sosialist şərhləri arasındakı müzakirə, əslində, bu iki məsələnin müqayisəsindən ibarətdir: Əsas məsələ, ənənəvi həyat tərzindən uzaqlaşmağın gətirdiyi itkilərin saxta bir tərəqqinin qazanclarından daha ağır olub-olmamasıdır?

Yoxsa əsas məsələ gələcəyin “yaradıcı dağıntısını” hazırlayan qazancların, modernləşmənin qurbanı olanların çəkdiyi əzablara dəyib-dəyməməsidir?

Avropada uzun müddət dominant olan sinfi fərqliliklər bir tale kimi qəbul edilirdi; lakin kollektiv bir mövqe ilə bu vəziyyəti aşmaq mümkün oldu. Beləliklə, işçi sinfi hərəkatları və Xristian-sosial irs çərçivəsində kəskin sosial bərabərsizlikləri gözə alan “performans ədaləti”nin fərdiyyətçi əxlaqını, “daha çox sosial ədalət” mübarizəsinin həmrəyliyə və bərabər bölgüyə yönəlmiş əxlaqı əvəz etdi.
20-ci əsrin totalitar rejimlər təcrübəsi və Holokost (Nasional-Sosializmin Avropa yəhudilərini təqib etməsi və məhv etməsi) bugünkü Avropaya dərin təsir göstərmişdir. Bu keçmişlə bağlı özünütənqid, siyasətin əxlaqi əsaslarını yenidən gündəmə gətirmişdir. Şəxsi və bədən toxunulmazlığının pozulmasına qarşı artan həssaslıq Avropa Komissiyasının və Avropa Birliyinin, ölüm cəzasının ləğv edilməsini namizədlik üçün bir şərt olaraq irəli sürməsində də özünü büruzə verir.

Müharibəyə meylli bir keçmiş bir zamanlar bütün Avropa millətlərini qanlı münaqişələrə cəlb etmişdi. Bu millətlər hərbi və intellektual mənada bir-biri ilə qarşı-qarşıya gəlmək təcrübəsi ilə İkinci Dünya Müharibəsindən sonra əməkdaşlıq üçün yeni millətlərüstü formalar inkişaf etdirmək lazım olduğu nəticəsinə gəldilər. Avropa Birliyinin uğur hekayəsi avropalıların, dövlətin güc tətbiqinin ram edilməsi üçün suveren fəaliyyət sahələrinin qlobal səviyyədə də qarşılıqlı olaraq məhdudlaşdırılmalı olduğu yönündəki inamını gücləndirdi.

Böyük Avropa millətlərinin hər biri imperial güclərin formalaşdığı yüksəliş mərhələsi yaşamışdır. Bizim kontekstimizdə əhəmiyyətli olan bir imperiyanı itirmək təcrübəsi ilə necə bacarıldığıdır. Tənəzzül təcrübəsi bir çox nümunədə müstəmləkə ərazilərinin itirilməsi ilə paralel gedir. Avropa gücləri imperiya hakimiyyətindən və müstəmləkəçilik tarixindən uzaqlaşdıqca, özlərinə müəyyən bir məsafədən güzgü tutmaq şansı əldə etdilər. Beləcə, onlar özlərini məğlub olanların gözü ilə, yəni məcburi və köksüz bir modernləşmənin səbəbkarı olan qaliblərin şübhəli rolunda görməyi öyrəndilər. Bu vəziyyət Avropa-mərkəzçiliyindən imtina etməyi dəstəkləyə və Kantın dünya siyasəti ilə bağlı ümidini canlandıra bilər.

Tərcümə etdi: İbrahim Aziz

OXŞAR XƏBƏRLƏR