“Art Weekend” çərçivəsində daha bir sərgi – “Əcdadlar”

Oktyabrın 30-da İçərişəhərdəki “Q Gallery”də “Əcdadlar” sərgisi açılıb. Sərgi Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə paytaxtda keçirilən “Art Weekend”ə daxil edilən ekspozisiyalardandır.

Daha.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva sərgi ilə tanış olublar.

Burada Azərbaycan sənətinin müasir nümayəndələri – Faiq Əhməd, Rəşad Ələkbərov, Orxan Hüseynov və Fərid Rəsulov öz yaradıcılıqları vasitəsilə keçmişin izlərini bu günə gətirərək, ziyarətçilərə milli ruhun dərin qatlarını yenidən hiss etdirməyə çalışır.

Faiq Əhməd “Əcdadlar” sərgisində təqdim etdiyi əsərləri daha çox minimal formada işləyib. Sənətçinin yaratdığı insan portretləri zahirən sadə olsa da, tamaşaçını öz daxili hisslərini görməyə vadar edir.

Rəşad Ələkbərov sərgidə “Atalar sözləri” konsepti üzərində işləyir. O, xalqın dərin hikmətini əks etdirən sözləri vizual sənət vasitəsilə təqdim edir. Sənətçi əmindir ki, bəzi atalar sözləri yalnız müəyyən zaman üçün deyil, gələcək nəsillər üçün də aktual qalır, illər sonra belə mənasını itirməyəcək hikmətləri daşıyır.

Fərid Rəsulov müəllifi olduğu işlərdə əsas mövzu kimi qoyunları təsvir edir. Onun fikrincə, qoyunlar bir totem rəmzidir. Qoyun və quzu qədim zamanlardan bizim həyatımızın bir parçası olub və sərgidə əsas məqsədi məhz bu əlaqəni – əcdadlarımızdan günümüzə gələn həyat və simvolizmi göstərməkdir.

Orxan Hüseynov tamaşaçını gündəlik həyatda çoxlarının artıq diqqət yetirmədiyi detalların içindən tarixə aparır. Əsərlərində Vətən mənzərəsi, doğma diyar, torpaq, göl və insanların yaşadığı, öyrəşdiyi ərazilər canlanır. Coğrafiya və məkanlar bir zamanlar əcdadlarımızın yaşadığı, izlər qoyduğu yerlər kimi təqdim olunur, indi isə biz həmin yerlərdə yaşayır, onları yenidən kəşf edirik.

OXŞAR XƏBƏRLƏR