Daha.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.
“Yerli müəllifləri oxucuların gözündən naşirlər salıb”
Dostlarımız Qismət Rüstəmovla Şahbaz bəyin “qonorar davası”, əslində, ədəbiyyatımızın həllini tapmamış naşir-müəllif problemindən qaynaqlanır.
Naşirlər bəzən subyektiv, bəzən obyektiv səbəblərdən müəlliflərə qonorar verməkdə “qarnıağrımışlıq” edirlər. Yəni bu “ağrı” təkcə Qismət və Şahbaz bəyə aid məsələ deyil. Amma Şahbaz bəyin bu məsələni nəşriyyatlarla yazarların müqayisəsi həddində müzakirəyə çıxarması, yazarlara Mədəniyyət nazirliyi, yaxud hər hansı qurum tərəfindən göstərilən kiçik diqqəti də onlara çox görməsi bir az düşünülməmiş hərəkətdir.
Əvvala, Azərbaycanda oxucu və müəllif yetişdirən nəşriyyatlar, demək olar ki, yox səviyyəsindədir. Naşirlər müəllifləri bu gün sosial şəbəkələrdən ovlayırlar. Yəni müəllif nəşriyyatdan kənarda yetişir, naşirlər hazırına nazir olurlar. Hətta onların tərcümə etdiyi kitablar da öncə müəlliflərin müsahibələrdə, yazılarda adını çəkdiyi xarici müəlliflərdir.
Əminəm ki, bu il Beynəlxalq Kitab sərgisinin “Fəxri yazarı” seçilmiş Qismət Rüstəmovun cibində bu dəqiqə də hansısa yerli naşirin xahişi ilə tərcümə üçün hazırladığı xarici müəllliflərin adı yazılmış siyahı var.
Əgər bu gün ölkədə az-çox kitab bazarı varsa, o bazar naşirlərin yox, yazarların hesabına yaranıb.
Bazar yarada bilən naşir qonorar verməyə çətinlik çəkməz.
Bu gün heç bir nəşriyyatın nəşr etdiyi kitabı cəmiyyətə təqdim edəcək intellektual gücü yoxdur.
Bircə metod bilirlər, kitabını çap etdikləri yazarı orda-burda təqdimatlara, sərgilərə çağırıb öz kitabını özünə satdırmaq.
Yerli müəllifləri oxucuların gözündən naşirlər salıblar, öz işlərini onlara gördürərək.
Kitab satmaq müəllifin işi deyil, yerli müəlliflərimiz naşirlər işçilərinə maaş versinlər deyə sərgilərdə kitab satmaqla məşğuldurlar.
Ədəbiyyatı, yaxud mədəniyyəti heç bir ölkədə hansısa nəşriyyat xilas etmir, nəşriyyatın belə öhdəliyi və potensialı yoxdur.
Mədəniyyəti, ədəbiyyatı yaradan da müəllifdir, xilas edən də.
Nəşriyyat ancaq mədəniyyəti, ədəbiyyatı korlaya bilər, kütlə cibinə hesablanmış kitabların tərcüməsi və çapı ilə.
Necə ki bizdə korlayıb.